Emin Həsənli: “Ordu döyüşü, dövlət isə ümumilikdə müharibəni aparır”

Emin Həsənli: “Ordu döyüşü, dövlət isə ümumilikdə müharibəni aparır”
19:39 18 Noyabr 2016
99 Digər
Ölkə mətbuatı
A- A+

APA TV-nin “Manşet” proqramının bugünkü mövzusu Azərbaycanda ordu quruculuğu, səfərbərlik işinin təşkili, Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqların hazırkı durumu ilə bağlıdır. Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli  mövzu ilə bağlı aparıcı İlham Tumasın suallarına cavab verib.
 
- Azərbaycan ordusunun peşəkarlığı son təlimlərdə özünü bir daha göstərdi. Aprel döyüşləri isə Azərbaycan ordusunun Ermənistan ordusundan müqayisəyəgəlməz dərəcədə üstünlüyə malik olduğunu ortaya qoydu. Bütün parametrlərə – silah-sursat, hərbi texnika, hərbçilərin peşəkarlığı, mənəvi-psixoloji hazırlığı, insan resurslarına görə Azərbaycan Ermənistandan üstündür. Ən əsası da odur ki, düşməndən fərqli olaraq Azərbaycan əsgəri nəyin uğrunda mübarizə apardığını bilir.
 
- Biz dünyanın ən nüfuzlu silah istehsalçısı olan ölkələrindən müasir silah-sursat, hərbi texnikalar alırıq. Bunun nəticəsidir ki, hazırda Azərbaycan Silahlı Qüvvələrinin arsenalında ən yeni silah-sursat və hərbi texnikalar var. Eyni zamanda, müasir hava hücumundan müdafiə, radar və rabitə sistemlərimiz mövcuddur. Malik olduğumuz silah-sursat bütün qoşun növlərimizi təmin etmək imkanındadır.
 
- Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından sonra bu sahədə işlər daha sistemli aparılmağa başlanılıb. “Dövlət Xidmətinin təşkilatçılığı ilə bölgələrdə “Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbirlər həyata keçirilir. Belə tədbirlərdə orta məktəblərin yuxarı sinif şagirdləri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi veteranları iştirak edirlər. Bu tədbirlərdə vətənpərvərlik ruhunda çıxışlar edilir, müharibə veteranları və əlilləri, şəhid ailələri, məktəb müəllimləri və əlaçı şagirdlər mükafatlandırılırlar.
 
- Gənclərin hərbi xidmətə hazırlıq işi yüksək səviyyədə aparılır. Bu məqsədlə snayper, desant, atıcı, sürücü, rabitəçi kursları təşkil olunaraq gənclərin hərbi xidmətə hazırlığı təşkil olunur. Bundan başqa 10-11-ci sinif şagirdləri ilə geniş iş aparılır, ayrıca bir fənn olaraq hərbi hazırlıq dərsləri keçirilir, hərbi müəllimlərlə iş aparılır. Son dövrlər ehtiyatda olan zabitlər məktəblərə işə götürülür.
 
- Təbliğat işlərində döyüş bölgələrində xidmət keçmiş ehtiyatda olan zabitlərə, müharibə veteranlarına üstünlük verilir. Çünki onlar peşəkar olduqları üçün gənc nəslin yüksək səviyyədə hərbi hazırlıq işinə daha çox fayda verirlər.
 
- Dövlət Xidmətinin fəaliyyətində şəffaflıq prinsipi ən əsas yer tutur. Əsgərlərin bölgü məsələlərində ədalət prinsipi başlıca meyar hesab olunur. Azərbaycanda şəffaflığın təmin olunması baxımından “ASAN Xidmət” kimi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə də böyük inam var. Azərbaycan ictimaiyyəti, qeyri-hökumət təşkilatları, mətbuat bu qurumun fəaliyyətini həmişə yüksək qiymətləndirir.
 
- Ordu döyüşü, dövlət isə ümumilikdə müharibəni aparır. Dövlətin media, qeyri-hökumət təşkilatları, ayrı-ayrı nazirliklər, dövlət xidmətləri ilə qurduğu iş onu deməyə əsas verir ki, 2-5 aprel hadisələrindən Azərbaycan dövləti, xalqı və ordusu alnıaçıq çıxdı. Hər kəsə bir daha bəlli oldu ki, Silahlı Qüvvələrimiz qarşıya qoyulan bütün tapşırıqları yerinə yetirməyə qadirdir. Torpaqlarımızı işğaldan azad etmək üçün ordumuza çox qısa bir müddət də kifayətdir.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/259916

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR