Tərlan Əhmədov günahı özündə görüb, söz verdi: Sonuncu olmayacağıq

Tərlan Əhmədov günahı özündə görüb, söz verdi: Sonuncu olmayacağıq
19:42 20 Noyabr 2016
40 İdman
Ölkə mətbuatı
A- A+

"Ən rahat danışıq məğlubiyyətdən sonra olur (gülür). Rəqibi təbrik edirəm. Bizdən çox güclü idilər. Hərdən elə şeylər baş verir ki, niyə baş verdiyini anlaya bilmirəm. Komadan oyuna tam köklənə bilməmişdi. Bunun səhvi məndə idi".

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri AZAL-ın baş məşqçisi Tərlan Əhmədov deyib.

Azərbaycan Premyer Liqasının XII turunda səfərdə "İnter"lə qarşılaşan "təyyarəçilər" 0:3 hesabı ilə məğlub olublar.

Oyundan sonra təşkil olunan mətbuat konfransında Əhmədov öz fikirlərini bildirib və jurnalistlərin suallarını cavablandırıb.

"Fasilədən yararlana bilmədik. Komandamdan bu oyunu gözləmirdim. Hər halda, bu da bir təcrübədi, yaşayırıq, görürük. Dəyişikliklər olacaq. "Sumqayıt"la oyundan sonra kimlərin gedəcəyi və gələcəyi bəlli olacaq. Yayda gələnlərdən Aqil Məmmədovdan başqa heç kim ümidləri doğrultmur. Maliyyə çətinliyinə baxmayaraq, normal komanda quracağıq. Bugünkü oyunla bağlı danışacaq heç nə yoxdu. Məğlubiyyətin əsas səbəbkarı mənəm".

- Rəşad Abdullayevin komandaya tam uyğunlaşa bilmədiyi görünür. Gedənlər kimlər olacaq?

- Bunu indidən deyə bilmərəm. Fikrət müəllimlə danışmışıq. Ancaq "Sumqayıt"la oyundan sonra kimlərin gedəcəyini açıqlayacağıq. Rail Məlikovun gedişindən sonra mənim üçün komandada lider yoxdu. Rəşadın uyğunlaşmaqla bağlı çətinliyi var. Bəlkə də, futbolçular onun kimi təcrübəli olmadığına görə, bu, onun da oyununa mane olur.

- Fok bugünkü oyunu ilə ölkədəki gənc oyunçulardan fərqlənmədi. Demək olar ki, bu gün onun dəftəri "bağlandı"?

- İlqarla Adanın cəzalı olması işimizi çətinləşdirirdi. Buna görə məcburiyyətdən onu meydana buraxdım. Demək olar ki, artıq onunla yollarımızı ayırdıq.

- Komandanın bu mövsümdə məqsədi nədi?

- Hələ heç nə bilmək olmaz. Ötən mövsümdə 5 turdan sonra qol vurmamışdıq. Ancaq sonda avrokuboklara vəsiqə uğrunda mübarizə aparırdıq. Bu gün sizə söz verirəm ki, AZAL sonuncu yeri tutmayacaq.

- Bu il yüksək liqada qalmaq uğrunda AZAL-ın rəqibi kimdi?

- Mən heç kimi rəqib saymıram. Ötən il "Rəvan"a da, "Xəzər Lənkəran"a da uduzmuşduq. Ancaq sonda "Neftçi"ni, "İnter"i məğlub etdik. Bizim üçün 8 komandanın hamısı birdi. 3-cü dövrədə elə komanda quracağıq ki, yaxşı mübarizə aparaq. Əlimizdə olan imkanlardan istifadə edəcəyik. Dediyim kimi, klub rəhbərliyi kömək etməsə, öz vəsaitim hesabına oyunçu alacam (gülür).

- Komanda qış fasiləsində ölkə xaricinə təlim-məşq toplanışına yollanacaq?

- Bu sualı verməsəz yaxşı idi (gülür). Bakıda yox, Şüvəlanda qalacağıq. Bu maliyyə ilə yayda ölkə xaricinə çıxmadıqsa, indi hara gedəcəyik?

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/491271.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR