Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bölgələrə "PAZ" olan problem: İş görülür, amma...

Bölgələrə "PAZ" olan problem: İş görülür, amma...

Date: 19 November 2016 07:17

Bu ilin ilk 9 ayının məlumatına görə, Azərbaycanda sərnişindaşıma sahəsində Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) rəsmi icazəsi əsasında şəhərlərarası xətlər üzrə 13164 avtobus fəaliyyət göstərir. Regionlardakı idarələrdən rəsmi fəqlənmə nişanı almış 10563 avtobusdan isə əhaliyə şəhərdaxili (rayondaxili) xətlər üzrə xidmətdə istifadə edilir. Bura Gəncədəki (1443) və Sumqayıtdakı (2344) şəhərdaxili avtobusları da əlavə etsək, ümumən regionlarda 15350 avtobusun rəsmi icazə əsasında fəaliyyət göstərdiyi məlum olur.

Lakin bölgələrdən Milli.Az-a daxil olan çoxsaylı müraciətlər belə deməyə əsas verir ki, ölkədə şəhərdaxili (rayondaxili) marşrut avtobuslarının həm qıtlığı hiss edilir, həm mövcud avtobusların böyük əksəriyyəti müasir tələblərə cavab vermir, texniki cəhətdən nasazdır. Bu problem xüsusən kəndlərdə daha bariz şəkildə gözə çarpır. Nəticədə bəzi bölgələrdə vətəndaşlar nəqliyyat çatışmazlığından əziyyət çəkir, bəzi yerlərdə isə nasaz avtobuslar insanların həyatı üçün cidid təhlükə mənbəyi olaraq qalır.

Bəs bu problem nə vaxt və necə həllini tapacaq? Bunun üçün kimlər hansı işləri görür?

Məsələ ilə bağlı Milli.Az-ın soğrusunu cavablandıran Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı da hazırda ölkədə, xüsusən regionlarda avtobus çatışmazlığının olduğunu, mövcud avtobus parkının böyük hissəsinin isə köhnəldiyini etiraf edib:

"Rayonlarda fəaliyyət göstərən və şəhərlərarası adlanan bütün avtobuslar yalnız sahibkarlar tərəfindən xəttə buraxılır. İllər öncə bu sahə özəl sektora verilən zaman avtobuslar yeni alınanda, bu sahədə fəaliyyətə yeni başlayanda hər şey qənaətbəxş idi. Amma üstündən zaman keçdikcə artıq həmin avtobusların bəzilərinin istismar müddəti bitib, bəziləri texniki cəhətdən nasazdır, amma buna baxmayaraq onlar xəttə buraxılır. Lakin regionlarda, xüsusən dağ kəndlərində yolların vəziyyətini nəzərə almaq lazımdır. Yolların qənaətbəxş səviyyədə olmaması avtobusların texniki baxımdan vaxtından tez sıradan çıxmasına gətirib çıxarır. Əksər dağ rayonlarında, kəndlərində avtobusların yenilənməməsinin əsas səbəbi budur. Amma DANX ötən ildən başlayaraq sahibkarların qarşısında ilk növbədə avtobusların yenilənməsi və standartlara cavab verməsi ilə bağlı tələblər qoyub. Amma mövcud iqtisadi vəziyyəti, avtobusların və onların ehtiyat hissələrinin xarici ölkələrdən valyuta ilə alındığını nəzərə alsaq, demək olar ki, bütün regionlarda avtobusların hamısının birdən-birə yenilənməsi çətin məsələdir, hətta mümkün deyil".

Vəziyyətdən çıxış yolu kimi Xidmət avtobusları xəttə buraxılan bir neçə fiziki şəxsə birləşib bir hüquqi şəxs yaratmasını və birgə fəaliyyət göstərməslərini təklif edib: "3-4 fiziki şəxsin bir hüquqi şəxs adı altında birləşməsi həm avtoparkların, qarajların təminatı - avtobusların yenilənməsi, ehtiyat hissələrinin alınması işini nisbətən asanlaşdıracaq. Bu yolla bir neçə rayonda problem öz həllini tapsa da, ümumilikdə aktual olaraq qalır.

Əgər sahibkar fiziki şəxs olaraq yenilənməni təkbaşına apara bilmirsə, üstəlik gəlir xərci ödəmirsə, o zaman birləşib hüquqi şəxs kimi fəaliyyət göstərmək daha sərfəlidir. Sahibkarlar birləşəndə xərclər ümumi büdcədən ödənilir, həm də daha rahat fəaliyyət göstərirlər və gələcək perspektivlərini təmin etmiş olurlar. Əgər fiziki şəxsin avtoparkı yoxdursa və ya standarta cavab vermirsə, xətt əlindən alınır. Hələlik yalnız 5-6 sahibkar buna razılıq verib. Amma mütəmadi olaraq onlarla görüşlər keçirilir, təklfilər verilir".

Şöbə müdiri bildirib ki, regionlarda avtobus çatışmazlığı və marşrutların olmadığı təqdirdə dövlət qurumları məsələyə müdaxilə edir: "Nəqliyyat naziri Ziya Məmmədovun regionlardakı görüşləri zamanı sakinlər bir sıra kəndlərə avtobus marşrutlarının işləməməsindən şikayət edir və bu kəndlərə marşrutların açılmasını istəyirlər. Bu müraciətlər qeydə alınır və yaxınlıqdakı kəndlər istiqamətində fəaliyyət göstərən avtobusların həmin kəndlərə də yönəldilməsini təmin etmək üçün tapşırıq verilir. Bəzən, ümumiyyətlə, yeni xətt açılır. İstənilən halda bu sahədə fəaliyyət göstərmək istəyən sahibkar tapılır. Əhalinin müraciətləri mütləq nəzərə alınır. Ən azından həmin kəndlərə və ya istiqamətlərə xüsusi xətt ayrılır ki, sakinlər nəqliyyatla təmin olunsun. Çünki yol pisdir deyə biz əhalini nəqliyyatsız qoya bilmərik".

Ş.Mehmanqızı qeyd edib ki, sahibkarların avtovağzalların tikintisinə investisiya qoyması istiqamətində də işlər aparılır və artıq müəyyən nəticələr də var: "Avtovağzalların inşasına artıq uzun müddətdir ki, dövlət büdcəsindən vəsait ayrılmır. İndi regionlarda bütün avtovağzallar özəl sektora məxsusdur. Sadəcə, sahibkara DANX tərəfindən avtovağzalın tələblərə cavab verdiyinə dair pasport təqdim olunur və onun fəaliyyətinə ümumi nəzarət edilir. Hazırda ölkədə 41 avtovağzal və 17 avtostansiya fəaliyyət göstərir. Məsələn, yay aylarında yerli sahibkarın investisiyası hesabına Zaqatalada yeni avtovağzal istifadəyə verildi. İndi həmin sahibkar avtovağzalı idarə edir və ondan gəlir əldə edir. Gələcəkdə bu iş ehtiyac duyulan bütün regionlarda həyata keçiriləcək".

İlkin İzzət
Milli.Az


Tags:  Bölgələrə PAZ olan problem İş görülür

RƏYLƏR


Top news