Bakının "uçan", "sürünən" piyadaları: müdirin adını da bilmirlər - FOTO

Bakının "uçan", "sürünən" piyadaları: müdirin adını da bilmirlər - FOTO
18:27 20 Noyabr 2016
106 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının əsas prospektlərindən biri olan Babək prospektində bir neçə yerdə piyada yolu zəbt edilərək dayanacağa çevrilib. Prospektin bəzi yerlərində 150 metrlik, bəzi yerlərdə isə 650 metrlik məsafə zəbt edilib. Zəbt edilən yerin qapısına isə bir neçə tərəfdən qıfıl vurulub. 

Milli.Az bildirir ki, musavat.com saytına bu barədə məlumat verildikdən sonra ərazidəki vəziyyətlə tanış olmaq üçün saytın əməkdaşı deyilən ünvana baş çəkib. 

Prospektin bu hissəsində vəziyyətin acınacaqlı olduğunu elə ilk baxışdan görmək mümkündür. Avtomobil yoluna çıxan piyada, bu piyadaları vurmamaq üçün maşını sağa-sola yayındıran sürücülər və s.

Piyadaların sözlərinə görə, artıq bir neçə aydır ki, yolun sözügedən hissəsi bilinməyən səbəblərə görə qapadılıb.

Ərazidə yerləşən marketlərin birində işləyən və bu yoldan mütəmadi olaraq istifadə edən Zakir İmanov bildirir ki, piyadalar üçün nəzərdə tutulmuş bu yer artıq bir neçə aydır ki, qapadılıb: "Səkiyə giriş də, çıxış da qapadıldığı üçün ya dəmirlərin altından əyilərək keçirik, ya da yolun qırağı ilə getməyə məcbur oluruq. Bu da həm bizə, həm də avtomobil sürücülərinə təhlükə yaradır".

Sürücülər də bu haldan şikayətçidirlər. Taksi sürücüsü Əlayif Hacıyev deyir ki, piyadaların yolun kənarı ilə getməsinə görə bir neçə dəfə təhlükəli vəziyyətlə qarşılaşıblar: "Ən çox axşam vaxtlarında təhlükəli olur prospektin bu hissəsi. Qaranlıq olur, piyada qəfildən yola çıxır və bu da onlara da, bizə də təhlükə yaradır. Onları da qınamaq olmur ki, nə üçün yolun ortası ilə gedirsən. Çünki başqa yolu yoxdur. Ya göylə uçmalıdır, ya da avtomobil yolu ilə getməlidir".

Ətrafda işləyənlərin sözlərinə görə, piyada cığırını ərazidə parklanma üçün nəzərdə tutublar: "Qapılara qıfıl vurulub. Gün ərzində müxtəlif maşınlar gəlir və ancaq qıfıllar onlara görə açılır, maşınlarını saxlayıb, gedirlər".

Sanki özəl parkinq yeri yaradılıb. Lakin maraqlısı bundadır ki, prospektin bu hissəsi parkinq üçün olduqca yararsızdır. Çünki iş yerlərinin əksəriyyəti ərazi ilə üzbəüz olan hissədə yerləşir və burada avtomobili park edib, iş yerinə getməyin özü böyük faciələrə səbəb ola bilər.

Məsələni aydınlaşdırmaqdan ötrü ərazidə işləyənlərlə söhbət etdik. Söhbətimiz zamanı məlum oldu ki, onlar harada işlədikləri barədə məlumata sahib deyillər və müdirlərinin adını belə bilmirlər. 

Hər halda, ümid edirik ki, aidiyyəti qurumlar bu görüntülərdən sonra yaranmış vəziyyətlə bağlı müəyyən tədbirlər görərlər.

Milli.Az







Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/491259.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR