I divizionda kütləvi dava: jurnalistə hücum çəkdilər - VİDEO

I divizionda kütləvi dava: jurnalistə hücum çəkdilər -   VİDEO
18:37 18 Noyabr 2016
47 İdman
Ölkə mətbuatı
A- A+


I divizionun 12-ci turu çərçivəsində keçirilən “Bakılı” – “Energetik” oyununda aləm bir-birinə dəyib. Futbolinfo.az xəbər verir ki, hər şey meydan sahiblərinin 7 nömrəli futbolçusu Vurğun Həsənzadə ilə sonuncu dəfə 7-ci turda meydana çıxmış mingəçevirli Vahid Rostami ilə qarşıdurmadan başlayıb.


Tərəflərin söz savaşı daha sonra bir-birlərini itələmək, ardınca isə “Bakılı”nın futbolçusunun rəqibinin başına yüngül şillə vurması ilə davam edib. Bunu görən qonaqların futbolçuları komanda yoldaşlarının müdafiəsinə qalxıblar. 


“Qonşudan qalma geri” məsəlini dərhal yada salan “Bakılı qədeşlər” də “futbol oynamağı bacarmırıq, heç olmasa, qol gücümüzü göstərək” deyərək, kütləvi davaya girişiblər. Hakimlər briqadası, habelə hər iki tərəfin məşqçilər heyəti məsələyə müdaxilə etdikdən sonra aranı sakitləşdirmək mümkün olub.


Ancaq telekanallarımız deyəsən Braziliya seriallarıyla divizion klublarının başlarını çevirib. Matç başa çatdıqdan sonra “Energetik”in vitse-kapitanı Ruslan Həmidov meydan sahiblərinin paltardəyişmə otağına hücum çəkib. Deyilənə görə, onu buna vadar edən paytaxt komandasının oyunçularından birinin ağır söyüş işlətməsi olub.


Həmin an “Bakılı”nın əməkdaşı Elşən Acalov polislərə müraciət edərək, “bıçaq götürdü” deyib. O, daha ağır münaqişənin qarşısını almağı xahiş edib. Polis əməkdaşlarının hücumçəkənin əlində bıçaq görüb-görmdəiklərini dəqiqləşdirə bilməsək də, bıçaq işə düşməyib.


Hadisəni videolentə almaq istəyən “Futbol+” qəzetinin əməkdaşı Şəfi Şəfiyevə isə maddi və mənəvi ziyan dəyib. Mingəçevir klubunun futbolçularından biri Şəfiyevi itələyərək, telefonunu əlindən alıb, yerə çırpıb. Bundan sonra adını dəqiqləşdirə bilmədiyimiz, lakin şəklini çəkdiyimiz oyunçunu paltardəyişmə otağına salmaq mümkün olub.


Deyə bilmərik, hər iki komandanın futbolçularını bu cür aqressiv hərəkətə vadar edən nədi. Əslində nə “Bakılı”, nə də “Energetik”in Premyer Liqaya çıxmaq iddiası var. Kim bilir, bəlkə AFFA-nın danışılmış oyunlarla ciddi mübarizə aparacağını bəyan etməsi bu cür hərəkətlərə rəvac verib. Bütün hallarda, şillə, təpik, söyüş, matçdan sonra paltardəyişmə otağına hücum, jurnalistin vəzifə borcunu yerinə yetirərkən ona qarşı zorakılıq – bütün bunlar divizona buraxılan klubların heç həvəskar liqaya da layiq olmadıqlarını göstərir.


İndi PFL böyük həcmdə cərimələr kəsəcək. Əcəba, futbolçuları 100 manata oynayan “Energetik” rəhbərliyi həmin cəriməni ödəyəcəkmi? Əlbəttə ki, yox. Qoçuluğun qarşısı dünən alınmalı idi ki, bu gün belə hadisələr yaşanmasın. Heç olmasa bu gün alın. Əks halda, növbəti turlarda futbolçular stadiona zirehli texnikayla gələcəklər.



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-i-divizionda-kutlvi-dava-jurnalist-hucum-ckdilr-t54261.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR