Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Görüntü yaratmağa deyil, keyfiyyəti dəyişməyə yönələn yeniliklər - FOTO

Görüntü yaratmağa deyil, keyfiyyəti dəyişməyə yönələn yeniliklər - FOTO

Date: 18 November 2016 21:05

Yaşadığımız dövr müasir metod və üsullar, müasir taktika, texnika yaradır. Mövcud şərait bütün bunlardan səmərəli bəhrələnmək, yenilikləri öyrənmək, mühitə və şəraitə uyğunlaşdıraraq tətbiq etmək tələbini də başlıca vəzifə kimi qarşıya qoyur. Təbii ki, bütün bu yeniliklərdən, qloballaşmadan, müasirləşmədən Azərbaycan Respublikası, o cümlədən ordu quruculuğu da kənarda qala bilməz.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki,  Silahlı Qüvvələrimiz daim yenilənir, çevik, döyüşə hər an hazır olan, yeni texnika və silahlarla təmin edilmiş, torpaqlarımızı işğaldan azad etməyə qadir mobil, müasir və qüdrətli Orduya çevrilir. Ali Baş Komandanın tapşırığına əsasən Müdafiə Nazirliyinin rəhbərliyi mövcud vəziyyətdən və imkanlardan maksimum yararlanaraq, zamanın tələblərinə cavab verən ordu yaratmaq istiqamətində ardıcıl və davamlı tədbirlər görür.

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Ordumuzun qüdrəti barədə danışarkən deyib: "Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir. İşğal edilmiş torpaqlarda, Dağlıq Qarabağda elə bir hərbi hədəf yoxdur ki, bu gün biz onu məhv edə bilməyək. Bu gün Azərbaycan Ordusu güclü ordular sırasındadır. Bunu biz bilirik, Azərbaycan xalqı bilir və bütün dünya bilir. Güclü orduların reytinqlərində Azərbaycan Ordusunun çox yüksək yeri vardır. Ordumuzun döyüş qabiliyyəti yüksək səviyyədədir, günbəgün artır".

Yeniliklər prosesi çox böyük iqtisadi imkanlara bağlı, külli miqdarda maddi vəsait, vaxt və zaman tələb edən prosesdir. Bu proses yeni düşüncə və yeni yanaşma tələb edir. Bu baxımdan ordu quruculuğunda islahatların uğurunu təmin etmək üçün problemli sahələr vaxtında aşkarlanır, nəzarətə götürülür və onların dərhal aradan qaldırılması üçün səmərəli addımlar atılır. Həmçinin Silahlı Qüvvələrin sistemli şəkildə dəyişdirilməsinə yönəlmiş aydın, məntiqli yol seçilir, dəqiq müəyyənləşdirilmiş planlı, mərhələli tədbirlər həyata keçirilir, düzgün qərarlar qəbul olunur. Buna görə də atılan addımlar uğur gətirir.

Qeyd olunan proseslərdə daha bir əsas amil qarşıya aydın məqsəd qoyulması və ona doğru qətiyyətli addımlar atılmasıdır.

Bu gün məqsəd mobil, ən yeni texnologiyalarla təmin edilmiş, döyüşə hər an hazır olan Silahlı Qüvvələrin formalaşmasıdır. Son illərdə bu amil diqqət mərkəzində saxlanıldığından hazırda ordumuz düşmən hücumlarının qarşısını almağa, ölkəmizin ərazi bütövlüyünün bərpasını və qorunmasını təmin etməyə, həmçinin işğal olunmuş torpaqlarımızı düşməndən təmizləməyə qadirdir. Aparılan islahatlar nəticəsində hərbi qulluqçuların sosial hüquqlarının müdafiəsi təmin olunub, mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Şəxsi heyətin, hərbi qulluqçuların ailə üzvlərinin diqqət və qayğı ilə əhatə olunması ordu ilə xalqın arzu edilən birliyini təmin edir.

Bu istiqamətdə ötən üç il ərzində görülən işləri, baş verən yenilikləri diqqətə çatdırmaq istərdik.

Müdafiə nazirinin göstərişinə əsasən, dövrün tələblərinə cavab verməyən qərarlar, sərəncamlar, sənədlər təftiş və təhlil edildi, hüquqi sənədlərin, əsasnamələrin hazırlanması, yenilənməsi işi başlandı. Beləliklə, hüquqi baza təkmilləşdirildi və bu iş müntəzəm davam etdirilir.

Təlim-tərbiyə, mənəvi-psixoloji mühit, milli-mənəvi dəyərlər, nizam-intizam məsələlərinə diqqət artırıldı və bu məqsədlə hərbi psixoloqlar fəaliyyətə başladılar.

Növbəti addım olaraq, döyüş hazırlığına cavabdeh qurumların rolu və əhəmiyyəti yüksəldildi. Hərbi kadrların hazırlanması sistemi mərkəzləşdirildi və hərbi təhsildə ciddi islahatlara start verildi. Prezident İlham Əliyevin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin sistemində olan xüsusi təyinatlı təhsil müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi haqqında imzaladığı Sərəncama əsasən Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi və Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi quru qoşunları, hərbi hava qüvvələri, hava hücumundan müdafiə və hərbi dəniz qüvvələri fakültələri yaradılmaqla Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə birləşdirildi.

Silahlı Qüvvələrin ştat strukturu optimallaşdırıldı və yarana biləcək hərtərəfli təhlükələrə vaxtında və dəqiq cavab verilməsi, qoşunların daha səmərəli idarə edilməsi məqsədilə yeni strukturlar, baş idarələr yaradıldı. Həmçinin yeni kadr təyinatları aparıldı, rəhbər vəzifələrə müasir düşüncə tərzinə malik, peşəkar, qarşıya qoyulan tapşırıqları daha səmərəli icra etmək bacarığına malik hərbi qulluqçular təyin edildi.

Müqavilə əsasında xidmətə keçid tətbiq olundu və islahatlar nəticəsində qoşunların döyüş hazırlığına birbaşa təsir edən bir çox vəzifələrə peşəkar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçular cəlb olundu. Təşkilati dəyişiklik nəticəsində bu kateqoriyadan olan hərbi qulluqçuların seçilməsi, öyrədilməsi, vəzifələrə təyin edilməsi, təhsilə göndərilməsi və vəzifələrə təyinatı birbaşa hərbi hissə komandirlərinə həvalə edildi.

Şəxsi heyət təsərrüfat işlərindən azad edildi və bu proses hazırda da davam etdirilir. Bütün şəxsi heyətin tam tərkibdə yalnız döyüş hazırlığı ilə məşğul olmasını təmin etmək üçün bir çox işlərə mülki şəxslər cəlb olundu.

Səfərbərlik və qoşunların komplektləşdirilməsi sistemi maksimal dərəcədə sadələşdirildi, ehtiyat qüvvələrin hazırlanması və təlimlərə cəlb edilməsi işi tamamilə yenidən quruldu. Əvvəlki illərdən fərqli olaraq, alınan müasir silah və texnika dərindən öyrənilməsi və döyüşdə tətbiqi üçün birbaşa qoşunların sərəncamına verildi.

Xüsusilə Hərbi Hava Qüvvələri, onun tərkib hissəsi olan Hava Hücumundan Müdafiə Qoşunları, Hərbi Dəniz Qüvvələri, tank və digər zirehli texnika, raket və artilleriya hissələri, rabitə və idarəetmə sistemləri yeniləndi. Bunun nəticəsində Ordu hərb elminin son nailiyyətlərindən bacarıqla istifadə etmək imkanı qazandı. Sistemli şəkildə, yetərincə pilotsuz uçuş aparatları, avtomatlaşdırılmış idarəetmə sistemləri alındı. Bu da ordunun döyüş hazırlığının yüksəlməsinə və hərbi qulluqçuların peşəkarlığının artırılmasına müsbət təsir göstərdi. Eyni zamanda, yüksək dəqiqlikli silahlardan maksimum istifadə etməklə, təmassız, texnoloji yeniliklərlə zəngin döyüş əməliyyatları istiqamətində də Silahlı Qüvvələrimizdə uğurlu işlərin bünövrəsi qoyuldu.

Yalnız sinif otaqlarında, xəritə, maket üzərində deyil, yeni tikilən poliqonlarda döyüş atışları yerinə yetirilən intensiv, aktiv fazalı döyüş təlimləri keçirildi. Bütün səviyyələrdə, müxtəlif kateqoriyalı hərbi qulluqçuların cəlb edilməsi ilə keçirilən təlim-məşqlərin və döyüş atışlarının sayı əhəmiyyətli dərəcədə artdı. Hərbi Hava Qüvvələrinin uçuş saatları çoxaldıldı, aviasiya silahlarının praktiki istifadəsinə və radiolokasiya sistemlərinin daim yenilənməsinə xüsusi önəm verildi. Hərbi Dəniz Qüvvələri sahildə deyil, Xəzər dənizində döyüş atışlı təlimlər keçirməklə praktiki vərdişlərini təkmilləşdirdi.

Yerli müdafiə sənayesinin istehsalı olan hərbi vasitələrlə təmin edilən ön xətdəki hərbi hissələr bütüm sutka ərzində düşmənin hərbi obyektlərini, qarşı tərəfin qoşunlarının hərəkətini daim izləməyə, nəzarətdə saxlamağa və dərhal məhv etməyə imkan qazandılar.

Beləliklə, bütün sahələrdə, eləcə də taktiki cəhətdən düşmən üzərində tam üstünlüyə nail olundu. Aprel ayında ermənilərin təxribatlarına cavab olaraq həyata keçirilən əks-həmlə zərbələri zamanı torpaqlarımızın bir qisminin işğaldan azad edilməsi, bir neçə strateji yüksəkliyin tam nəzarətə götürülməsi hərbi qulluqçuların döyüş ruhuna öz müsbət təsirini göstərdi.

Hərbi qulluqçuların ərzaq, geyim, əşya-əmlakla təminatında da keyfiyyət məsələsi ən önəmli tələb kimi qarşıya qoyuldu, milli yeməklər əsgər mətbəxinin bəzəyinə çevrildi. Şəxsi heyətin sağlamlığının qorunması məqsədilə yeni, müasir tibbi avadanlıqlar, mobil səhra hospitalları, reanimobillər, sanitar helikopterlər alınaraq istifadəyə verildi.

Eyni zamanda, hərbi xidmətdən qeyri-qanuni, haqsız kənarlaşdırılmış peşəkar hərbçilərin yenidən hərbi qulluğa qayıtmalarına imkan yaradıldı. İctimaiyyətlə əlaqələr daha da gücləndirildi, müdafiə nazirinin tapşırığı ilə "Açıq qapı" günlərinin keçirilməsi ənənə halını aldı, hərbi vətənpərvərlik mövzusunda tədbirlərin sayı artırıldı.

Bütün bu müsbət addımların nəticəsi olaraq hərbi xidmət həyatda, cəmiyyətdə uğur və nüfuz qazanmağa imkan verən sosial pilləyə çevrilib. İndi ordudan söhbət düşərkən ilk olaraq çoxlarının təsəvvürünə "sosial müdafiə", "yüksək və keyfiyyətli təminat", "müasir standartlara cavab verən hərbi şəhərciklər", "hərbi xidmətin təhlükəsizliyi", "diqqət və qayğı" kimi anlayışlar gəlir.

Müdafiə Nazirliyinin son vaxtlar gördüyü tədbirləri tezislər əsasında nəzərdən keçirsək, görərik ki, qurumun sistemi yenilənib,

baş qərargah və digər müvafiq strukturlar, hərbi hissə və birləşmələr böyük işlər yerinə yetiriblər. Xüsusilə qeyd edilməlidir ki, qazanılan bütün nailiyyətlərin arxasında, ən əsası, Azərbaycan xalqının, ölkə rəhbərliyinin diqqəti, qayğısı və köməyi dayanıb. Unutmaq olmaz ki, hələ qarşıda görüləsi işlər də çoxdur. Əminliklə demək olar ki, Ali Baş Komandanın rəhbərliyi ilə xalqımız, dövlətimiz, Ordumuz, hərbçilərimiz bu işlərin də öhdəsindən uğurla gələcəklər.

Xalqımız Ordunu ölkəmizin müstəqilliyinin qarantı, sülhün təminatçısı kimi görür və hərbçilərimizlə fəxr edir. Onların qəhrəmanlığı tarixiləşib. Bütün bunlar vacib və əhəmiyyətli amillərdir. Ordumuz həqiqətən ən xoş sözlərə, təriflərə və ümumxalq sevgisinə layiqdir.

Azərbaycan Ordusunun qayğı və sevgi ilə yanaşı, bütün vətəndaşlarımızın real təəssübkeşliyinə də ehtiyacı var. Hərbi xidmətdə olan, sinəsini düşmən gülləsinə sipər edən əsgərlərimiz üçün bu, böyük əhəmiyyətə malikdir. Əsgər hiss edəndə ki, onun fədakarlığı, cəsarəti, sədaqəti dövlətin müvafiq qurumları ilə yanaşı, müxtəlif peşə sahibi olan insanlar tərəfindən də dəyərləndirilir, bu zaman o, daha cəsur və daha ürəkli olur.

Vətənin igid müdafiəçiləri! Onlara belə xitab edilməlidir. Həqiqətən də onlar - 18-20 yaşlı gənclər cəsur döyüşçülər, Vətənin müdafiəçiləridirlər.

Milli.Az






Tags:  Görüntü yaratmağa deyil keyfiyyəti dəyişməyə yönələn yeniliklər FOTO

RƏYLƏR


Top news