Mübariz Qurbanlı Bakı Ali Neft Məktəbində

Mübariz Qurbanlı Bakı Ali Neft Məktəbində
11:12 18 Noyabr 2016
32 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı Ali Neft Məktəbində (BANM) Beynəlxalq Tolerantlıq Günü ilə əlaqədar tədbirlər çərçivəsində Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının BANM-in professor-müəllim heyəti və tələbələri ilə görüşü keçirildi.

Milli.Az xəbər verir ki, tədbirdə Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Komitənin Bakı şəhəri üzrə şöbəsinin müdiri Anar Kazımov, o cümlədən komitənin digər əməkdaşları, "Fitnə" filminin ssenari müəllifi Nadir Bədəlov, BANM-in professor-müəllim heyəti və tələbələri iştirak edirdilər.

Tədbirdən öncə dini radikalizmə qarşı mübarizədən bəhs edən "Fitnə" sənədli filmi nümayiş olundu.

Tədbiri açan BANM-in rektoru Elmar Qasımov gənclərin maarifləndirilməsi, milli-mənəvi dəyərlərimizin, ölkəmizdə mövcud tolerant mühitin qorunması və təbliği, dini radikalizm meyllərinin qarşısının alınması baxımından bu kimi ekran əsərlərinin mühüm əhəmiyyət daşıdığını bildirdi. O, Azərbaycanın islam ölkəsi olmaqla yanaşı, eyni zamanda dünyəvi dövlət olduğunu dedi. Elmar Qasımov Azərbaycan dövlətini və cəmiyyətini dini radikalizmin təhlükəsindən qorumaq, gənclərin radikal dini cərəyanların təsiri altına düşməməsi üçün tez-tez maarifləndirici tədbirlərin keçirilməsinin önəmini qeyd edərək Ali Məktəbdə gənclərin təlim-tərbiyə, tələbələrin elmə və təhsilə yiyələnmələri üçün bütün işlərin görüldüyünü vurğuladı.

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edərək ölkədəki dini durum, dini icmaların fəaliyyəti, dövlət-din münasibətləri barədə danışdı. Komitə sədri Azərbaycan dövlətinin tolerantlıq siyasəti barədə danışaraq gəncləri radikal dini qrupların təsirindən qorumağın vacibliyini bildirdi. O, ölkədə dini radikalizmin yayılmasının qarşısının alınması üçün mühüm tədbirlər həyata keçirildiyini vurğuladı. Mübariz Qurbanlı BANM-də tələbə-gənclərin bu istiqamətdə maarifləndirilməsini yüksək qiymətləndirdi və bunun ölkənin təhlükəsizliyi naminə vacib olduğunu dedi.

Daha sonra sual-cavab və müzakirələr oldu.

Tədbirin sonunda rektor Elmar Qasımov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlıya "Fəxri qonaq" diplomunu təqdim etdi.

Qeyd edək ki, 2016-cı ildə Azərbaycanda istehsal olunmuş və dini radikalizmə qarşı mübarizədən bəhs edən "Fitnə" sənədli filmi maarifləndirici səciyyə daşıyaraq milli-mənəvi dəyərlərin qorunması, ölkədə tolerantlığın gücləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Ekrandan tanınmış din xadimləri, alimlər gənclərin radikal dini hərəkatların təsiri altına düşməməsi, onların məlumatlılığının təmin edilməsi üçün təhsilin əhəmiyyəti haqqında danışırlar.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/490573.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR