Azərbaycanda turizmin inkişafı üçün təkliflər hazırlanacaq

Azərbaycanda turizmin inkişafı üçün təkliflər hazırlanacaq
19:07 18 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 18 noyabr. REPORT.AZ/ Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) tərkibində fəaliyyət göstərən “Turizm müəssisələri ilə iş komissiyası”nın bu gün II iclası keçirilib. Bu barədə "Report"a ASK-dan bildirilib.
Məlumata görə, komissiyanın tərkibində Azərbaycanda fəaliyyət göstərən tanınmış turizm şirkətlərinin rəhbərləri təmsil olunurlar. 
İclasda çıxış edən komissiya sədrinın, Sağlamlıq və Termal turizm assosiasiyasının rəhbəri Ruslan Quliyev bildirib ki, bu gün Azərbaycan üçün əsas hədəf neftdən asılılığın azaldılması, qeyri-neft sektorunun dinamik inkişafının təmin olunmasıdır: “Bu məsələdə turizm şirkətlərinin də üzərinə böyük məsuliyyət düşür. Odur ki, yalnız qədim, antik mədəniyyəti ilə deyil, həm də müasirliyi ilə fərqlənən Azərbaycanda tezliklə turizm sektorunun yüksək templə inkişafı diqqət mərkəzində olmalıdır”.
Daha sonra “Turizm müəssisələri ilə iş komissiyası”nın əsasnaməsi səsə qoyularaq qəbul edilib. Ceyhun Aşurov komissiyanın sədr müavini seçilib.
İclasda qeyd olunub ki, komissiyanın əsas fəaliyyət istiqamətləri ölkədə turizmin inkişafı üçün yeni imkanları, hədəfləri müəyyənləşdirmək, turizmdən gələn iqtisadi faydaları ən yüksək həddə çatdırmaq, turizm sahəsində fəaliyyət göstərən qurumların fəaliyyətinin əlaqələndirilməsi, onların fəal potensialından istifadə edərək xarici iqtisadi əlaqələri və beynəlxalq iqtisadi əməkdaşlığı müasir tələblərə uyğun qurmaq, sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi üçün təkliflər hazırlamaqdan ibarət olacaq.
AMEA-nın Texniki Estetika İnstitutunun direktoru Qurban Dostəlizadə beynəlxalq və regional turizmin inkişafına sərmayə yatırmaq arzusunda olan investorlar üçün maraqlı biznes təklifi ilə çıxış edib: “Artıq 10 ildən çoxdur “Babaların Tarixi Zəfər və Şəhadət Yolu” layihəsi üzərində işləyirəm. Bu layihədə əsasən Azərbaycan-Türkiyə arası “Babaların Tarixi Zəfər və Şəhadət Yolu” adı ilə Qafqaz regionu ölkələrini əhatə edəcək beynəlxalq turizm marşurutunun yaradılması qərara alınıb”.
Sonra sözügedən layihə müzakirə edilib.

Xəbərin orijinal ünvanı: https://report.az/turizm-ve-sergiler/azerbaycanda-turizmin-inkisafi-ucun-teklifler-hazirlanacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR