“Azərbaycan həmişə Rusiya üçün mühüm tərəfdaş olub" – Leonid Slutski

“Azərbaycan həmişə Rusiya üçün mühüm tərəfdaş olub" – Leonid Slutski
12:04 18 Noyabr 2016
49 Digər
Ölkə mətbuatı
A- A+

 

 

Prezident İlham Əliyev noyabrın 18-də Rusiya Federasiyası Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin sədri Leonid Slutskini qəbul edib.

 

Lent.az-ın AzərTac-a istinadən məlumatına görə, dövlət başçısı Leonid Slutskini Rusiya Federasiyası Dövlət Dumasının deputatı və beynəlxalq məsələlər komitəsinin sədri seçilməsi münasibətilə təbrik edib və Dövlət Dumasının mühüm komitələrindən birinə rəhbər təyin olunmasını ona göstərilən böyük etimad kimi dəyərləndirib.

 

Leonid Slutskinin Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin sədri kimi əvvəllər Azərbaycanda dəfələrlə olduğunu vurğulayan Prezident İlham Əliyev onun həmin vəzifədə fəaliyyətinin MDB məkanında parlamentlərarası əməkdaşlığın fəal inkişafı işinə xidmət etdiyini bildirib və əminliklə ifadə edib ki, indiki vəzifəsində də Leonid Slutski öz işinin öhdəsindən layiqincə gələcək və Azərbaycan ilə Rusiya arasında strateji tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsinə bundan sonra da töhfəsini verəcək. Prezident İlham Əliyev Leonid Slutskiyə gələcək fəaliyyətində uğurlar arzulayıb.

 

Azərbaycanın bütün istiqamətlər üzrə Rusiya Federasiyası üçün həmişə mühüm strateji tərəfdaş olduğunu deyən Leonid Slutski bildirib ki, həmişə belə olacaq: “Dövlət Dumasının beynəlxalq məsələlər üzrə komitəsinin sədri qismində ilk xarici səfərimi Azərbaycana etməyim mənim üçün böyük önəm daşıyır. Bu strateji tərəfdaşlıq ildən-ilə möhkəmlənir. Sizin müdrik rəhbərliyiniz ilə ölkəniz son illər MDB məkanından daha geniş miqyasda ən çox inkişaf edən iqtisadiyyatlardan birinə çevrilib”.

 

L. Slutski bildirib ki, ölkəsi Azərbaycanın Rusiya ilə strateji, konstruktiv və effektiv tərəfdaşlıq əlaqələrinin inkişaf etdirilməsinə yönələn xarici siyasət kursunu yüksək qiymətləndirir. Heç bir xarici və daxili opponent ildən-ilə möhkəmlənən münasibətlərə xələl gətirə bilməz.

 

Görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin, o cümlədən parlamentlərarası əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olunub.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/259852

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR