Dağa dersən, eşidir...

Dağa dersən, eşidir...
20:17 20 Noyabr 2016
75 Ölkə
Ölkə mətbuatı
A- A+

Adı çəkiləndə istər-istəməz bir beyti ağlımıza gəlir:
İmzasını qoymuş miləl övraqi-həyata,
Yox millətimin xətti bu imzalar içində.
Bəli, həyatı təlatümlər qoynunda keçən, nə zaman olduğu kimi, harada öldüyü də tam məlum olmayan, böyük istedad sahibi, coşqun təbiətli Məhəmməd Hadidən danışırıq. Taleyin ironiyasına bax ki, bir şeirində oxucundan onu yad etməyi, məzarı başına gəlib ağlamağı, adını çəkib dua eləməyi istəyir, amma heç məzarı da yoxdur ki, oxucusu onun bu istəyini yerinə yetirsin, yaxud varsa da Allahdan savayı kimsəyə bəlli deyil ki, o daşın altında yatan Məhəmməd Hadidir.
***
Milli.Az yeniavaz.az-a istinadən bildirir ki, kim nə deyir-desin, bizdə araşdırma yox səviyyəsindədir. Əslində Hadinin ədəbi irsini toplamaq, külliyyatını oxucuya təqdim eləmək o qədər də çətin məsələ deyil, amma bunun üçün vicdanla çalışmaq, öz işini başdansovdu deyil, ən gözəl şəkildə yerinə yetirmək lazımdır. Onun gəzdiyi coğrafiyalar, çalışdığı qəzet və jurnallar, çap olunduğu mətbəələr məlumdur. Vicdanlı bir araşdırmaçı bu işin öhdəsindən asanlıqla gələ bilər. Onun əsərləri XX əsrin əvvəllərində Bakıda çıxan bütün qəzet və jurnallarda çap olunub, İstanbulda "Tənin", "Rübab", "Şahübal", "Mahitab", "Hilal" qəzetlərində verilib, o zaman Hindistanda çıxan "Həblül-Mətin" qəzetində yayınlanıb, bür müddət yaşadığı və qəzet redaktoru kimi fəaliyyət göstərdiyi Həştərxan qəzetlərində gedib. İndi onları bir araya toplamaq, pərakəndə düşmüş bir mirası toplu halda xalqa təqdim etmək üçün zəhmət çəkmək, aylar uzunu arxivlərdə oturmaq, toz basmış qəzetləri səhifə-səhifə çevirmək lazımdır.
***
Böyik söz ustadı Məhəmməd Hadinin hələ erkən yaşlarında qələmə aldığı şeirlərdən bəlli olurdu ki, bu adam sıradan birisi deyil, köksündə ümman kimi bir ürək gəzdirir, xəyalı göylərlə əlləşir. Onun həyatı əvvəldən axıra kimi təlatümlü dəniz kimi dalğalanmışdır. Qırx illik ömrü əzab-əziyyət içində keçmiş, müəmmalı bir sonluqla da müəmmalı bir ünvanda başa çatmışdır. Dərd-qəmini dağıtmaq üçün tez-tez dağlara çıxar, meşələrdə dolaşar, cəmiyyətdən ala bilmədiyi rahatlığı, feyzi quşların səsindən, çayların şırıltısından, külək əsəndə bir-birinə toxunan yarpaqların pıçıltısından almağa çalışardı.
Aylı-ulduzlu gecələrdə sükuta dalmış aləmi, ulduzların sayrışmasını, göy üzünü bəzəyən Ayın hüsnünü seyr edə-edə hər cür dərddən, ağrıdan, cəhalətdən uzaq bir aləm axtarırdı özünə.
***
Hadi şairlər yurdu Şamaxıda anadan olmuş, uşaq yaşlarında atasını itirmişdir. Ona görə də, uşaqlıq və gənclik illəri sıxıntı içində keçmişdir. İlk təhsilini Abbas Səhhətin atası molla Əliabbasın məktəbində almışdır. Ərəb və fars dillərini öyrənmiş, ruscanı da oxuduğu qəzet və jurnallar sayəsində mənimsəyə bilmişdir. Sonra Sarıtorpaq məhəlləsində, məscid hücrəsində şair, "Süxtə" təxəllüsü ilə şeirlər yazan Əhməd Əfəndinin şagirdi olur. Hadi illər sonra bu müəllimindən tez-tez söhbət salar, ondan çox şeylər öyrəndiyini deyərmiş.
***
Hadi gənc yaşlarında bir qıza aşiq olur və onu dəlicəsinə sevir. Ancaq qızı ona deyil, varlı bir tacirə verirlər. Bu hadisə Hadinin könlündə ağır yaralar açır. Şair ruhlu aşiq uzun müddət bu ayrılığın ağırlığı altında əzilir. Bu elə bir intizar, elə bir ağrı idi ki, Hadi ömrünün sonuna qədər onu unutmur və ailə qurmur. Bu iztirabdan qurtarmaq üçün o, bəlkə də, həyatında ilk və son dəfə yaxınlarına üz tutur, xahiş edir ki, onu oxumağa göndərsinlər, amma hara üz tutursa, əli boşa çıxır. Ən çox güvəndiyi qohumlar belə onun bu istəyini rədd cavabı ilə qarşılayırlar. Hadi dərdini şeirlə belə ifadə edir:
Varmı bundan yuxarı uçmağa istedadım,
Qabiliyyət pərimə zəxm vurub ustadım.
Oxumaqçün nə qədər
dadü fəğan etdimsə,
Olmadı zərrə əsərbəxş şu istimdadım.
Dağa dersən, eşidir, sonra verir,
əksi-səda,
Daşa dönmüşlərə kar eyləmədi fəryadım.
Olmadan naili-didar əməl qəbrə girər,
Eşqi-Şirini ümid ilə yazıq Fərhadın.
Acizəm tərcümeyi-halimi təhrirə, səbəb,
Doludur təlxi-həqiqətlə dili-naşadım.
Bu şeir əslində Hadinin istər sevgidə, istər şəxsi, istərsə də ictimai həyatında çəkdiklərinin qısa ifadəsidir.
***
Müasirləri yazırdılar ki, Hadi Quranı əzbər bilir, şərq ədəbiyyatının klassiklərini, - Nizamini, Füzulini, Sədini, Hafizi, Xəyyamı dərindən öyrənmişdi. Deyirlər ki, onun olduğu yerdə başqa alimlər danışmazmışlar. Hər kəs sakitcə qulaq asmağı, Hadidən nə isə yeni bir şey eşitməyi üstün tutarmış.
Həyatı dünyanın təlatümlü dövrünə düşən Hadi mütaliə elədiyi kitabların, qəzet və jurnalların təsiri ilə hürriyyət aşiqi olur. Avropa ictimai fikrini, Volter, Russo, Hüqo və digər filosoflarının əsərlərini mütaliə edir, onların məfkurəsini öyrənir, azadlıq uğrunda mübarizə yolları arayır. Rus demokratik ədəbi cərəyanlarını yaxından izləyir, onların təsiri ilə ictimai, siyasi, elmi məqalələr yazır, xalqı azadlığa, öz hüquqlarına sahib olmağa çağırırdı.
***
Nə qədər ictimai-siyasi motivli yazılar qələma alsa da, Hadi hər şeydən öncə şair idi və dünyanın xilasını qanlı savaşlarda deyil, elmdə, maarifdə görürdü. Demək olar ki, bütün yazılarında cəhalət mövzusunu gündəmə gətirir, insanları elmə, təhsilə çağırırdı. Yazırdı ki, xalqın başına gələn müsibətlərin tək səbəbi cəhalətdir və nə qədər ki, xalq bu bataqlıqdan qurtarmayacaq, qurtarmaq üçün cəhd göstərməyəcək, xeyirə doğru yönəlməyəcək, dərd-bəla da ondan əksik olmayacaq. Uşaqların məktəbə getməsi, dini təhsillə yanaşı, Avropada tədris edilən dünyəvi elmlərə yiyələnməsi Hadinin ən çox təbliğ elədiyi çağırış idi. Bu mövzuda xeyli şeir və məqalə də yazmışdı. Hadi öz yurdunda mülkədar zülmündən və aclıqdan şəhərə qaçmış ac-yalavac kəndlilərin küçələrdə sərgərdan gəzmələrindən, gecələr yağışın, qarın altında qalmalarından ürək ağrısı ilə yazırdı.
***
1902-ci ilin şaxtalı bir qış günündə Şamaxıda dəhşətli zəlzələ baş verir. Zəlzələnin gücündən Şamaxı, demək olar ki, tamamən dağılır, yerlə bir olur, çox sayda insan uçqunlar altında qalaraq ölür. Əhalinin sağ qalanı soyuqdan və aclıqdan qırılmamaq üçün doğma yurdu tərk etməli olur. Hadi də bu sərgərdan adamların arasında Kürdəmirə gəlir. Bir müddət burada qalandan sonra kiçik bir məktəb açır ki, uşaqların təlim-tərbiyəsi ilə məşğul olsun. Yazdığı şeirləri Bakıda çıxan qəzet və jurnallara göndərir. Kürdəmirdə çox qala bilmir və bir müddət sonra Bakıya köçür. Bakıda təlatümlü, qaynayan bir həyatın içinə düşən Hadi istər-istəməz bu həyatdan geri qalmamaq üçün bütün daxili imkanlarını səfərbər etməli olur. Müxtəlif dərnək və cəmiyyətlərdə çıxışlar edir, xalqı azadlığa, elmə səsləyir. Hindistandan "Həblül-Mətin", Krımdan "Tərcüman", İstanbuldan "Sabah" kimi tanınmış qəzetləri, eyni zamanda Daşkənddən, Təbrizdən, Tehrandan dövrün ən populyar mətbu orqanlarını gətizdirərək oxuyur və xalq arasında yayaraq təbliğ edir. Hadi bu dövrdə həm də böyük bir türkçü kimi tanınmağa başlayır.
***
1903-cü ildə ölkədə inqilabi hərəkat genişlənir. O vaxtkı Rusiyanın bütün şəhərlərində olduğu kimi, Bakıda da izdihamlı tətil və nümayişlər şəhər həyatını sarsıdır. Mədən və zavodlarda çalışan fəhlələr dəstə-dəstə küçə və meydanlarda dolaşaraq azadlıq, hürriyyət, normal həyat şərtləri tələb edirdilər. O zaman bu mübarizəyə səmimyyətlə inanmışlar da az deyildi. Meydanlarda natiqlər çıxış edərək xalqa söz azadlığı, iş azadlığı, azad seçki hüququ tələb edirdilər. Bu proseslər Hadinin yaradıcılığına ciddi təsir göstərir və o, bolşevik mətbuatında çıxış eləməyə başlayır. Bolşeviklərin çıxardıqları "Təkamül" qəzetində Hadi azadlığı təbliğ edirdi:
Azadə gərək şəxs, süxən, fikr ilə xamə,
Hər kəs gələ hürriyyət ilə şövqə, xuramə,
Ta kim, ola insan qədəməndaz məramə...
Başqa bir bolşevik qəztində, "Yoldaş"da isə belə yazırdı:
Minlərlə binəva quru yerlərdə can verir,
Beş-on ləin naili-dəryayi-nemətin...
Hər kəs gərək bərabər ola hər hüquqda,
Ehsanidir bu ərz bizə dəst-qüdrətin...
Başqa bir şeirində isə belə deyirdi Hadi:
Qaldıq əlində bir sürü ərbabi-vəhşətin,
Olduq əsiri pənceyi-qəhri-müsibətin,
Hər səmtdən atılmadadır tiri-cangüdaz,
Yoxdur önün alan bu xədəngi-fəlakətin.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/490691.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR