Obama Merkellə vidalaşdı: siyasi eşq bitdi - FOTO

Obama Merkellə vidalaşdı: siyasi eşq bitdi - FOTO
10:42 18 Noyabr 2016
50 Dünya
Ölkə mətbuatı
A- A+

"Almaniyanın kansleri Angela Merkellə bir sıra məsələləri müzakirə etdik. Düşünürük ki, Minsk anlaşmalarında nəzərdə tutulan öhdəliklər tam yerinə yetirilməyincə Rusiyaya qarşı sanksiyalar qüvvədə qalmalıdır".

ABŞ prezidenti Barak Obama Berlində Almaniyanın kansleri Angela Merkellə görüşdən və danışıqlardan sonra belə deyib.

Milli.Az bildirir ki, Obama Merkeli böyük dostu və müttəfiqi adlandırıb.

Rəsmi danışıqlar başa çatandan sonra B.Obama ilə A.Merkelin birgə şam yeməyinə qonaqlar da dəvət olunmuşdular. Onlar alman tərəfdən Merkelin əri Yoahim Zauer, məşhur dirijor Daniel Barenboym, Berlindəki Yəhudi Muzeyinin təsisçi-direktoru Mixael Blümental, ABŞ yığmasının baş məşqçisi Yurgen Klinsmann, astronavtlar Tomas Rayter və Aleksandr Qerst, "Atlantika Körpüsü" təşkilatının rəhbəri Fridrix Mers, Nobel Mükafatı laueratı olan biokimyaçı Tomas Züdhof, kinorejissor Tom Tikver, habelə xarici siyasət və təhlükəsizlik məsələləri üzrə kanslerin müşaviri Kristof Hoysgen idi.

ABŞ tərəfdən isə şam yeməyinə B.Obamanın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Syuzan Rays və onun müavini Bencamin Rods, Berlindəki səfir Con Emerson və Ağ ev administrasiyasının Avropa məsələləri üzrə müşaviri Çarlz Kupçan idi.

Barak Obama Almaniyanı tərk edərək Peruya yollanıb. O, Limada Fransa, Britaniya, İspaniya və İtaliyanın liderləri ilə görüşəcək.

İlkin olaraq Obamanın Almaniyaya səfəri "diplomatik təşəkkür jesti" olmalıydı. Lakin Birləşmiş Ştatlarda keçirilmiş prezident seçkilərində Donald Trampın qələbəsi Obamanın planlarını alt-üst etmişdi.

Ağ evin qaradərili sahibi Avropa İttifaqı ilə münasibətlərdə indiyədək əldə olunmuş nəticələrin puç olmaması üçün variantlar arayır.

... Dünən Barak Obama ABŞ prezidenti təki Almaniyaya ikinci dəfə səfər etmişdi. Səfər nisgilli səciyyə daşıyırdı.

Obama ilk dəfə Almaniyaya 2008-ci ildə, Birləşmiş Ştatlarda keçirilmiş prezident seçkilərində qalib gələndən sonra, amma rəsmi olaraq dövlət başçısı səlahiyyətlərinin icrasına başlamamış yollanmışdı.

O vaxt Obamanı Almaniyada on minlərlə alman qarşılamışdı. Həmin zavallılar ümid edirdilər ki, qaradərili prezidentin Ağ evə gəlişindən sonra ABŞ-ın xarici siyasətində ciddi dəyişikliklər olacaq, dünyada yeni dönəm başlanacaq.

Amma bu dəfə Barak Obamanı qarşılamaq üçün almanlar küçələrə çıxmamışdılar.

Ağ evi tərk etməyə hazırlaşan Obama dünyanı dəyişə bilmədi və heç bunu istəmədi də.

İndi milyonlarla insan Donald Trampdan yeniliklər və dəiyişikliklər gözləyir: o da eynən səkkiz il əvvəl Obama təki Vaşinqtondakı siyasi isteblişmentin davranışında istalahatlar vəd edir.

Obama Berlində Merkellə birlikdə yekun nitqi, "son müraciət"i söylədilər.

Əslində, bu açıqlamalar bir qədər əvvəl Obama və Merkelin birgə imzaları ilə Almaniyadakı Wirtschaftswoche qəzetində dərc olunmuş məqalədə vurğulanmışdı.

Məqalədə deyilirdi ki, qloballaşma və transatlantik dəyərlər unudulmamalıdır.

Merkellə şam yeməyindən sonra Barak Obama nitqində Vaşinqton üçün ənənəvi olan, "azadlıq və demokratiyanın bütün dünyaya yayılmasının vacibliyi"ndən bəhs edən məqamları söyləməkdən özünü güclə saxladı.

"ABŞ-da yeni seçilmiş prezidentin kursumuza tam riayət edəcəyindən əmin deyiləm. Lakin ümid etmək istərdim ki, o, siyasətə "real siyasət" ruhunda adi yanaşmanı seçməyəcək, insanlara əzablar bəxş etməsinə, beynəlxalq normaları pozmasına və ya kiçik dövlətlərin hüquqlarını pozmasına rəğmən Rusiya ilə anlaşmalar imzalamayacaq. Donald Trampla söhbətimdən sonra məndə belə təəssürat yarandı ki, o da Moskva ilə siyasi yxaınlaşmanın siyasi təhlükəsini anlayır. Bundan başqa, Donald Tramp ABŞ və NATO arasındakı tərəfdaşlığı dəyişməz saxlamağı vəd etdi", - Barak Obama söylədi.

O, daha sonra Almaniyanı "son 8 ildə ABŞ-ın ən yaxın, ən etibarlı tərəfdaşı" adlandırıb.

... Dünən Bild qəzetinin məşhur kolumnisti Frans Yozef Vaqner ABŞ prezidentinin Almaniya səfərindən yazıb. O, Barak Obama ilə Angela Merkelin arasındakı münasibətləri "siyasi eşq" adlandırıb.

"Vidalaşmaq mənimçün həmişə çətindir. Sanki eşq kəpənək təki pəncərədən uçub gedir. Obamadan sonra ABŞ-da hakimiyyətə Tramp gəlir. Və mən pəncərəni bağlayıram", - Vaqner yazıb.

Orxan Hun

Milli.Az










Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/490532.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR