Mübariz Qurbanlı Bakı Ali Neft Məktəbində professor-müəllim heyəti və tələbələrlə görüşüb

Mübariz Qurbanlı Bakı Ali Neft Məktəbində professor-müəllim heyəti və tələbələrlə görüşüb
10:52 18 Noyabr 2016
31 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 18 noyabr. REPORT.AZ/ Bakı Ali Neft Məktəbində (BANM) “Beynəlxalq Tolerantlıq günü” ilə əlaqədar tədbirlər çərçivəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının BANM-in professor-müəllim heyəti və tələbələri ilə görüşü keçirilib.
Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən “Report”a verilən məlumata görə, tədbirdə Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Komitənin Bakı şəhəri üzrə şöbəsinin müdiri Anar Kazımov, o cümlədən komitənin digər əməkdaşları, “Fitnə” filminin ssenari müəllifi Nadir Bədəlov, BANM-in professor-müəllim heyəti və tələbələri iştirak ediblər.
Tədbirdən öncə dini radikalizmə qarşı mübarizədən bəhs edən “Fitnə” sənədli filmi nümayiş olunub.
BANM-in rektoru Elmar Qasımov gənclərin maarifləndirilməsi, milli-mənəvi dəyərlərimizin, ölkəmizdə mövcud tolerant mühitin qorunması və təbliği, dini radikalizm meyllərinin qarşısının alınması baxımından bu kimi ekran əsərlərinin mühüm əhəmiyyət daşıdığını bildirib: "Azərbaycan İslam ölkəsi olmaqla yanaşı, eyni zamanda dünyəvi dövlətdir. Azərbaycan dövlətini və cəmiyyətini dini radikalizmin təhlükəsindən qorumaq, gənclərin radikal dini cərəyanların təsiri altına düşməməsi üçün tez-tez maarifləndirici tədbirlərin keçirilməlidir. Ali Məktəbdə gənclərin təlim-tərbiyə, tələbələrin elmə və təhsilə yiyələnmələri üçün bütün işlərin görülür".
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edərək ölkədəki dini durum, dini icmaların fəaliyyəti, dövlət-din münasibətləri barədə danışıb. Komitə sədri Azərbaycan dövlətinin tolerantlıq siyasəti barədə danışaraq gəncləri radikal dini qrupların təsirindən qorumağın vacibliyini bildirib.
O, ölkədə dini radikalizmin yayılmasının qarşısının alınması üçün mühüm tədbirlər həyata keçirildiyini vurğulayıb. Mübariz Qurbanlı BANM-də tələbə-gənclərin bu istiqamətdə maarifləndirilməsini yüksək qiymətləndirib və bunun ölkənin təhlükəsizliyi naminə vacib olduğunu deyib.
Daha sonra sual-cavab və müzakirələr olub.
Tədbirin sonunda rektor Elmar Qasımov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlıya “Fəxri qonaq” diplomunu təqdim edib.
Qeyd edək ki, 2016-cı ildə Azərbaycanda istehsal olunmuş və dini radikalizmə qarşı mübarizədən bəhs edən “Fitnə” sənədli filmi maarifləndirici səciyyə daşıyaraq milli-mənəvi dəyərlərin qorunması, ölkədə tolerantlığın gücləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Ekrandan tanınmış din xadimləri, alimlər gənclərin radikal dini hərəkatların təsiri altına düşməməsi, onların məlumatlılığının təmin edilməsi üçün təhsilin əhəmiyyəti haqqında danışırlar.

Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/mubariz-qurbanli-baki-ali-neft-mektebinde-professor-muellim-heyeti-ve-telebelerle-gorusub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR