"Şahdəniz-2" üzrə işlər 83% tamamlanıb

"Şahdəniz-2" üzrə işlər 83% tamamlanıb
13:47 18 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 18 noyabr. REPORT.AZ/ Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" strukturunun işlənməsi layihəsinin II mərhələsi üzrə tikinti işləri 2016-cı il yanvar-sentyabr aylarında uğurla davam edib. 
"Report" xəbər verir ki, bu barədə "BP-Azerbaijan" şirkətinin məlumatında qeyd olunub: "Hazırda layihə üzrə işlər - mühəndis işləri, təchizat və tikinti işləri də daxil olmaqla - ümumilikdə 83%-dən çox tamamlanıb və bu layihədən ilk qazın 2018-ci ildə əldə edilməsi planına uyğundur".
Ölkədəki bütün tikinti-quraşdırma və istehsalat sahələrində - həm dənizdə, həm də quruda, o cümlədən Səngəçal Terminalı, Bakı yaxınlığındakı ATA (AMEK/Tekfen/Azfen) sahəsi, Bakı Dərin Özüllər Zavodu və boru kəməri marşrutu boyunca irimiqyaslı işlər davam edir.
Sentyabr ayında "Şahdəniz Mərhələ 2" üçün tikilən iki platformadan birinin dayaq bloku Bakı Dərin Özüllər Zavodundan dənizdə quraşdırılmaq üçün yola salınıb. Bu münasibətlə keçirilən mərasimdə Prezident İlham Əliyev iştirak edib. Hasilat və Dikborular (HDB) platformasının dayaq blokunun daşınması, suya endirilməsi və yerləşdirilməsi işləri artıq təhlükəsiz şəkildə başa çatdırılmışdır, payaların üzərinə quraşdırılması işləri isə davam edir.
Qeyd olunub ki, "İsrafil Hüseynov" boru düzən gəmisi "Şahdəniz"in şimal və qərb cinahlarındakı dörd sualtı axın xəttinin hamısının inşasını başa çatdırıb və hazırda qalan 32 düymlük qaz ixrac xətlərinin inşasını həyata keçirir. Bu işlər 2017-ci ilin birinci rübünədək davam edəcək.
“Xankəndi” sualtı tikinti gəmisinin istismara verilməsi üçün hazırlıq işləri irəliləyir. Sentyabrda gəminin əsas mühərrikləri işə salındı. Bu yeni gəmi tam hazır olduqda "Şahdəniz-2" sahəsinə aparılaraq sualtı qurğuların tikintisini icra edəcək.
Bu ilin III rübündə Azərbaycanda 24 000-dən çox insan bütün əsas müqavilələr üzrə tikinti işlərinə cəlb olunub ki, onların da 80%-dən çoxu Azərbaycan vətəndaşları olub.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/sahdeniz-2-uzre-isler-83-tamamlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR