"Medalı təhvil verməyəcəyik" - Vitalinin məşqçisi

"Medalı təhvil verməyəcəyik" - Vitalinin məşqçisi
18:27 18 Noyabr 2016
67 İdman
Ölkə mətbuatı
A- A+

2008-ci il Pekin Yay Olimpiya Oyunlarında yunan-Roma güləşi üzrə yığma komandanın baş məşqçisi olmuş, hazırda Azərbaycan Güləş Federasiyasının (AGF) vitse-prezidenti Elçin Cəfərov dopinq qalmaqalı ilə bağlı danışıb.

Milli.Az bildirir ki, E.Cəfərov azvision.az-a deyib ki, həmin vaxt Vitali Rəhimovu məşqlərə hazırlayıb, onun hər hansı preparat qəbul etdiyini görməyib və özü də verməyib.

"Ona dərmandan istifadəyə də icazə verməmişəm. Bu məsələlərlə komandanın həkimi məşğul olub. Mənim işim zalda hazırlıq olub və məşqimi keçmişəm. Ümumiyyətlə, prosesin 10 ilə yaxın müddətdən sonra üzə çıxması çox maraqlıdır. Vitali olimpiya oyunlarına gedəndə lisenziya alıb, turnir keçib. Həmişə yoxlayıblar. Olimpiya oyunlarının finalından sonra idmançıların hamısı dopinq testdən keçir. Vitalinin özünün dediyinə görə, olimpiya oyunlarından qabaq İstanbulda bel yırtığına görə əməliyyat olunub. Bəlkə orada nəsə olub. Bunların hamısı həkim və Vitali ilə araşdırılır. Bu yaxınlarda hamısına aydınlıq gələr".

E.Cəfərov medalın arxasında durulacağına və elə-belə təhvil verilməyəciyini vurğulayıb.

"Bu, təkcə Vitalidən medalın alınıb-alınmayacağı məsələsi deyil. Federasiyada qərara gəlinəcək. Ümumiyyətlə, hər bir idmançı üçün bu ola bilər. Bunun axırı olmalıdır. Hamı çalışacaq ki, medalları müdafiə etsin. Medallar elə-belə qazanılırmı ki, istənilən vaxt geri qaytarasan. Bu müstəvidə həkimlərin federasiyanın qərarı olsa, qərar uğurunda mübarizə aparılacaq".

Qeyd edək ki, Azərbaycan yunan-Roma güləşçisi Vitali Rəhimov 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında qazandığı gümüş medaldan məhrum edilib. Bu barədə Beynəlxalq Olimpiya Komitəsi (İOC) qərar verib. Səbəb kimi 60 kq çəki dərəcəsində çıxış etmiş Rəhimovun dopinq-testinin təkrar analizinin müsbət nəticə verməsi göstərilib. 

Artıq karyerasını başa vurmuş güləşçi, İOC-un qərarına əsasən, gümüş medal və diplomunu geri qaytarmalıdır. Medalın kimə veriləcəyini isə Dünya Güləş Birliyi müəyyənləşdirəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/490895.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR