Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Prezident İlham Əliyev: "Avropaya "Cənub Qaz Dəhlizi" lazımdır, çünki qitənin əlavə qaz mənbəyinə ehtiyacı var"

Prezident İlham Əliyev: "Avropaya "Cənub Qaz Dəhlizi" lazımdır, çünki qitənin əlavə qaz mənbəyinə ehtiyacı var"

Date: 18 November 2016 11:52

Avropaya "Cənub Qaz Dəhlizi" lazımdır, çünki qitənin əlavə qaz mənbəyinə ehtiyacı var.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu noyabrın 17-də Dünya Xəbər Agentliklərinin V Konqresinin iştirakçılarının bir qrupunu qəbul edən Azərbaycan Prezidenti İlham Əliyev deyib.

Dövlətimizin başçısı qeyd edib: "Avropa Komissiyasının vitse-prezidentləri, ABŞ Prezidentinin xüsusi nümayəndəsi, habelə "Cənub Qaz Dəhlizi" layihəsinə üzv olan ölkələr tərəfindən imzalanmış bəyannamələr açıq-aydın göstərir ki, bu layihə Azərbaycanın rəhbərliyi altında həyata keçirilir. Bu layihə bizə təbii qazımızı ən böyük bazar olan Avropaya ixrac etmək üçün lazımdır. Avropaya isə bu layihə ona görə lazımdır ki, Avropanın əlavə qaz mənbəyinə ehtiyacı var. Çünki Avropanın inkişafına əlavə enerji ehtiyatları lazımdır və Avropaya enerjini təchiz edən mövcud ehtiyatların bəziləri artıq tükənməkdədir. Onlara yeni ehtiyat lazımdır. Burada, Xəzər regionunda, Azərbaycanda təsdiqlənmiş yeni qaz ehtiyatlarının həcmi 2,6 trilyon kubmetrdir. Beləliklə, bu, Avropa istehlakçılarını on illərlə qazla təmin etməyə kifayət edəcək".

İlham Əliyev bildirib: "Biz bu layihəni heç vaxt regionda icra olunan hər hansı bir digər qaz layihəsinə alternativ və ya rəqib kimi saymamışıq. Bizim layihəmiz yalnız artıq mənim qeyd etdiyim hədəfə doğru yönəlib: istehsal etmək, təchiz etmək, istehlakçıların ehtiyaclarını ödəmək, tranzit ölkələrini sevindirmək və həm də ölkəmiz üçün qazanc əldə etmək. Beləliklə, layihənin icrası cədvəl üzrə gedir. Avropada bəzi ekoloji narahatlıqlarla bağlı gecikmələr var idi. Lakin məndə olan məlumata görə, artıq bu məsələlər öz həllini tapıb. 2018-ci ildə TANAP layihəsi vaxtında istismara veriləcək. Ümid edirik ki, 2020-ci ilə qədər "Cənub Qaz Dəhlizi" layihəsinin digər hissələri də icra olunacaq. Lakin yenə də qeyd etmək istəyirəm ki, biz layihənin iştirakçısı olan 7 ölkə - Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya, İtaliya və son mərhələdə layihəyə qoşulmaq arzusunu ifadə etmiş iki Balkan ölkəsi - Xorvatiya və Monteneqro arasında bu beynəlxalq əməkdaşlığı çox sıx şəkildə davam etdirməliyik".

Milli.Az


Tags:  Prezident İlham Əliyev Avropaya Cənub Qaz Dəhlizi lazımdır qitənin əlavə qaz mənbəyinə ehtiyacı var

RƏYLƏR


Top news