Yalandan Qurana əl basmağın günahı nədir?

Yalandan Qurana əl basmağın günahı nədir?
19:27 20 Noyabr 2016
267 Ölkə
Ölkə mətbuatı
A- A+

Qurani Kərimə Uca Allahın kəlamı kimi and içmək icazəli olsa da, əksər alimlər deyirlər ki, ehtiyat baxımından and içilməməsi daha çox məsləhət görülür, çünki insanlar Qurana and içilən zaman Quranın içindəki Allahın kəlamını deyil, Quranın özünü başa düşə bilərlər. Əslində and, yalnız Uca Allaha, onun adlarından və ya sifətlərindən birinə and içməklə and sayılır. Abdullah ibn Ömər (Allah onlardan razı olsun) deyir ki, peyğəmbər (sallallahu aleyhi və səlləm) miniyi ilə gedən Ömər ibn Xəttabın ata-babasına and içdiyini eşitdi və belə dedi: "Həqiqətən uca Allah ata-babanıza and içməyi sizə qadağan edir. Kim and içərsə Allaha and içsin ya da sussun". (Buxari, Muslim, Əbu Dəvud, Tirmizi)
Milli.Az zikr.az-a istinadən bildirir ki, yalandan içilən and, kiminsə haqqını tapdalamaq, yaxud fasiqlik və xəyanət məqsədi üçün içilən anddır. Bu böyük günahlardan biridir və buna görə kəffarə yoxdur. Bu halda and içənin tövbə etməsi vacibdir. Bundan sonra çoxlu xeyirli əməllər edərək Allahdan bağışlanma diləməlidir. Məsələn, əlavə namazlar qılmaq, valideynlərə yaxşılıq etmək, sədəqə vermək və s. Uca Allah buyurur: "Andlarınızı aranızda hiylə vasitəsinə çevirməyin. Yoxsa ayağınız möhkəm dayanmış ikən sürüşər və (insanları) Allah yolundan döndərdiyinizə görə əzabı dadarsınız. Sizin üçün axirətdə də böyük bir əzab hazırlanar". (ən-Nəhl, 94). Məşhur təfsir alimi Tabəri (Allah ona rəhmət etsin) demişdir: "Ayənin mənası odur ki, əslində verdiyiniz əhdlərə xəyanət etdiyinizi bilə-bilə, zahirən bu əhdlərə sadiq olduğunuzu göstərməklə onları arxayın salmaq üçün, içdiyiniz andları xəyanət kimi istifadə etməyin". (Təfsir ət-Tabəri: 14/ 166)
Doğrudan and içib sonra onun pozmağın kəffarəsi haqqında Uca Allah buyurur: "Allah sizi qəsdiniz olmadan içdiyiniz andlara görə (onları pozmağa görə) cəzalandırmaz, lakin O, sizi qəsdlə içdiyiniz andlara görə cəzalandıracaqdır. Bunun kəffarəsi ailənizə yedirtdiyinizin orta hesabı dəyərində ya on kasıbı yedirtmək və ya onları geyindirmək və yaxud da bir köləni azad etməkdir. (Kəffarə vermək üçün bir şey) tapmayan kimsə üç gün oruc tutsun. Bu, and içib sonra pozduğunuz andlarınızın kəffarəsidir. Andlarınızı qoruyun! Allah Öz ayələrini sizə bu cür bəyan edir ki, bəlkə şükür edəsiniz". (əl-Məidə, 89)
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/490795.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR