Dopinqə düşmüş idmançımız: "Medalı heç kimə verən deyiləm"

Dopinqə düşmüş idmançımız:   "Medalı heç kimə verən deyiləm"
00:27 18 Noyabr 2016
91 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan yunan-Roma güləşçisi Vitali Rəhimov 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında qazandığı gümüş medaldan məhrum edilib. Səbəb idmançımızın dopinq-testinin təkrar analizinin müsbət nəticə verməsi göstərilib. Onun orqanizmindən istifadəsi qadağan olunmuş dehidroxlormetiltestosteron (Turinabol) preparatı tapılıb.


Qaynarinfo.az bu məsələ ilə bağlı Vitali Rəhimovun özü ilə əlaqə saxlayıb.


Vergilər Nazirliyində kapitan olan Rəhimov buna inanmaq istəmədiyini bildirib: "Məlumatdan xəbərim var. Ancaq avqustda sizə verdiyim müsahibədə də demişdim ki, qanımda dopinq tapılsaydı, elə Pekində tapılardı. İndi isə dopinqin izləri tapılıb. Baş aça bilmirəm. 19 ildir ki, idmanla məşğul olmuşam. İlk dəfə görürəm ki, 8 ildən sonra məsələni qaldırıb aktuallaşdırırlar. Məni sabaha Milli Olimpiya Komitəsinə çağırıblar. Gedim, görək, nə deyəcəklər?"


Qaydalara görə, Vitali Rəhimov gümüş medalı qaytarmalıdır. Ancaq Rəhimov belə düşünmür: "Mən tək Olimpiadada medal qazanmamışam. 2 dəfə dünya 3-cülüyüm var. Eləcə də 1 dəfə Avropa çempionatının qalibi olmuşam və 1 dəfə də bürünc medal qazanmışam. Ancaq Olimpiadada qazanılan medalın öz yeri var. Onu öz əziyyətimlə qazanmışam. Bu medalı heç kimə verən deyiləm".


Qeyd edək ki, hələ avqustda Pekin-2008 və London-2012-də medal qazanmış Qazaxıstan, Azərbaycan və Ukrayna idmançılarının dopinqə düşməsi ilə bağlı ABŞ mətbuatında xəbər yayılmışdı. O zaman Azərbaycan Güləş Federasiyası rəsmi məlumat olmadığı üçün bu xəbəri təkzib etmişdi.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-dopinq-dumu-idmancmz-t54241.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR