Öz övladını qəbul edən kişi ginekoloq: "Heç kimə etibar etmədim" - REPORTAJ

Öz övladını qəbul edən kişi ginekoloq: "Heç kimə etibar etmədim" -  REPORTAJ
10:59 19 Noyabr 2016
204 Digər
Ölkə mətbuatı
A- A+

"Əməliyyatdan 24 saat sonra özümə gəldim. Səhər əməliyyat olundu, axşam qayıtdım xəstəxanaya, yoldaşıma, uşağa baxdım. Bir az həyəcan çox idi". Kamran Nağıyev 9 ildir ki, ginekoloq-cərrah həkim kimi fəaliyyət göstərir. Bu vaxta kimi isə onlarla körpənin dünyaya gəlməsinə vəsilə olub.

 

Hər bir əməliyyatını uğurla başa vuran həkim yalnız keçirdiyi bir əməliyyatı unuda bilmir. Səbəb həqiqətən də çox maraqlıdır. Yaddaşında ömürlük həkk olunan həmin əməliyyatda öz körpəsinin dünyaya göz açmasının məsuliyyətini məhz öz üzərinə götürmüşdü. Çətinliyi qədər, sevinci də var idi bu işin. Həyəcan, stress və övladını görmək arzusu...

 

Həkim Kamran Nağıyev deyir ki, normalda bu cür əməliyyatlar 30-40 dəqiqə müddətində başa çatsa da, öz övladının dünyaya gəlməsi əməliyyatı vir saatdan çox çəkib. Müsahib həmin unudulmaz anları belə xatırlayır: "Onu demək olmur, onu hiss etmək lazımdır. İzah etmək, ümumiyyətlə, mümkün deyil. Həyəcan çox idi. Normalda əməliyyat bizdə 30-40 dəqiqə olursa, 1 saat yarım çəkdi. Hər bir nöqtəyə, hər bir xırda şeyə fikir verirsən. Tamam başqa cür yanaşırsan, sadəcə, kəsməyin özü 5-10 dəqiqə hazırlıq tələb edir. İlk növbədə həyəcandır. Uşağı çıxaranda uşağa baxırsan, sağlamlığına baxırsan, normalda rutin bir işdə bu aparılmır. Uşaq normal dünyaya gəlir, pediatra təhvil verilir. Pediatr baxıb öz fikrini deyir. Burda hər şeylə özün maraqlanırsan. Baxırsan ki, ayaqları yerindədir, barmaqları yerindədir, ondan sonra pediatra verdikdən sonra 10 dəfə soruşursan ki, necədir uşaq".

 

Həkim deyir ki, adətən, uşaq dünyaya gələndə ilk anası ilə tanış olur və bu əvəzolunmaz hissləri də məhz ana yaşayır. Bu dəfə fərqli olduğunu deyən müsahibimizin sözlərinə görə, övladını ilk görən və ağuşuna alan özü, yəni atası olub: "Fərq bundadır. İlk mən tutmuşam, ilk mən görmüşəm, uşaq ilk əllərini uzadıb mənim üstümə. Mən də qorxmuşam. Bəlkə hiss edib ki, atasıyam. Son mərhələdə köməkçi həkimə təhvil veririk. Orada son dəqiqəyə kimi xəstəni örtənə qədər, palataya yola salana qədər mən özüm etmişəm, heç kəsə etibar etmirdim".

 

Kamran Nağıyevin həyat yoldaşı da həkim-anestezioloqdur. Elə bu səbəbdən 9 ay müddətində hər bir nüansa ciddi nəzarət olunub. Həm ana, həm də ata tərəfindən. Müsahibimiz deyir ki, xanımı ilə məsləhətləşdikdən sonra əməliyyatı başqa ginekoloqun həyata keçirməsinə qərar versələr də, hamiləliyin 5-ci ayında qərarını dəyişərək əməliyyatı özü edəcəyini açıqlayıb: "Hamiləliyin ilk dönəmindən qərarlaşmışdıq ki, doğuşu başqa həkim etsin. Tanış həkimdir, doğuşu o aparmalı idi. 4-5 aydan sonra nə isə fikrimi dəyişdim, dedim, birdən standart yanaşar, necə olacaq. Mən əməliyyatxanaya onunla girsəydim, həkim düşünəcəkdi ki, etibar etmirəm, bir az düzgün çıxmır. Düşündüm ki, gərək xəstəxananın kənarında olum, əməliyyatxanada olmayım. Bu necə olacaq, necə oturacağam, necə dözəcəyəm, nə hislər keçirəcəyəm? Dedim, yox, özüm edəcəyəm, sonra qərar verdim ki, onunla assistent kimi girəcəyəm, özüm edə bilmərəmsə, o etsin. Axırda dedim ki, yox, qətiyyən, özüm edəcəyəm. Hər ehtimala qarşı ginekoloq Elxan Qurbanov girmişdi mənimlə bərabər əməliyyata. Özümü narahat hiss etsəm, çox həyəcanlı olsam, əsas işi o görəcəkdi".

 

"6-cı ayına qədər hamiləliyə baxan həmkarım övladımızın cinsiyyətini açıqlamamışdı. Daha sonra isə təsadüfən bizə bunu dedi" deyir Kamran Nağıyev: "6 aylığına kimi deməyib cinsiyyətini, bir dəfə təsadüfən dedi, bildik. Ondan sonra adı verdik. Hamiləlik boyunca uşaq adı ilə böyümüşdü. Suay qoyduq adını. İkimiz də qərarlaşmışdıq ki, türk adı olsun. Aygün, Aysu adları çoxdur. İstəyirdik unikal bir ad olsun. Suay nadir ad idi. Qız uşaqlarının ataya qarşı başqa hisləri, başqa davranışı olur. Atanı daha çox istəyir mən bildiyimə görə. Özüm də hiss edirəm. Bütün xəstələrə deyirəm ki, haradasa 2-ci həftədən sonra uşaqla danışmaq lazımdır. Atanın səsini eşitsin. Adı qoyulubsa, indidən adı ilə çəkilsin. Bətndaxili uşaq istər-istəməz bütün səsləri eşidir. Atanın da səsini eşidəndə tanıya bilər".

 

Kamran Nağıyev bildirir ki, övladı dünyaya gəldikdən sonra bir çox şeylərdə daha da təcrübə qazanıb: "Əvvəldən xəstələrə deyirəm ki, bu ola bilər, bundan qorxmayın. Elə bil ki, hamiləliyi özüm keçirmişəm. Bəzi məqamlarda təcrübə də artdı. Bəzi şeylər mənim üçün yeni oldu. Növbəti xəstələrdə tətbiq etmişəm".

 

Adətən, uşağı dünyaya gələn atalar bu xəbəri eşidəndə tibb işçilərinə, bizim təbirimizcə desək, "şirinlik" verirlər.  Bəs görəsən, birinci dəfə ata olmuş Kamran Nağıyevdən şirinlik alıblarmı?

 

"Düzdür, o, keçmişdə olan məsələlərdir. Bəzi qadın həkimlərinə gül verirlər. Həm şokolad, konfet verirlər. Düzdür, bizdə belə bir şey olmadı. Heç kim heç nə vermədi. Evdəkilərə ilk xəbəri mən vermişəm. Qohum-əqrəbalar nə isə hədiyyə və s. gətirdilər verdilər". 

 

Allah bərk əlindən versin. Vətənə və millətə xeyirli övlad olsun!

 

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/259955

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR