Dünyada dollar vulkanı - rekordlar qıran ABŞ valyutası

Dünyada dollar vulkanı - rekordlar qıran ABŞ valyutası
18:33 19 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Yola saldığımız həftə dünya iqtisadiyyatında dollar vulkanı püskürdü. Əksər ölkələrdə dollar milli valyutalara qarşı yüksəldi. Venesuela, Hindistan kimi ölkələr bankomatlardan nağd pul çıxarışlarını limitləşdirdilər. Canet Yellen bacı isə yanan alovun üstünə su töküb bazarı daha da tüstülətdi. Belə ki, Federal Ehtiyatlar Sisteminin (FED) rəhbəri faiz artımının qaçılmaz olduğunu bəyan etdi.

Başlayaq, FED rəhbərinin məlum çıxışından. C.Yellen hazırda mövcud olan uçot dərəcəsinin müəyyən risklər yaratdığını, bu səbəbdən yaxın perspektivdə artımın olacağını deyib: “Bir sıra indikatorlar, o cümlədən məşğulluğun və inflyasiyanın səviyyəsi hədəflənən nöqtəyə çatmaqdadır. Uçot dərəcəsinin artımına səbəb olacaq amillər artıq xeyli güclənib. Bunun nəticəsində ABŞ-da iqtisadi artım tempi və inflyasiya 2% səviyyəsinə yaxınlaşır. Məşğulluğun səviyyəsi ilə bağlı qarşımıza qoyulan hədəflərə də çatmaqdayıq. Hazırkı uçot dərəcəsi istehsalı təşviq edir. Lakin istehsal bir qədər də böyüyə bilər. Bəzi xırda risklər uçot dərəcəsinin asta templərlə artırılmasını zəruri edir".

Nəzərə çatdıraq ki, C.Yellenin bəyanatı, Donald Trampın qələbəsi ilə dəyər qazanan dolları daha da bahalaşdırdı. ABŞ valyutası həftənin hər günü yeni rekorda imza atdı. Dollar indeksi 2003-cü ildən bu yana ən yüksək səviyyəsinə irəliləyərək 100.5 səviyyəsindəki kritik həddi keçdi. Səudiyyə Ərəbistanı açıq şəkildə milli valyuta - riyalın məzənnəsini süni şəkildə dəstəkləməkdən vaz keçə biləcəyini bildirdi. Səudiyyə Ərəbistanının şahzadəsi milyarder əl-Valid ibn Təlal buna səbəb kimi ölkəsinin qarşılaşdığı sosial, siyasi və maliyyə sahələrindəki dəyişiklikləri göstərdi

Əl-Validin sözlərinə görə, ən pis halda riyalın dollarla müqayisədə sabit olan cari məzənnəsinin dəyişməsi 2-3 il ərzində baş verə bilər. Qeyd edək ki, bu ölkənin məmurları neft qiymətlərinin düşməsi fonunda gəlirlərin azalması səbəbindən dəfələrlə sabit məzənnə ilə bağlı spekulyasiyalardan qaçmağa çalışıblar. Ölkənin baş bankiri Əhməd ibn Əbdül Kərim əl-Xalifi isə bildirib ki, S.Ərəbistanı sabit məzənnə siyasətinə sadiq qalmaqda davam edəcək.

Xatırladaq ki, bu il Səudiyyə Ərəbistanında iqtisadi artımın 1,3% təşkil edəcəyi gözlənilir və bu, 2008-2009-ci illərin böhranından sonra ən minimal səviyyə sayılır. Bu ölkədə dolların məzənnəsi isə 1980-ci ildən etibarən 3,75 SAR/USD səviyyəsindədir.

Bazarda “dollar qasırğasının” davam etdiyi vəziyyətdə neft istehsalçıları “qara qızıl”ın tamamilə dəyərsizləşməsinə qarşı səylərini davam etdirirlər. Əlcəzairin energetika naziri Nurəddin Buterfa Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) noyabrın 30-na Avstriyanın paytaxtı Vyanda keçiriləcək sammitində gündəlik neft hasilatının 32,5 mln. bareldən də aşağı salına biləcəyini deyir. Rusiyanın energetika naziri Aleksandr Novak isə bildirir ki, sammitdən əvvəl, noyabrın 28-də Vyanada OPEC-ə üzv olan və olmayan ölkələrin ekspertlər səviyyəsində görüşü olacaq.

Yada salaq ki, sentyabrın 28-də OPEC-ə üzv ölkələrin Əlcəzairdə keçirilən qeyri-rəsmi görüşündə neft hasilatının həcminin azaldılması barədə ümumi razılıq əldə olunub. Razılaşmaya əsasən, kartelə üzv ölkələr gündəlik neft hasilatını 32,5-33 milyon barel həcminə salınmasına qərar veriblər. Yekun qərarın isə noyabrın 30-da Vyanada keçiriləcək rəsmi görüşdə veriləcəyi gözlənilir.

Yola saldığımız həftə iqtisadiyyat nazirinin əlini qandallayan Rusiya isə bəyan etdi ki, Stress ssenari ilə neftin qiyməti 30 dollar/barelə düşsə dövlət büdcəsində köklü dəyişikliklər baş verməyəcək. Qonşu ölkənin maliyyə naziri Anton Siluanovun sözlərinə görə, son iki ildə ilk dəfə, 2017-ci il büdcəsində əlavə manevr etmək imkanları yaranıb: "Neftin qiyməti büdcədə 40 dollar/barel götürülüb, amma qiymət 30 dollar/barelə düşsə belə, bütün büdcəni dəyişdirməyə bilərik".

A.Siluanov həmçinin qeyd edib ki, yeni büdcə qaydalarına əsasən, rublun məzənnəsinin kəskin dəyişməsinin qarşısını almaq üçün xarici aktivlərdən istifadə etmək mümkün olacaq.

Gəldik çıxdıq öz ölkəmizə...

Güllük, gülüstanlıqdır.

Ötən həftə 2017-ci il dövlət büdcəsinin xərclərinin tərkib hissəsində dəyişiklik edildi. Qanun layihəsində, gələn ilin dövlət büdcəsinin gəlirləri ilə bağlı proqnozlar 15,955 mlrd. manat, xərcləri 16,6 mlrd. manat məbləğində saxlanılıb. Bundan fərqli olaraq gələn ilin dövlət büdcəsində mərkəzləşdirilmiş gəlirlər 22,087 mln. manat artırılaraq 15 mlrd. 334 mln. 706 min manat, yerli gəlirlər isə 22,087 mln. manat azaldılaraq 620 mln. 294 min manat səviyyəsində proqnozlaşdırılıb. Eyni zamanda, gələn ilin dövlət büdcəsində mərkəzləşdirilmiş xərclər üzrə proqnozun 29,556 mln. manat artırılaraq 15 mlrd. 911 mln. 286 min manat, yerli xərclər isə 29,556 mln. manat azaldılaraq 688 mln. 714 min manat məbləğində təsdiq edilməsi təklif olunub.

Xatırladaq ki, bundan əvvəlki variantda dövlət büdcəsinin mərkəzləşdirilmiş gəlirləri 15 mlrd. 312 mln. 619 min manat, yerli gəlirləri 642,381 mln. manat, mərkəzləşdirilmiş xərcləri 15 mlrd. 881,730 mln. manat, yerli xərcləri 718,270 mln. manat məbləğində proqnozlaşdırılıb.

Azərbaycanda gələn ildən yaşayış minimumunun da 155 manat olması təklif edilir. "2017-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsinə əsasən yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 12,7% və yaxud 18,5 manat artırılaraq 164,5 manata, pensiyaçılar üçün 13,2% və yaxud 15,2 manat artırılaraq 130,2 manata, uşaqlar üçün isə 16,8% və yaxud 19,6 manat artırılaraq 136,6 manata çatdırılıb.

Gələn il Azərbaycanda ehtiyac meyarının isə builki səviyyədə - 105 manat saxlanılması təklif edilir. Bu, "2017-ci il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihəsində nəzərdə tutulub.

Daha bir önəmli hadisə, Azərbaycanda aztəminatlı ailələrin güzəştli şərtlərlə mənzil sahibi olacağına dair daha bir sənədin imzalanmasıdır. Növbəti ilin may ayından artıq sosial mənzillərə sahib olmaq üçün müraciətlərə başlanılacaq. Prezident İlham Əliyevin fərmanı ilə təsdiqlənmiş "MİDA" Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi qaydası" sənədinə görə, mənzili güzəştli qiymətlə ipoteka krediti hesabına və ya ərizəçinin öz vəsaiti, yaxud kredit təşkilatından cəlb etdiyi kredit hesabına əldə etmək olacaq.

Güzəştli qiyməti (mənzilin satış qiymətini) cəmiyyətin təklifləri əsasında onun Müşahidə Şurası mənzilin orta bazar qiymətindən aşağı müəyyən edir. Mənzil tam təmirli və mətbəx mebeli ilə təchiz olunmuş vəziyyətdə təhvil verilir. Qaydaya əsasən, mənzil ipoteka kreditinin hesabına alındıqda, agent bankın verdiyi kreditin məbləği satış qiymətinin 90 faizini təşkil etməlidir (kreditin məbləğinin 90 faizdən az olması barədə borcalanın rəsmi müraciət etdiyi hallar istisna olmaqla).

“Azərbaycan İpoteka Fondu” isə vəsaiti hesabına verilən ipoteka krediti, o cümlədən güzəştli ipoteka krediti üzrə borcalanın (borcalanların) aylıq məcmu gəlirinin hesablanması Qaydası”nı təsdiqlədi. Qayda ASC-nin vəsaiti hesabına müvəkkil banklar tərəfindən ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi zamanı borcalanın (borcalanların) aylıq məcmu gəlirinin hesablanması ilə bağlı məsələləri tənzimləyir. Aylıq məcmu gəlir borcalanın (borcalanların) müraciətindən əvvəlki ardıcıl gələn 12 (on iki) aylıq dövr ərzində sabit və sənədlə təsdiq olunan bütün növ gəlirlərinin orta aylıq məbləğinin məcmusudur. Borcalanın (borcalanların) aylıq məcmu gəlirinin hesablanması zamanı Azərbaycan ərazisində əldə edilən, həm də onun hüdudlarından kənardakı mənbələrdən daxil olan milli və xarici valyutadakı gəlirləri nəzərə alınır. Borcalanın (borcalanların) aylıq məcmu gəliri hesablanarkən nəzərə alınan gəlir mənbələri muzdlu işlə əlaqədar gəlirlərə, muzdlu işlə əlaqədar olmayan gəlirlərə və alınmış cari transfertlərə bölünür. Gəlir hesablanarkən əməkhaqqı (tarif (vəzifə) maaşı, tarif (vəzifə) maaşına və ya əməkhaqqına əlavələr, mükafatlar), Əmək Məcəlləsi ilə işçinin iş yeri və əməkhaqqının saxlanıldığı dövr üçün ödənilən əməkhaqqı (o cümlədən əmək qabiliyyətinin müvəqqəti itirilməsi dövrü də daxil olmaqla), istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığın pozulmasına görə ödənişlər nəzərə alınır.

Məndən bu qədər...

Leyla Əliyeva


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hesabat/176587.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR