Milli Olimpiya Komitəsi Azərbaycan güləşçisinin olimpiada medalından məhrum edilməsinə münasibət bildirib

Milli Olimpiya Komitəsi Azərbaycan güləşçisinin olimpiada medalından məhrum edilməsinə münasibət bildirib
11:17 18 Noyabr 2016
44 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 18 noyabr. REPORT.AZ/ Azərbaycan yunan-Roma güləşçisi Vitali Rəhimovun 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında qazandığı gümüş medaldan məhrum edilməsi ilə bağlı məsələyə Milli Olimpiya Komitəsindən (MOK) münasibət bildirilib.
MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə "Report"a açıqlamasında Azərbaycan Güləş Federasiyasına rəsmi məktubla müraciət edəcəklərini söyləyib: "Federasiya idmançının dopinq-testdən keçə bilməməsinin izahatını verəcək. Bundan sonra biz qərar qəbul edəcəyik. Düzdür, Beynəlxalq Olimpiya Komitəsinin qərarı dərhal qüvvəyə minib. Amma biz federasiyanın da rəyini öyrənməliyik. Eyni zamanda Vitali Rəhimovun özü bu gün MOK-da müvafiq əməkdaşlarımızla görüşərək fikirlərini bildirəcək. Yəni, hazırda proses gedir. Nəticəsi müəyyənləşəndən sonra ictimaiyyətə geniş açıqlama veriləcək".
Qeyd edək ki, Vitali Rəhimov 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında 60 kq çəki dərəcəsində çıxış edib. Onun dopinq-testinin təkrar analizi nəticəsində orqanizmindən istifadəsi qadağan olunmuş dehidroxlormetiltestosteron (Turinabol) preparatı aşkarlanıb. Artıq karyerasını başa vurmuş güləşçi, İOC-un qərarına əsasən, gümüş medal və diplomunu geri qaytarmalıdır. Medalın kimə veriləcəyini isə Dünya Güləş Birliyi müəyyənləşdirəcək.  

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/milli-olimpiya-komitesi-azerbaycan-gulescisinin-pekin-2008-in-medal

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR