"Qızımın məşhur olmasını istəmirəm" - FOTO

"Qızımın məşhur olmasını istəmirəm" - FOTO
18:57 20 Noyabr 2016
239 Şou
Ölkə mətbuatı
A- A+

Milli.Az xanəndə Gülay Zeynallının musavat.com-a müsahibəsini təqdim edir: 

- Yaradıcılığınızda hansı yeniliklər var?

- Məhərrəmlik ayında toylar olmadığı üçün vaxtımı yeni mahnı yazdırmağa və ailəmə ayırıram. Musiqisi İlhamə Adilqızı, sözləri Nazim Əjdərə məxsus olan "Bağışla məni" adlı mahnını təqdim etdim. "Oyna-oyna" mahnısını təqdim etməyə hazırlaşıram. Elmira Rəhimovanın repertuarına müraciət etmişəm. Köhnə mahnılardan birini yeni aranjmanda, amma çərçivədən çıxmadan hazırlayacağıq. İşlərim çoxdur, zaman-zaman hazırlayıb, dinləyicilərə təqdim edəcəyəm.

- Demək olar ki, şou-biznesin ən qalmaqalsız müğənnisisiniz. Küsülü olduğunuz birisi varmı?

- Mən kinli, paxıl insan deyiləm. Hamısı ilə münasibətim gözəldir. Sağlam rəqabət aparmaq lazımdır. Kiminsə paxıllığını çəkməklə, kiminsə ruzisinə göz qoymaqla qabağa getmək olmaz. Hər kəs öz işi ilə məşğul olsa, gözəl olar. Biz tək özümüzün yox, ətrafımızdakı insanların da xoşbəxt olmasını istəməliyik.

- Qızınız da siz və həyat yoldaşınız Kamil bəy qədər məşhurdur. Onun gələcəkdə tanınmış birisi olmasını istərdinizmi? 

- Çox arzulayıram ki, övladım həkim olsun. Insanın sevdiyi sənəti seçməsi önəmlidir. Sevmədiyimiz sənətdə irəliləyə, uğur qazana bilmərik. Biz ona valideyn kimi yol göstərəcəyik, məsləhət verəcəyik. Lakin özü hansı peşəni seçsə, o yolda irəliləyəcək.

- Qızınızın musiqi duyumu varmı?

- Qızımın musiqi duyumu var. Mən maşında qulaq asdığım mahnılara diqqət edir. Hind musiqilərini sevir, sözlərini yadda saxlayıb, oxuyur. Amma mən ana olaraq qızımın həkim olmasını istəyirəm.

- Övladınızın tərbiyəsi ilə kim məşğul olur? Ona kifayət qədər vaxt ayıra bilirsinizmi?

- Qızım həyatımızın mərkəzindədir, o, hər şeydən önəmlidir. Tərbiyəsi ilə ikimiz də məşğul oluruq. Kamil daha ərköyün böyüdür. Adətən kişilər oğul övladı istəyir. Amma qızı daha çox sevirlər. Kamil qızımıza çox bağlıdır. Onunla çox vaxt keçirməyə çalışır. Sosial şəbəkədən də daim qızımızla birlikdə olduğu görülür. 

- Qızınız hələlik balacadır, qadağalar qoymağa başlamısınız, yoxsa tez olduğunu düşünürsünüz?

- Ona çərçivələri mən qoyuram. Iki məşhur simanın qızı olduğu üçün hər istədiyinin yerinə yetəcəyini düşünməsini istəmirəm. Biz uşaq olanda hər istədiyimiz alınmayıb, maddi imkan yol verməyib. Biz qızımızın hər istədiyini alırıq. Amma o da çərçivə içərisində olur. Ərköyün böyüməsini istəmirəm. Böyüdükcə qadağalar qoyacağıq. 

- İkinci övlad haqda düşünürsünüzmü?

- O, planlı iş deyil. Allah nə zaman nəsib edərsə, o zaman ikinci övladımız olacaq. Biz  övladımızın tək olmasını istəmərik. Övlad Allahın qismətidir. 

Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/491265.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR