Keçmiş həmsədr: "Qarabağ münaqişəsinin həll prosesinin necə inkişaf edəcəyini Allah da bilmir"

Keçmiş həmsədr: "Qarabağ münaqişəsinin həll prosesinin necə inkişaf edəcəyini Allah da bilmir"
13:12 18 Noyabr 2016
75 Ölkə
Ölkə mətbuatı
A- A+

"Dağlıq Qarabağ münaqişəsinin həll prosesinin necə inkişaf edəcəyini Allah da bilmir, mən necə bilə bilərəm?"

Milli.Az APA-ya istinadən bildirir ki, bunu ATƏT-in Minsk qrupunun keçmiş həmsədri, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza deyib.

O qeyd edib ki, ABŞ-ın yeni prezidenti Donald Tramp sülh haqqında fikirləşsə, Dağlıq Qarabağ münaqişəsi həlli istiqamətində irəliləyişə nail olmaq olar: "Lakin biz bilmirik, yeni prezidentin başında nə var və o nə düşünür".
 
"Prezidentlər və xarici işlər nazirləri görüşmədikləri halda münaqişə dinc yolla həll oluna bilməz", - deyə M. Brayza qeyd edib.
 
Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.
 
1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.
 
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏM (1994-cü ilin dekabrında keçirilmiş Budapeşt sammitindən sonra ATƏT) Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.
 
1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.
 
Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/490644.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR