Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Qüdrət Qurbanov Beynəlxalq Dəniz Təşkilatının Dəniz Təhlükəsizliyi Komitəsinin sessiyasında iştirak edir

Qüdrət Qurbanov Beynəlxalq Dəniz Təşkilatının Dəniz Təhlükəsizliyi Komitəsinin sessiyasında iştirak edir

Date: 20 November 2016 18:52

Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Beynəlxalq Dəniz Təşkilatının Dəniz Təhlükəsizliyi Komitəsinin 97-ci sessiyasında iştirak edir.

Dövlət Dəniz Administrasiyasından Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış agentliyi olan, 1995-ci ildən Azərbaycan Respublikasının üzvü olduğu Beynəlxalq Dəniz Təşkilatının (IMO) London şəhərində yerləşən baş qərargahında adıçəkilən Təşkilatın Dəniz Təhlükəsizliyi Komitəsinin 97-ci sessiyasında ölkəmizi təmsil edir. 
Cari ilin 25 noyabr tarixinədək keçiriləcək sessiyada dəniz üzgüçülüyünün təhlükəsizliyinin təmin edilməsi, dəniz mühitinin mühafizəsi, gələcəkdə dəniz qəzalarının qarşısının alınması, eləcə də beynəlxalq ictimaiyyəti dərindən narahat edən dəniz quldurluğu halları ilə mübarizəyə dair ümumi müzakirələr aparılacaqdır.

Həmçinin sessiyada "Dənizdə insan həyatının mühafizəsinə dair Beynəlxalq Konvensiya"ya, "Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair Beynəlxalq Konvensiya"ya, "Maye qazları qalama şəklində daşıyan gəmilərin inşası və avadanlıqlarına dair Beynəlxalq Məcəllə"yə, "Neft tankerlərinin və qalama yüklər daşıyan gəmilərin yoxlanılması üzrə genişləndirilmiş təftiş proqramı haqqında Beynəlxalq Məcəllə"yə, "Dayanıqlılığa dair Beynəlxalq Məcəllə"yə və dəniz nəqliyyatı sahəsi üzrə bir sıra digər mühüm sənədlərə təklif edilən dəyişikliklərin nəzərdən keçirilməsi planlaşdırılır.

Qeyd olunan sessiya çərçivəsində Azərbaycan nümayəndə heyətinin Beynəlxalq Dəniz Təşkilatının rəsmiləri, sessiyaya qatılmış bir sıra üzv dövlətlərin nümayəndə heyətləri ilə baş tutacaq ikitərəfli görüşlərində qarşılıqlı əməkdaşlığın daha səmərəli və effektiv həyata keçirilməsi, habelə dəniz nəqliyyatı sahəsi ilə bağlı ölkəmiz üçün əhəmiyyətli olan bir sıra mühüm məsələlər ətrafında fikir mübadiləsinin aparılması nəzərdə tutulur.

Milli.Az


Tags:  Qüdrət Qurbanov Beynəlxalq Dəniz Təşkilatının Dəniz Təhlükəsizliyi Komitəsinin sessiyasında iştirak edir

RƏYLƏR


Top news