Komitə sədri: "Uşaq problemlərinin həllinə ictimaiyyətin cəlbi əsas vəzifədir"

Komitə sədri: "Uşaq problemlərinin həllinə ictimaiyyətin cəlbi əsas vəzifədir"
12:12 18 Noyabr 2016
57 Ölkə
Ölkə mətbuatı
A- A+

"Uşaq problemləri sahəsində məsələlərin həllinə ictimaiyyətin, o cümlədən qeyri-hökumət təşkilatlarının, özəl sektorun nümayəndələrinin, habelə beynəlxalq təşkilatların cəlb edilməsi əsas vəzifələrdəndir".

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bu gün "Uşaq hüquqları: bərabər hüquq və imkanlarımız" mövzusunda keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, komitənin, BMT-nin Uşaq Fondunun dəstəyi ilə keçirilən Uşaq Forumları, məişət zorakılığının, erkən nikahların və təhsildən yayınma hallarının qarşısının alınması və digər layihələr milli qanunvericiliyin güclənməsində və maarifləndirici işlərin reallaşmasında əhəmiyyətə malikdir.

Komitə sədri deyib ki, erkən yaşda ailələrin qurulması, uşaqların təhsildən yayınması, əməyə cəlb olunması, onlara qarşı zorakılıq edilməsi uşaq hüquqlarının pozulması hallarıdır. Azərbaycanda uşaq məsələlərinə dövlət tərəfindən həmişə diqqət yetirildiyini söyləyən H.Hüseynova deyib ki, hazırda ölkədə iki milyon altı yüz minə yaxın uşaq var:

"Bu uşaqların sağlamlığının möhkəmləndirilməsi, onların müasir tələblər səviyyəsində təhsil alması, sağlam ailə mühitində yaşaması üçün mühüm sosial layihələr həyata keçirilir. Eyni zamanda, məktəbəqədər yaşlı uşaqların intellektual, fiziki və psixoloji inkişafı, onların yaradıcılıq mühitində böyüməsi və idmanla məşğul olması üçün zəruri şəraitin yaradılması vacib məsələlərdəndir. Xüsusi qayğıya ehtiyacı olan uşaqlara, habelə aztəminatlı, çoxuşaqlı, qaçqın və məcburi köçkün ailələrindən olan uşaqlara dövlət qayğısının göstərilməsi də önəm daşıyır".

H.Hüseynova əlavə edib ki, Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra qoşulduğu ilk mühüm sənədlərdən biri BMT-nin "Uşaq hüquqları haqqında" Konvensiyası və bu Konvensiyanın 2 Əlavə Fakültativ Protokolları olub. Onun sözlərinə görə, Azərbaycan dövləti BMT-nin müvafiq komitəsinə 3 dövri hesabat təqdim edib:

"Çox sevindirici haldır ki, ildən-ilə Azərbaycan hökuməti tərəfindən görülən işlər müsbət qiymətləndirilir. Hazırda növbəti hesabata hazırlıq işləri aparılır".

H.Hüseynova qeyd edib ki, uşaq siyasətinin reallaşmasında güclü qanunvericilik bazasının yaradılması çox vacibdir. Keçən dövr ərzində uşaq hüquqları sahəsində qanunvericilik bazası daha da təkmiləşdirilib.

Komitə sədri əlavə edib ki, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası və 2016-2030-cu illər üçün Dayanıqlı İnkişaf Məqsədlərini əsas götürərək, uşaq hüquqlarının müdafiəsi sahəsində gələcək hədəf istiqamətlər üzrə mühüm sənədlər hazırlanır:

"Artıq Uşaq Strategiyası yekunlaşdırılib, adiyyatı qurumlara göndərilib. Uşaq Məcəlləsi ilə bağlı müəyyən iş aparılır".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/490608.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR