BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı Azərbaycanda əhalinin siyahıyaalınmasına kömək etmək istəyir

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı Azərbaycanda əhalinin siyahıyaalınmasına kömək etmək istəyir
19:22 18 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 18 noyabr. REPORT.AZ/ Dövlət Statistika Komitəsinin (DSK) sədri Tahir Budaqov BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycandakı nümayəndəsi Furio de Angelis ilə görüşüb. Bu barədə "Report"a DSK-dan bildirilib. 
Məlumata görə, görüşdə Azərbaycanda qaçqın, məcburi köçkün və vətəndaşlığı olmayan şəxslərlə bağlı statistik məlumatlar, həmçinin 2019-cu ildə ölkədə keçiriləcək əhalinin siyahıya alınması sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
T. Budaqov Azərbaycan hökuməti ilə BMT QAK arasındakı əlaqələrin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu, bunun məntiqi nəticəsi kimi Azərbaycanın Ali Komissarlığının İcraiyyə Komitəsinin tam hüquqlu üzvü seçildiyini xatırladıb. 
Beynəlxalq və daxili miqrasiya proseslərinin bilavasitə qaçqın və məcburi köçkünlərlə sıx bağlı olduğunu deyən komitə sədri bildirib ki, miqrasiya statistikasının təşkilində qaçqınlar, habelə ölkə daxilində öz daimi yaşayış yerlərini məcburən dəyişmiş əhaliyə dair məlumatlar nəzərə alınmalıdır. Əhalinin bu qrupuna dair sosial-iqtisadi və digər statistik göstəricilərin işlənməsinə tələbat Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin başlanmasından sonra yaranıb. 
Rəsmi statistikaya görə, Azərbaycan əhalisinin 12,4%-i (1,2 mln.) qaçqın və məcburi köçkünlərdir. Dünyada hər 122 nəfərdən biri qaçqın və məcburi köçkün olduğu halda, Azərbaycanda hər 8 nəfərdən biri qaçqın və məcburi köçkün həyatı yaşayır. 
Görüşdə Azərbaycanda qaçqın və məcburi köçkünlərlə, vətəndaşlığı olmayan şəxslərlə bağlı statistik məlumatlar barədə danışılıb. Qeyd olunub ki, qaçqın və məcburi köçkünlər haqqında statistikanı DSK 1990-cı ildən etibarən əldə edie. İnzibati məlumatlardan əlavə bu statistik məlumatlar əhalinin siyahıyaalınması zamanı da əldə olunur. Əhalinin bu kateqoriyasına aid olan suallar ilk dəfə 2009-cu il əhalinin siyahıyaalınması zamanı sorğu vərəqəsinə daxil edilib. Vətəndaşlığı olmayan şəxslərə dair statistik göstəricilər Dövlət Miqrasiya Xidmətindən “Azərbaycan Respublikasında olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər haqqında” rəsmi statistika hesabatı forması vasitəsilə real vaxt rejimində əldə olunur.
F.Angelisi bildirib ki, Ermənistan-Azərbaycan münaqişəsinin davam etməsinə, məcburi köçkünlərin düşdüyü ağır vəziyyətə baxmayaraq, humanitar nöqteyi-nəzərdən görülən işlər baxımından Azərbaycanda qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində çox böyük işlər həyata keçirilib.
Görüşdə 2019-cu il əhalinin siyahıyaalınması sahəsində əməkdaşlıq məsələlərindən də söhbət açılıb. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının ölkədəki nümayəndəliyinin 2019-cu il əhalinin siyahıyaalınmasının uğurla həyata keçirilməsi üçün öz texniki yardımları və xüsusi bilik və təcrübələri ilə bu işə yardımçı olmaq niyyəti açıqlanıb.
DSK və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı arasında əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. 



Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/bmt-nin-qacqinlar-uzre-ali-komissarligi-azerbaycanda-ehalinin-siyahiyaalinmasina-komek-etmek-isteyir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR