16 yaşlı uşağın barda nə işi var?

16 yaşlı uşağın barda nə işi var?
07:52 18 Noyabr 2016
57 Ölkə
Ölkə mətbuatı
A- A+

"Gənclər siyasəti haqqında" qanuna dəyişikliklər ediləcək

Bu gün yeniyetmə və gənclərdə müasirləşmək adıyla yayılan mənəvi aşınma müşahidə olunur. Gənclər gecə barlarına, spirtli içkilərə, narkotik maddələrə meyl edirlər. Bununla bağlı 18 yaşına qədər olanlara qarşı müəyyən qadağaların olması zəruri hesab olunur.

Qeyd edək ki, Milli Məclisin Gənclər və idman komitəsinin ötən iclasında "Gənclər siyasəti haqqında" qanuna təklif edilən dəyişikliklər və əlavələr müzakirə olunub. Layihədə həmçinin 18 yaşı tamam olmayan gənclərin mənəvi-əxlaqi tərbiyəsinin təmin edilməsi, sağlam gəncliyin formalaşdırılması məqsədilə bir sıra qadağanedici müddəalar da nəzərdə tutulur.

Belə ki, Azərbaycanda 18 yaşı tamam olmayan gənclərə tütün məmulatlarının, spirtli içkilərin satışı və bu məhsullardan istifadə, eləcə də şans və mərc oyunlarında birbaşa və dolayı yolla iştirakı, himayəsində olduğu şəxslərdən ən azı birinin iştirakı olmadan saat 20:00-dan sonra bar, diskoteka və gecə klublarında iştirakı qadağan edilir.

Yetkinlik yaşına çatmayan gənclərin gecə klublarında iştirakının qadağan olunması ölkə ictimaiyyəti tərəfindən təqdir olunur.

Milli.Az xəbər verir ki, deputat Fazil Mustafanın "Ekspress"ə bildirdiyinə görə, 18 yaşı tamam olmayan gənclərə nəzərdə tutulan qadağaların tətbiq edilməsi müəyyən mənada profilaktika üçün lazımdır və müəyyən faydası olacaq. F.Mustafa hesab edir ki, bütövlükdə mövcud tendensiyanı Azərbaycanda dəyişmək üçün daha çox alternativlər üzərində düşünmək lazımdır. "Alternativ olmadığına görə, insanlar barları, gecə klublarını seçirlər. İnsanlar daha fərqli əyləncə yollarına baş vurmurlar. Məsələn, "KVN" ənənəsi tamamilə ortadan qalxıb. Bilimsəl müzakirələr, disputlar, gecələr keçirilmirsə, insan harasa meyl etməlidir, çünki sosiallaşmaya meyllidir. Öz mühitini harada tapırsa, ora gedir. Orda da qeyri-əxlaqi mühitə düşərək, həyatını tamam başqa istiqamətə aparır".

Həmsöhbətimiz qeyd edib ki, bu qadağalar profilaktika üçün nəzərdə tutula bilər, amma məsələnin kompleks həlli deyil. Dediyinə görə, kompleks həlli üçün yaxşı alternativlərin işlənib hazırlanması lazımdır. Xüsusən də, gənclərin peşə hazırlığı, bilik hazırlığı, müəyyən sosial qrupların yaradılması, orada müəyyən peşə və bilgilərə yiyələnməsi istiqamətində düşünmək lazımdır. "Bunlar olmasa, sadəcə məhdud kateqoriyada insanları müvəqqəti olaraq bu prosesdən dayandırnmaq olar. Amma hamıya təsir etməz. Ona görə də, mən bunu yetərli saymıram".

Deputat Musa Quliyev isə qanuna ediləcək dəyişikliyi zəruri sayır. Onun "azvision.az"a dediyinə görə, son vaxtlar yaş məhdudiyyəti nəzərə alınmadan gecə klublarına, barlara gedən gənclərin sayı çoxluq təşkil edir. "Belə yerlərdə hər tip insan olur. Narkotikdən istfadə edənlər, spirtli içki içənlər gənclərə pis örnək olur. Bundan əlavə, barlarda əxlaqsızlıq hökm sürür. Yetkinlik yaşına çatmayanları belə yerlərə buraxmaq olmaz. Təəssüflər olsun ki, yaxşı işdən çox pis vərdiş və nümunə daha tez yayılır. 16 yaşında pasport alan şəxs yetkindir, amma psixoloji və mənəvi cəhətdən 16-18 yaşında insan tam yetkin deyil. İnstitut oxumayıb, işləməyib, həyatı tanımır. Bu yaşda uşağın barda nə işi var? Adətən belə uşaqlar yad, pis vərdişlərin təsirlərinə tez düşürlər. İŞİD-ə gedənlər, vəhabiliyə qoşulanlar əsasən bu yaşda olanlardır".

Bundan başqa, gənclər arasında narkomanlıq, içki aludəçiliyi hallarının da geniş yayıldığını deyən Quliyevə görə, onlar özlərini böyük hesab edirlər, amma həyatın bərkinə-boşuna düşməyib, çətinliklər görməyiblər. "Ona görə də bu yaşda olan gənclərə qarşı qanunvericiliyin sərtləşdirilməsi vacib və əhəmiyyətlidir".

Deputat hesab edir ki, qadağalar təkcə 18 yaşına qədər deyil, 24-25 yaşına qədər qoyulmalıdır. "Amerikada 21 yaşına çatmayanlara tütün məmulatları və spritli içkilər satılmır. Bu qanun layihəsini dəstəkləyirəm və doğru hesab edirəm. Yeniyetmələrə siqaret və spirtli içki satılmasına qarşı qadağa qanunvericiliyimizdə əvvəllər olsa da, orada cərimə məbləği kiçik idi. Amma indi cərimələr sərtləşdirilir. İnzibati qaydada sərt cərimə tətbiq etmək lazımdır ki, bar və mağaza iki və üç dəfə qaydanı pozarsa, hətta onlara qarşı cinayət işi də açılsın. Düşünürəm ki, cərimələr həmin gənclərin valideynlərinə də tətbiq edilməlidir ki, övladlarına nəzarət etsinlər".

Psixoloq Vəfa Rəşidovanın qəzetimizə dediyinə görə, bu gün gəncləri gecə barlarından yığışdırmaq olmur: "İnsanı böyüdüb başa çatdırarkən, onu tərbiyələndirərkən daxili nizam-intizamını bir fərd olaraq qaydaya salmaq lazımdır. Uşaqların daxili nizam-intizamı yoxdursa, aqressiya ilə böyüyürlərsə, eyni zamanda evdə həddindən artıq stress, gərginlik yaşayırlarsa, çoxlu söz-söhbətlərlə rastlaşırlarsa, ata və ananın münaqişəsiylə üz-üzə dururlarsa, burada spirtli içkilərə də, gecə barlarına da meyllilik artacaq".

V.Rəşidova qeyd edib ki, yeniyetmələr spirtli içkilərdən istifadə edərkən və ya siqaret çəkərkən onlar buna "hər şeydən bezmişəm, hər şeydən uzaq durmaq istəyirəm, istirahət edirəm" kimi yanaşırlar. Müsahibimizin fikrincə, ailə münasibətində istilik olarsa, uşaq bir başqa yerdə istirahət axtarmayacaq. "Valideynlərlə övlad arasında ünsiyyət problemi olduqda, onlar valideynləriylə bölüşə bilmədiklərinə görə, başqa yerlərdə ünsiyyət axtarırlar. Onlar ünsiyyəti barda, küçədə də tapa bilərlər. Onlara elə gəlir ki, onları gecə barlarında yaxşı anlayacaqlar, nəinki evdə. Valideynlər övladları ilə sıx əlaqədə olmalı, düzgün ünsiyyət qurmalıdır, o zaman bu kimi problemlərin qarşısını almaq mümkün olacaq. Övlarımız bizim sabahımızdır, biz onları qoruyaraq sabahlarımızı qoruyuruq".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/490297.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR