"Həmin bıçaq tortu güclə kəsirdi" - “Energetik”in kapitanı

"Həmin bıçaq tortu güclə kəsirdi" -  “Energetik”in kapitanı
12:27 19 Noyabr 2016
69 İdman
Ölkə mətbuatı
A- A+

Dünən I divizionun XII turu çərçivəsində keçirilən “Bakılı” – “Energetik” oyununda qalmaqal yaşanıb. Fanat.Az xəbər verir ki, matçın gedişində meydan sahiblərinin futbolçusu Vurğun Həsənzadə ilə qonaqların iranlı legioneri Vahid Rostami arasında insident baş verib. 

Tərəflərin söz savaşının sonu “Bakılı”nın futbolçusunun rəqibinin başına şillə vurması ilə davam edib. Bunu görən “Energetik”in üzvləri komanda yoldaşlarının müdafiəsinə qalxıblar. Nəticədə tərəflər kütləvi davaya girişməyə cəhd ediblər, lakin hakimlər briqadası və hər iki tərəfin məşqçilər heyəti məsələyə müdaxiləsi ilə aranı sakitləşdirmək mümkün olub.

Oyun bitəndən sonra isə “Energetik”in kapitanı Ruslan Həmidov meydan sahiblərinin paltardəyişmə otağına yollanıb. Hadisəni videolentə almaq istəyən “Futbol+” qəzetinin əməkdaşı Şəfi Şəfiyevə isə maddi və mənəvi ziyan dəyib. 

Məsələyə aydınlıq gətirmək üçün Ruslan Həmidovla əlaqə saxladıq. Kapitan Fanat.az-a açıqlamasında rəqibin paltardəyişmə otağına “razborka”ya getdiyini təsdiqləsə də, əlinə bıçaq alması ilə bağlı yazılanların cəfəngiyat olduğunu söylədi: 

“Bizim iki iranlı legionerimiz var nəfər - Sepehr Torkamanianafşar və Vahid Rostami. Deməli, oyunun gedişində rəqib futbolçu ilə bizim iranlı toqquşdu, adi bir epizod idi. Elə bu vaxt “Bakılı”nın futbolçusu onun başına şillə vurdu. Buna görə də, biz də komanda şəklində onun müdafiəsinə qalxdıq. Nə olsun iranlıdı, legionerdi? O, bizim komanda yoldaşımızdı, bir yerdə çörək yeyirik. “Şərurspor”la oyunda dalaşır, bizim iranlıya “qırmızı” verirlər. Bu oyunda başına şapalaq vururlar, biz dillənməli deyilik... Kasıb komandayıq deyə, bizim başımızdan basmalıdırlar? Biz də kişi kimi onlarla söhbətimizi elədik. 

Mənim oyundan sonra bıçağa əl atmağım absurddur. 32 yaşım var, ömür boyu əlimə bıçaq alıb, “razborka” eləməmişəm. Sadəcə, tort yemişdik, uşağın ad günü idi. Bıçaq da stolun üstündə olub, vəssalam. İnan Allaha, həmin bıçaq tortu güclə kəsirdi. Mən o qədər düşüncəsizəm ki, bıçağa əl atam? Amma rəqibin paltardəyişmə otağına getmişəm ki, vəziyyəti aydınlaşdıram. Çünki bizə ağır söyüş söyülmüşdü. Getdim, həmin futbolçu and-aman elədi ki, söyüş söyməmişəm, vəssalam. Çıxdıq gəldik”.


Həmidov “Futbol+” qəzetini əməkdaşı ilə bağlı yaşanan xoşagəlməz olaya da toxunub. O bildirib ki, məsələ araşdırılsın, günahları varsa, üzr istəməyə hazırdırlar: 

“Jurnalist məsələsinə gəlincə, mən rəqibin paltardəyişmə otağına gedən vaxt bizim futbolçu görüb ki, bir nəfər telefonla çəkir. Bu da deyib ki, çəkmə. Amma bilməyib ki, həmin adam jurnalistdir. Orda basırıq idi. Həm də Cavid Hüseynov söhbətindən sonra ağlı başında olan adam jurnalisti vurar? Bu qədər haqq-hesab oldu. Bizim futbolçu onun jurnalist olduğunu bilməyib. Həm də bizim əynimizdə paltar yox idi. Futbolçumuz da deyib ki, belə vəziyyətdə çəkmək düz deyil, vəssalam. Yoxsa, yazırlar hücum çəkib, telefonu alıb yerə vurub filan. Orda sıxlıq vardı, camaat itələşib, yəqin ki, elə onda telefonu əlindən düşüb. Mən komandanın ağsaqqalıyam. Məsələni araşdırsınlar, əgər günahımız varsa, həmin jurnalistdən də, media nümayəndələrindən də üzr istəyirik. Yenə deyirəm, bizim futbolçu həmin şəxsin jurnalist olduğunu bilməyib”. 

Fanat.Az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quothmin-bcaq-tortu-gucl-ksirdiquot-t54273.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR