Bir otaqlı sosial evlərin aylıq qiyməti 140 manatdan artıq olmayacaq

Bir otaqlı sosial evlərin aylıq qiyməti 140 manatdan artıq olmayacaq
18:59 18 Noyabr 2016
1592 Digər
Ölkə mətbuatı
A- A+

 

Sosial evlərin satışı ilə bağlı “Güzəştli mənzil” elektron sistem yaradılacaq.

 

Lent.az-ın məlumatına görə,  bunu Mənzil İnşaatı Dövlət Agentliyinin rəhbəri Samir Nuriyev AzTV-də yayımlanan “Günün nəbzi” verilişində deyib.

 

S.Nuriyev bildirib ki, güzəştli şərtlər dedikdə ilk əvvəl qiymət nəzərdə tutulur. Mənzillərin satılacağı qiymətlər həmin ərazidə olan orta bazar qiymətindən aşağı olacaq. Eyni zamanda məbləği sosial güzəştli ipoteka sistemi vasitəsilə 3 ildən 30 ilə qədər ödəmək imkanı yaradılacaq. Həmçinin mənzillər tam təmirli və mətbəx mebeli ilə təmin olunmuş şəkildə təqdim olunacaq.

 

S.Nuriyevin sözlərinə görə, güzəştli mənzillər əldə etmək hüququ olan sosial qruplar müraciət  edərək güzəştli mənzil sistemində qeydiyyatdan keçdikdən sonra ev seçimin həyata keçirə biləcək: “3-4 ay sonra insanlar sosial mənzillər üçün qeydiyyatdan keçə biləcəklər.  3 ay ərzində həmin elektron sistemin əsasnaməsi təsdiq olunmalıdır. Təxminən mayın 1-dən sistem işə düşəcək. Amma ondan əvvəl pilot versiyalar sınaqdan keçirilə bilər. Həm də elektron sistem işə düşməzdən əvvəl sənədlər "ASAN xidmət" mərkəzləri tərəfindən qəbul ediləcək. Əsasnamə təsdiq olunduqdan sonra kağız formatında qəbul olunmuş həmin müraciətlər elektronlaşdırılacaq. Qeydiyyatdan keçən şəxsin qeyd etdiyi sosial qrupa daxil olmasının təsdiqi dərhal veriləcək, amma ümumi yoxlamalar təxminən 5 gün çəkə bilər”.

 

“Binaların 30 % tikintisi başa çatmalıdır ki, satış da başlasın. Biz çalışmışıq ki, sosial evlər layihəsini daha çox ehtiyac duyulan ərazidə gerçəkləşdirək. Güman edirəm ki, ikinci layihə də elə Bakı ətrafında həyata keçiriləcək. İlin sonundan sosial evlərin tikintisinin başlanılması təmin olunacaq”- deyə, S.Nuriyev əlavə edib.

 

Sosial evlərin təmir keyfiyyətinə toxunan qurum rəsmisi bildirib ki, binaların keyfiyyti yüksək olacaq: "Buna zəmanət veririk. Çoxları düşünür ki, sosial evlər keyfiyyətsiz olacaq, ancaq biz bu məsələyə ciddi nəzarət edəcəyik. Tikintidə əsasən yerli tikinti vasitələrindən istifadə olunacaq”.

 

S.Nuriyev son olaraq qeyd edib ki, sosial evlər üçün aylıq ödəniş sistemi təsdiq olunmuş qaydalar əsasən həm nəğd formada,  həm də 3 ildən 30 ilədək güzəştli ipoteka vasitəsilə həyata keçiriləcək: “Biz çalışacağıq ki, aylıq ödənişlər orta icarə haqqından yüksək olmasın. Birotaqlı evlər üçün qiymət 130-140,  üç otaqlılar üçün isə 300-350 manatdan yuxarı olmasın”.

 

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/259911

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR