“Birinci xanımı təhqir edənlər də məsuliyyətə cəlb olunsun” - RƏYLƏR

“Birinci xanımı təhqir edənlər də məsuliyyətə cəlb olunsun” - RƏYLƏR
18:08 18 Noyabr 2016
168 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri, millət vəkili Əli Hüseynli Azərbaycanın Baş prokuroru Zakir Qaralov tərəfindən parlamentə göndərilən “Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” və “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihələrinin müzakirəsinə münasibət bildirib.

Komitə sədri Əli Hüseynli Publika.az-a deyib ki, sözügedən dəyişiklik layihələri Azərbaycanın bütün vətəndaşlarının şərəf və ləyaqətinin internet üzərində açılan saxta profillərdən və təhqirlərdən qorunması məqsədi daşıyır.

Onun sözlərinə görə, sözügedən məsələnin müxalifət mətbuatında yalnız ölkə prezidentinin şərəf və ləyaqətinin qorunması kimi təqdim olunması doğru deyil:

“Nədənsə müxalifət mətbuatı bu məsələni təkcə ölkə prezidentinin şərəf və ləyaqətinin qorunması kimi təqdim edir. Ancaq bu layihənin əsas məqsədi bütün vətəndaşların şərəf və ləyaqətini qorumaqdır. Yəni, bu layihə qəbul edildikdə hamıya şamil olunacaq.

Digər tərəfdən isə ölkə prezidentinin şərəf və ləyaqəti Konstitusiya ilə qorunur. Cinayət Məcəlləsində prezidentin şərəf və ləyaqətinin qorunması ilə bağlı xüsusi maddə də var. Onsuz da ölkə prezidentinin şərəf və ləyaqəti indiyədək qanunvericilikdə xüsusi maddə ilə qorunur. Eyni zamanda Azərbaycanın Respublikasının bütün vətəndaşları da qanunvericiliklə qorunur. Yəni, bu yenilik deyil”.

Ə.Hüseynli qeyd edib ki, komitə iclasında da millət vəkilləri bu məsələ ilə bağlı bir sıra təkliflər ediblər:

“Təbii ki, ölkə prezidenti kimi, Birinci xanıma da xüsusi yanaşma olmalıdır. Çünki onun da protokol xidməti var və s. İclasda çıxış edən millət vəkilləri də məhz məsələyə bu prizmadan yanaşıblar. Əgər qanunun müddəalarına baxsaq, görərik ki, qanun layihəsində hamıya şamil olunma nəzərdə tutulur. Yəni, bu qanun layihəsi tutduğu vəzifəsindən və siyasi mövqeyindən asılı olmayaraq, hər kəsi müdafiə edir. Burada əsas məqsəd bütün Azərbaycan vətəndaşlarının, o cümlədən jurnalistlərin şərəf və ləyaqətinin internet üzərində açılan saxta profillərdən və təhqirlərdən qorumaqdır”.

Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı Publika.az-a deyib ki, həmin maddə ölkə prezidenti ilə yanaşı, onun ailə üzvlərinə də ən yüksək səviyyədə şamil olunmalıdır:

“Çünki cənab prezident Azərbaycanın simvoludur. Bu baxımdan da Cinayət Məcəlləsinə ediləcək yeni dəyişiklik Azərbaycanın Birinci xanımına da şamil olunmalıdır”.

Deputat qeyd edib ki, son vaxtlar bir sıra saytlarda və sosial şəbəkələrdə həddini aşan şərhlərə yol verilir:

“Onlara verilən bu azadlıqdan sui-istifadə olunur. Bəziləri elə bilir ki, söz azadlığı deyəndə kimisə təhqir etmək mümkündür. Onlar söz azadlığını anarxiyaya çeviriblər. Həmin sosial şəbəkə istifadəçiləri və saytlar hesab edir ki, onlar istədikləri adam haqqında şər-böhtan xarakterli məlumatlar, fikirlər yaya bilərlər. Bu adamlar məmurlardan qurtarıb indi də ölkə başçısının ünvanın böhtan atmağa çalışır. Əvvəla cənab prezidentin siyasətinə qarşı çıxan adamların bunun üçün intellektual səviyyəsi və bilikləri olmalıdır. Azərbaycan hüquqi dövlətdir. Burada qanunlara hər kəs əməl etməlidir. Azərbaycanda sosial şəbəkələrdə insanların bir-birini təhqir etməsi hüququ heç kəsə verilmir. Bütün bunlara görə də mən millət vəkili olaraq həmin layihənin qəbul edilməsi üçün səs verəcəm”.

Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı isə bildirib ki, internet resurslarında həm vətəndaşların, həm də ölkə başçısının ünvanına təhqiramiz ifadələrə yol verilir:

“Saxta profillər vasitəsilə həm Azərbaycan vətəndaşları təhqirlərə məruz qalır, həm də ölkə prezidenti təhqiredici ifadələrin hədəfinə çevrilir. Bütün bunlar isə yolverilməzdir. Bu baxımdan da təqdim olunan qanun layihəsi Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsində ciddi müzakirə olunub və yekdilliklə plenar iclasa təqdim olunub. Tam əminəm ki, sözügedən layihə Milli Məclisin plenar iclasında da millət vəkillərinin səsini qazanaraq qəbul olunacaq”.

F.Ağamalı sözügedən qanun layihəsinin Birinci xanıma da şamil edilməsi ilə bağlı deputat həmkarı Qüdrət Həsənquliyevin təklifinə də münasibət bildirib:

“Bu məsələ ilə bağlı Qüdrət Həsənquliyevin təklifi də çox önəmlidir. Çünki ölkə prezidentinin ailəsi də bəzən bu cür təhdidlərə məruz qalır. Hesab edirəm ki, bu qanun layihəsi prezidentin ailə üzvlərinə də şamil olunmalıdır. Nəzərdə almaq lazımdır ki, prezidentin ailə üzvləri statuslarına görə digər vətəndaşlardan fərqlənir. İnternetdə ən çox təhdidlərə və təhqirlərə məruz qalanlar da məhz prezidentin ailə üzvləridir. Bu cür təhqiramiz addımlar isə Azərbaycanı istəməyən anti-milli qüvvələr və “5-ci kalon”un nümayəndələri tərəfindən atılır. Təbii ki, bütün bunlar yolverilməzdir. Bunun qarşısı mütləq qanunla alınmalıdır”.

Xatırladaq ki, noyabrın 16-da Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin növbəti iclası keçirilib.

İclasda Baş prokuror Zakir Qaralovun Cinayət Məcəlləsinə yeni bir maddənin – 148-1 maddəsinin əlavə olunması təklifi müzakirə edilib. Müddəaya əsasən, internet informasiya resurlarında saxta istifadəçi adları, profillər və ya hesablardan istifadə edərək böhtan atma və təhqir etmə hallarına görə 1000 manatdan 1500 manatadək cərimə, 360 saatdan 480 saatadək və ya 2 ilədək islah işləri və ya 1 illik müddətə azadlıqdan məhrum etmə nəzərdə tutulur.

Təklif edilən yeni maddədən irəli gələrək Cinayət Məcəlləsinin 323-cü (Azərbaycan dövləti başçısının - Azərbaycan Respublikası Prezidentinin şərəf və ləyaqətini kütləvi çıxışda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində ləkələmə və ya alçaltma) maddəsinə əlavələrin edilməsi müzakirəyə çıxarılıb.

İclasda Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, Milli Məclisin deputatı Qüdrət Həsənquliyev yeni təkliflə çıxış edib.

O bildirib ki, Cinayət Məcəlləsində nəzərdə tutulan dəyişikliyə ölkənin Birinci xanımının da adı əlavə olunmalıdır:

“İnternet məkanında – sosial şəbəkələrdə bəzən dövlət başçısı ilə yanaşı, onun xanımına qarşı da xoşagəlməz fikirlər səsləndirilir. Dövlət başçısının xanımını, ailə üzvlərini təhqir etmək, birbaşa onun özünü təhqir etmək deməkdir. Buna görə təklif edirəm ki, Birinci xanımın da şərəf və lәyaqәtini ləkələmə və ya alçaltma cəhdi də qanunvericilikdə cinayət məsuliyyəti kimi əks olunsun”.

Q.Həsənquliyev qeyd edib ki, dünya təcrübəsində Birinci xanım statusu həmişə qanunla qorunub:

“Birinci xanım həm də ölkənin ictimai-siyasi həyatında fəal iştirak edir. Misal üçün, ABŞ-ın yeni seçilən prezidenti Donald Trampın xanımı, yaxud hazırkı prezident Barak Obamanın xanımı ictimai-siyasi həyatda aktiv fəaliyyət göstərirlər. Hətta Amerika ictimaiyətində son günlər belə fikirlər səsləndirilir ki, Mişel Obama növbəti prezident seçkilərində namizəd kimi iştirak etməlidir. Azərbaycanda da Birinci xanım statusu böyük önəm daşıyır. Birinci xanım ölkənin ictimai-siyasi həyatında yaxından iştirak edir, həmçinin, bir çox sosial layihələrin təşəbbüskarı və icraçısıdır. Böyük nüfuza malikdir. Fikrimcə, birinci xanımın təhqir olunması, şərəf və ləyaqətinin alçaldılmasına görə da cinayət məsuliyyəti sözügedən məcəllədə nəzərdə tutulmalıdır”.

BAXCP sədri bu müddəanın həmçinin, eks-prezidentlərə də şamil olunmasını təklif edib.

Layihəyə əsasən, bu maddədə “və ya kütləvi informasiya vasitəsində” sözləri “kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında” sözləri ilə əvəz edilir. Layihədə belə hallara görə 500 manatdan 1000 manatadək cərimə, 2 ilədək islah işləri və ya eyni müddətə azadlıqdan məhrumetmə nəzərdə tutulur.

Qanuna 323.1-1 maddəsinin əlavə olunması da təklif edilir:

“323.1-ci maddədə nəzərdə tutulmuş əməllər internet informasiya ehtiyatında saxta istifadəçi adları, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə törədildikdə, 1000 manatdan 1500 manata qədər cərimə və ya 3 ildən 5 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/176480.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR