Düşməninə bənzəmək fəlakəti

Düşməninə bənzəmək fəlakəti
20:17 19 Noyabr 2016
62 Ölkə
Ölkə mətbuatı
A- A+

Birdən elə şeylər eşidirsən ki, matın-qutun quruyur. Çox şeyin xarab olduğunu bilirsən, çox adamdan çox şey gözləyirsən, amma bu qədərini də yox. Canın sıxılır, bir yerə, bir göyə baxırsan və hər şeyin yerbəyer olmadığını hiss edirsən. Hiss edirsən ki, nəsə ətrafında ciddi bir dəyişiklik var, çox şey pozulub, çox şey xarab olub və bu düşüncə ilə sanki udmağa hava tapmırsan, boğulursan. Elə bil hər şeyin bərəkəti qaçır, ağzının dadı itir, çox şeydən əlini üzürsən, gördüklərinlə barışa bilmirsən.
Milli.Az yeniavaz.az-a istinadən bildirir ki, bu günlərdə sosial şəbəkələrdə Çindən yayımlanan bir görüntü məni dəhşətə gətirdi. Demək belə, hanısa zəngin turistləri yaxşıca əyləndirmək üçün zooparkın ortasındakı geniş ərazidə var-gəl edən, rast gələcək ovu bir andaca parçalamağa hazır olan aslanların arasına canlı bir dana buraxır və vəhşilərin o yazıq heyvanı necə parçalayacağını əyani şəkildə nümayiş etdirirlər. Yük maşınının kuzovundan yerə düşürülən heyvan o andaca aslanların diqqət obyektinə düşür və heç 15-20 addım qaçmamış onların pəncəsi altında yerə sərilir. Dəhşətli bir ölümlə üz-üzə qalan danadan elə bir böyürtü çıxır ki, sözlə ifadə etmək mümkün deyil. Əslində o böyürtünün ən doğru adı fəryad idi, eyni vəziyyətə insan düşsəydi, onun da çıxardığı səs bundan az fərqli olardı. İki aslanın boğub yarımcan hala gətirdiyi, orasını-burasını parçaladığı heyvanı bu dəfə də bir maşının arxasına qoşaraq aslanların arasından çıxarırlar. Aslanlar yenə də ondan aralanmır və əldən çıxmaqda olan ovdan "nə qoparsan qənimətdir" məntiqi ilə daha çox qoparmağa çalışırlar.
Bu mənzərəni görmək də, yazıya almaq da, danışmaq da insana ağır gəlir. Dilsiz-ağızsız bir heyvana o işgəncəni verə bilmək üçün insanın insanlıqdan nə qədər uzaq olması lazımdır, heç bunu düşünürsünüzmü? İnsan gərək Allah xofundan xəbərsiz olsun ki, bu cür vəhşiliyi işləyə bilsin. Aslanların nə təqsiri var ki? Bir dananı parçalamaq aslan üçün nə cinayət sayılar, nə günah. Yəni onun yaşaması, qarnını və balalarını doyurması üçün bu dana bir neçə öynəlik yemdən başqa bir şey deyil. Daha doğrusu, aslanın dananı parçalaması vəhşilik deyil, normal haldır, vəhşilik bu mənzərəni təşkil etmək və o dəhşətli mənzərədən zövq ala bilməkdir. Söhbət bir dananın söhbəti deyil, söhbət məhv olmağa üz tutmuş insanlıq söhbətidir. Görün özünü insan adlandıran bu zavallılar nə hala gəliblər ki, aslan ağzında parçalanan bir dananın fəryadından zövq axtarırlar.
İnəyin, qoyunun yaradılış qayəsi insanın ərzaq ehtiyacını ödəməkdir. Bu heyvanları əyləncə obyektinə çevirmək, əyləncə bir tərəfə qalsın, bir canlının aslan ağzında parçalanmasından zövq almaq bəşəriyyətin çox böyük bir təhlükə ilə üz-üzə qaldığını xəbər verir. Biz nağıllarda oxumuşduq ki, padşah kimə hirslənsə, onu aslanların qabağına atdırır. Sivilizasiyanın yüksək mərhələsi sayılan XXI əsrdə bu vəhşiliyi gözümüzlə görürük. Bu gün bir dananın aslanlar ağzında parçalanmasından zövq alan birisi, kim zəmanət verir ki, sabah da insanlara eyni məşəqqti yaşatmaqdan və o mənzərəyə tamaşa eləməkdən ləzzət almayacaq? Bu, əslində insan psixologiyasının, əxlaqın deformasiyasıdır.
Hər il İspaniyada nə qədər öküz on minlərlə tamaşaçının gözü qarşısında nizələnərək öldürülür. Motodor hər dəfə nizəni öküzün belinə sancanda yazıq heyvan səndələyir, tamaşaçılarsa əl çalırlar. Buyurun, bu da sizə sivil Avropa mədəniyyəti. Bir də ki, Əndəlüsdə vicdanı sızlamadan müsəlmanların kökünü kəsən bir toplumun öküz öldürməkdən zövq alması bizə niyə qəribə gəlməlidir axı?
İslam əxlaqında savaşın da, öldürməyin də əxlaqı var. Əgər düşmənlə üz-üzəsənsə, ölümünü gözaltına alıb savaşacaqsan. Savaşacaq və öldürəcəksən, təbii ki, savaşda ölmək də var. Ömər Muxtarın təbirincə desək, başının tükü sayda düşmən öldürər, amma birini də təhqir etməz. Hərdən mənə elə gəlir ki, biz düşmənlə savaşa-savaşa düşmənə oxşamağa başlayırıq. Bu fəlakətdir. Sənin öz dəyərlərin, öz əxlaqın var, qarşı tərəfin isə tamam başqa. Sən əxlaqından, dəyərlərindən vaz keçə bilirsənsə, onda nəyin uğrunda bu qədər əzaba qatlanırsan?
Nə deyim, vallah hərdən gördüklərimdən heyrətə düşürəm, boğula-boğula qalıram, deməyə söz tapmıram. Cahillər dünyanı yaşanmaz hala gətirdilər, istər Asiyada, istər Avropada, istərsə də elə evimizin içində.
İbrətli hekayə
İki böyük Allah aşiqi, Cüneyd Bağdadi və Əbubəkr Şibli eyni gündə xəstələnib yorğan-döşəyə düşürlər. Vəziyyətin o qədər də yüngül olmadığını görənlər onların üstünə həkim çağırırlar. Həkim də kim olsa, yaxşıdır, məhəllənin ən dinsizi. Həkim Bağdadidən soruşur ki, şikəyəti nədəndir, Bağdadi isə "heç"dən başqa bir söz söyləmir. Şibli isə həkimin eyni sualına cavab verərkən bir saat dayanmadan dərdlərini sayıb tökür. Həkim gedir və bir neçə gündən sonra onların hər ikisi yaxşılaşıb ayağa qalxır. Bağdadi Şiblidən soruşur:
- O dinsiz səndən dərdini soruşanda niyə o qədər sayıb tökdün?
Şibli də cavabında de yir:
- İstədim o dinsizin qulağına sırğa olsun, bilsin ki, Allah-Təala öz dostuna bunları edirsə, gör onun kimi dinsizə nələr edəcək.
Bu dəfə də sual növbəsi Şibliyə çatır:
- Yaxşı bəs sən niyə onun suallarına "heç"dən başqa bir cavab vermədin? Hikməti nədir?
Bağdadi yüngülcə başını bulayır:
- Hikməti-zadı yoxdur, sadəcə dostdan düşmənə şikayət etməyə utandım.
Sən həddini aşdın...
Bir gün səhabələrdən biri dünyasını dəyişir və Rəsulullah (s.ə.s.) onun dəfn mərasiminə gedir. Rəsulullahın gəldiyini görən bir xanım ölünün ardınca uca səslə belə qışqırır:
- Ey filankəs, sən cənnətliksən, sənin dəfninə Allahın peyğəmbəri gəlib.
Hz. Muhamməd (s.ə.s.) həmin qadının dediyi sözləri eşidir və bərk hirslənir:
- Ey qadın, sən həddini aşdın. Mən Allahın peyğəmbəri olduğum halda sabah başıma nələr gələcəyini bilmirəm, amma sən bu mərhumun cənnətlik olduğunu söyləyirsən. Həddini bilsənə!
Həmin hadisədən sonra Mədinədə səhabələr həmin qadına salam vermədilər, onunla danışmadılar və hətta bəziləri onu "Dəccal" adlandırdı.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/490702.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR