Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Fərid Mansurov: "Stadionların klublara uzunmüddətli istifadəyə verilməsi məsələsinə baxacağıq"

Fərid Mansurov: "Stadionların klublara uzunmüddətli istifadəyə verilməsi məsələsinə baxacağıq"

Date: 18 November 2016 17:02

Bakı. 17 noyabr. REPORT.AZ/ Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurovun "Report"a müsahibəsi
- İdmançı fəaliyyəti ilə müqayisədə idarəetmədə sahəsində təcrübəniz az idi. Azərbaycan Güləş Federasiyasında vitse-prezident postunda çalışmağınız hazırkı işinizə nə dərəcədə kömək etdi?

- Bu iş mənə həm rahatdır, həm də maraqlı. Rahatdır ona görə ki, idmançı kimi yarışlara getmiş, bir çox tədbirlərin iştirakçısı olmuşam. Belə deyək, praktiki cəhətdən görmüşəm. Peşəkar idmanla vidalaşandan sonra yığmanın baş məşqçisi və Azərbaycan Güləş Federasiyasında gənclər üzrə vitse-prezident vəzifələrində çalışdım. Uşaqları yarışlara hazırlaşdıranda yazı-pozu işləri çox olurdu. Bu işlərlə özüm məşğul olurdum. Yəni, az da olsa, bu mərhələləri görmüşəm. Bu da idman sahəsədir. Bundan əvvəl Vergilər Nazirliyində işləyirdim. 
- İşə gedib-gəlirdiniz?
- Ara-sıra gedib-gəlirdim (gülür - red.)
- Məmur işini harada öyrəndiniz?
- Demək olar ki, burada öyrəndim. Əsas odur fikrimiz, niyyətimiz düzgündür. Qalan məsələlərdə də tək deyiləm, əməkdaşlar var. Müəyyən məsələlər var ki, nazir Azad Rəhimovdan soruşuram.
- Bütün federasiyalara eyni dərəcədə diqqət ayıra bilirsiniz, yoxsa daha çox baza idman növlərinin inkişafını prioritet sayırsınız?
- Nədənsə, hər kəs bütün işi nazirliyin görməli olduğunu fikirləşir. Nazirliklə paralel Milli Olimpiya Komitəsi də əl-ələ işləyir. Amma bir çox məsələlər federasiyaların öz öhdəsinə düşür. Biz də vaxt ayırıb onlarla görüşürük. Ancaq bəzi məsələlər var ki, onları nazirlik həll edir.
- Bu yaxınlarda Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə iş görülməyən federasiyaların rəhbərlərinin vəzifələrindən kənarlaşdırılacağını bildirib. Bu məsələyə sizin müdaxilə etmək imkanınız varmı ki, hansısa federasiyada iş düzgün getməsə, bununla bağlı məsələ qaldırasınız?
- Təbii ki, bizim baş verən proseslərə müdaxilə etmək səlahiyyətimiz var və bunu etməliyik. Hansısa federasiya idmançılarına diqqət və qayğı göstərmirsə, mövqeyimizi bildiririk. Amma bəzən elə hallar olur ki, federasiyadan yersiz şikayətlər edirlər. Biz də nazirlik olaraq bunları yoxlayıb, səhv və ya düzgün olduqlarını aydınlaşdırmalıyıq.
- Bəzən idman nailiyyətlərinin idmançıların özləri tərəfindən şişirdilməsi prosesi gedir. Məsələn, 3-4 ölkənin iştirak etdiyi yarışda uğur qazanıb, bunu dünya çempionluğu kimi qələmə verirlər. Yəqin, söhbətin hansı idmançıdan getdiyini bildiniz...
- 3-4 ölkə olsa, yaxşıdır (gülür - red.). Biz bunların hamısını araşdırırıq. Belə hallar, əsasən, qeyri-olimpiya növlərində baş verir. Olimpiya növləri ilə bütün dünyada məşğul olurlar. Amma elə növlər var ki, hərəsi bir təşkilatın üzvüdür. Məsələn, eyni növdür, amma beynəlxalq federasiyanın biri Avropada, digəri Amerikada açılıb. Güləş, cüdo kimi vahid dünya təşkilatı deyillər. Bu məsələlərlə bağlı araşdırmalar aparılır.
- Son illər Azərbaycanda çoxlu beynəlxalq yarış keçirilir. Amma onların nə dərəcədə rentabelli olması müzakirə mövzusudur. Məsələn, futbolda bilirsən ki, azarkeş gəlir, bilet satılır. Amma elə idman növləri var ki, ona ümumiyyətlə maraq yoxdur...
- Məsələ təkcə rentabellikdə deyil. Azərbaycanda keçirilən yarışların səviyyəsi, təşkilatçılıq çox yüksək olur. Buraya gələn ölkələrin nümayəndə heyətləri də öz vətənlərinə qayıtdıqda ağızdolusu danışırlar. Bu da Azərbaycanın inkişaf etmiş, idman ölkəsi kimi dünyaya tanıdılması deməkdir. O ki, qaldı yarışa, nəticə olmasa belə hər hansı yarışın ölkəmizdə keçirilməsi müsbət haldır. Çünki idmana axın, kütləvilik artır. Hər kəs əsas idman növlərin bilir. Amma məsələn, elə insanlar ola bilər ki, taekvondodan məlumatsız olsun. Halbuki 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında taekvondodan 3 medalımız oldu. Ona görə müəyyən yarışlar var ki, onlar keçiriləndə həm axın olur, gəlib baxırlar, həm də qonaqlar ölkədəki inkişafı görür. Üstəlik, bu yarışları da hər ölkəyə vermirlər.
- Məsələn, taekvondo üzrə komandalararası dünya çempionatını keçirmək istəyən yox idi. Sonda bunu Azərbaycan Taekvondo Federasiyası öz üzərinə götürdü...
- O yarış, ümumiyyətlə, hər il keçirilir. Üstəlik neçə il idi ki, Meksikada təşkil olunurdu. Bu dəfə isə Bakıya saldılar. Taekvondo 2000-ci ildən olimpiadada proqramındadır. "Rio-2016"da yaxşı nəticələrimiz oldu. Çempionatın Bakıya salınmasında da düşünürəm ki, bu uğurların təsiri var. 
- Təklif etmək fikriniz yoxdurmu ki, belə yarışlar bölgələrdə də keçirilsin?
- Biz daxili yarışlarda bölgələrə daha çox üstünlük veririk. Amma ölkə çempionatları ilə yanaşı, bəzi beynəlxalq turnirlər də paytaxtdan kənarda təşkil olunur. Amma böyük turnirlər yalnız Olimpiya kompleksi ilə başa gələn iş deyil. Bu yaxınlarda Ümummilli lider Heydər Əliyevin xatirəsinə güləş üzrə "Qızıl Qran Pri" turnirinin final mərhələsi keçiriləcək. Orada 50-dən çox ölkənin 700-dən artıq idmançısı iştirak edəcək. Bunların məşqçiləri, nümayəndə heyətini də nəzərə alsaq, 1000-dən artıq adam edəcək. Bu qədər qonağı rayonlarda yerləşdirmək bir az çətin məsələdir.
- Yəni, regionlarda təşkilati işlər sarıdan problemlər var?
- Bəli. Hamısını Olimpiya Kompleksinə yerləşdirmək mümkün deyil. Amma Qəbələdə bunu etmək olar. Çünki orada komplekslə yanaşı, otellər də çoxdur. Qəbələdə bu yaxınlarda stend atıcılığı üzrə Qran Pri oldu. Gəncə böyük şəhərdir, orada da turnir keçirmək olar. İsmayıllı kimi rayonlarda isə otel azdır.
- Gəncədə "Kəpəz" klubu ev oyunlarını keçirdiyi stadionu təmir etdirə bilmir. Səbəb kimi stadionun Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin balansında olması göstərilir. Bir çox stadionda belə problemlər var. Mümkündürmü ki, stadionlar klublara uzunmüddətli icarəyə verilsin?
- Həmin variantları gözdən keçirəcəyik. Vacib məsələ odur ki, meydanlar baxımsız vəziyyətdə qalmasın. İdmançılar, futbolçular üçün şərait yaradılsın, ot örtüyü qaydasında olsun. Bu məsələyə baxacağıq.
- Bu ilin 9 ayı ərzində Azərbaycan idmançıları beynəlxalq yarışlarda 512 medal qazanıb. Halbuki ötən ilin yekununda medal sayı 823 olmuşdu. 2016-cı ilin sonunadək əvvəlki rekordu yeniləyə biləcəksiniz?
- Hələ ilin başa çatmasına var. Həm də olimpiada olanda müəyyən yarışlar, xüsusən, olimpiya növləri üzrə dünya çempionatları təxirə salınır. Bununla belə, fikrimcə, ötənilki rekordu yeniləyə biləcəyik.









Tags:  Fərid Mansurov Stadionların klublara uzunmüddətli istifadəyə verilməsi məsələsinə baxacağıq

RƏYLƏR


Top news