Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Sizin binada lift işləyir? - Bakı sakinlərinin əbədi lift problemi - FOTO

Sizin binada lift işləyir? - Bakı sakinlərinin əbədi lift problemi - FOTO

Date: 19 November 2016 23:47

"9 mərtəbəli binanın sonuncu mərtəbəsində yaşayıram. Bütün köhnə binalarda olduğu kimi, bizdə də lift ancaq 7-ci mərtəbəyə qədər qalxırdı. Təsəvvür edin, iki mərtəbəni kimlərinsə qucağında qalxmağa məcbur olurdum, daşıyan da əziyyət çəkirdi, mən də". Qaradağ rayonu, Sahil qəsəbəsi, 59-54 ünvanında yaşayan akademik avarçəkmə üzrə paralimpiyaçı Asif Qasımov deyir bunları.

Fiziki imkanları məhdud olan idmançımız yaxınlarını əziyyətdən qurtarmaq üçün Qaradağ Rayon İcra Hakimiyyətindən tutmuş, "JEK"ə qədər bütün qurumlara müraciət edib. Nəhayət, lift təmir olunub, 9-cu mərtəbəyə qədər qalxıb. Amma... Məsələnin "əmma"sı ondadır ki, idmançımızın problemi tam həllini tapmayıb. Lift iki gündən bir xarab olduğundan o, çox zaman maşında gecələməyə məcbur qalır.

"Hündürmərtəbəli binada yaşayasan, amma liftin işləməyə. Sən də həyət üzünə həsrət qalasan". Bunu isə Xətai rayonu, Xudu Məmmədov küçəsində yaşayan 76 yaşlı Fazil İsgəndərov deyir. Şikayətçi bildirir ki, sonuncu dəfə yarım saatdan çox liftə qalıb, işıq və havalandırma sistemi olmadığından vəziyyəti pisləşib. İndi aylardır həyətə düşmür, çünki tez-tez xarab olduğundan liftdən istifadə etməkdən çəkinir...

Rəsmi statistikaya görə, Bakıda 1243 binada istismar müddətini tamamlamış 5200 lift var. 9 mərtəbəli binalarda hər blokda orta hesabla 20 mənzil olduğunu nəzərə alsaq, deməli, 100 mindən çox ailə üçün lift hələ də təhlükə mənbəyi olaraq qalır.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, liftlərin təmir və yenilənməsi üçün hər il milyonlarla manat vəsait ayrılır. Amma məsələ ondadır ki, təxminən 35-36 il əvvəl istifadəyə verilən liftlərin istismar müddəti 25 ildir. Yəni təmir olunmasına baxmayaraq, bu liftlər artıq ömrünü başa vurub. Belə liftlərdən istifadə edənlərin həyatı isə Allahın ümidinə qalıb.

Bəs vəziyyətdən çıxış yolu yoxdurmu? Bakı Lift Təmir İstehsalat Birliyi çıxış yolunu bütün liftlərin yenisi ilə əvəzlənməsində görür. Amma bir şərtlə... Darıxmayın, şərti öyrənəcəksiz.

"Elə bil zəlzələ olur"

Binəqədi rayonu, Naxçıvani küçəsindəki 9 mərtəbəli binaların sakinləri liftdən istifadə etməyə qorxurlar. Ancaq təkcə ona görə yox ki, lift yarı yolda xarab olacaq. "Lift o qədər köhnəlib ki, işə düşəndə bütün bina sirkələnir. Bəzən qapılar açılana qədər həyəcan keçiririk. Hər an tros qırıla bilər", - ərazidə yaşayan Rəhim Rəhimov deyir.

Bu binalardakı litflərin içərisindən sidik iyi gəlir, düymələr siqaretlə yandırılıb. Liftlərdə yalnız 1 düymə işləyir, məsələn, 3-ü basıb 9-cu mərtəbəyə qalxırsan.

Xətai rayonu Xudu Məmmədov, General Mehmandarov, Məhəmməd Hadi küçələrindəki binalarda da vəziyyət eynidir. Lampalar və düymələr sındırılıb, divarlardan çirk damır, lift nərildəyib işə düşərkən sanki zəlzələ baş verir.

Lift işləmirsə...

Lift xarab olduqda hara müraciət etmək lazımdır? Baş çəkdiyimiz ünvanlarda liftlərin qarşısında nə bir elana, nə də telefon nömrəsinə rast gəlmədik. Buna görə də, kiminsə harayı eşidib köməyə gələcəyini gözləməkdən başqa çarə qalmır.

Bəzi binalarda isə sakinlər tanıdıqları ustaya müraciət edirlər. "Bizim qonşunun bir qohumu var, liftən başı çıxır. Liftdə adam qalanda o gəlib çıxarır", - Xudu Məmmədov küçəsi, 41-də yaşayan Adilə xanım deyir. Bu küçədəki 9 mərtəbəli binalarda liftlər yeni təmir olunub. Amma, məsələn, dünən binada liftlər xarab olmuşdu.

Qeyd edək ki, kooperativ binalarda da sakinlər bu problemlə üzləşirlər. Lift xarab olduqda hara müraciət ediləcəyi bəlli deyil. Bəzən sakinlərin köməyinə Fövqəladə Hallar Nazirliyi çatır. Nazirliyin rəsmi saytında "liftdə köməksiz qalanlara yardım göstərildi" kimi xəbərlərə hər ay rast gəlirik.

Liftlərin təmir və yenilənməsi üçün 15 milyon

Liftlərin təmir və yenilənməsi üçün hər il nə qədər vəsait ayrıldığı ilə bağlı Bakı Lift-Təmir İstehsalat Birliyinə ünvanladığımız sorğuya cavab ala bilmədik. Amma ölkə mətbuatında bu quruma 15 milyon manata yaxın vəsaitin ayrıldığı barədə informasiya yer alıb.

"Liftlərin dəyişdirilməsi prosesi mərhələli şəkildə həyata keçirilir. Bakı şəhəri üzrə Mənzil İstismar Sahələrinin balansında 5275 lift var. Bunların da 1590-nı artıq dəyişdirilib, 950-si təmir olunub. Yeni liftlər Amerikanın "Otis" firmasının Moskvada və Sankt-Peterburqda yerləşən müəssisələrindən alınır", - bu, Istehsalat Birliyinin mətbuata verdiyi açıqlamadandır.

Amma 1 liftin neçəyə başa gəldiyi açıqlanmır. Eləcə də, liftlərin təmirinə sərf olunan vəsaitin məbləği və ya bu kimi digər məlumatlara nə Bakı meriyasının rəsmi saytında, nə də Istehsalat Birliyinin hesabatlarında rast gəlmədik. Birliyə ünvanladığımız suallara cavab belə oldu: "Yaxşı olar ki, suallarınızı rəsmi qaydada ünvanlayasınız. Biz də baxıb, 1-2 günə cavab verərik".

Biz də deyilənləri yerinə yetirib sualları göndəririk. Amma məsul şəxsin təmir-tikintiyə nəzarətə getdiyini, gah da xəstə olduğu üçün işə çıxmadığını dedilər. Bu arada, onların cavabı olmadan yazı verməyin yaxşı bitməyəcəyini də üstüörtülü xatırlatdılar.

Günah sakinlərdə imiş

Qayıdaq Istehsalat Birliyinin şərtlərinə. Bakı-Lift Təmir İstehsalat Birliyi lift probleminin köhnə liftlərin yenisi ilə əvəzlənərək çözüləcəyini güman edir. Amma dediyimiz kimi bir şərtlə: sakinlər lifti xarab etməsinlər. Məsələn, Birliyin mətbuata açıqlamsında belə deyilir: "Yeni liftlər keyfiyyətlidir. Amma insanlarımız evlərini təmir edən vaxt, oradan çıxardıqları lazımsız əşyaları, zibilləri daşıyanda liftləri həddən artıq yükləyirlər. Eləcə də, liftlər əlavə elektrik cərəyanlarına qoşulur. Əgər lift üç adamı qaldırmaq üçün nəzərdə tutulsa, birdən-birə 5-6 adam liftə minir. Əlbəttə, belə halda qəza baş verə bilər".

Əslində, qurum bu məsələdə az da olsa haqlıdır, lakin bir nüansı nəzərə almalıyıq. Ekspertlər deyir ki, liftlərdə çox zaman paraşüt sistemində olan ciddi qüsurlar qəzaların baş verməsinə səbəb olur. Yəni lift yeni olsa belə, keyfiyyətsiz quraşdırıldıqda, texniki şərtlərə əməl etmədikdə paraşütlər açılmır. Nəticədə, lift şaxtaya düşür. Normal liftlər yüklənəndə və ya digər problemlər olduqda sadəcə işləməməlidir. Son 3-4 ildə baş verən qəzalar isə onu göstərir ki, lift texniki problem yarandıqda birbaşa şaxtaya düşür. Beləliklə, bəlli olur ki, keyfiyyətlə yanaşı, quraşdırarkən texniki şərtlərə əməl edilməsi də önəmlidir. Yoxsa ki, hər dəfə qəza baş verdikdə və ya lift xarab olduqda günahkar axtarmaqla problem həll olunmayacaq.

Milli.Az









Tags:  Sizin binada lift işləyir Bakı sakinlərinin əbədi lift problemi FOTO


RƏYLƏR


Top news