İnsanlar neçə cür olurlar

İnsanlar neçə cür olurlar
21:47 20 Noyabr 2016
135 Ölkə
Ölkə mətbuatı
A- A+

Biologiya dərslərindən öyrəndiyimizə görə, gördüyümüz canlılar aləmi üç sinfə bölünür: İnsanlar, heyvanlar, bitkilər...
Bitkilərin minlərlə növü var: yeyilənlər, yeyilməyənlər, göyərti, meyvə, yerdə bitən, ağacda yetişən.., o qədər çoxdur ki, saymaqla qurtarmaz. Hər bir sinif də öz içində müxtəlif qruplara, fəsilələrə, bölgülərə bölünür. Çox demirəm, sadəcə bazara gedəndə kartofun növlərinə diqqət yetirin, görün nə qədər də çoxdur. Almanın qırmızısı, sarısı, yaşılı, turşu, şirini, cırı, irisi.., say saya bildiyin qədər.
Milli.Az yeniavaz.az-a istinadən bildirir ki, heyvanlar da elə, - uçanı var, qaçanı var, sürünəni var, suda, quruda, suda-quruda yaşayanı, ətini yediklərimiz, yemədiklərimiz, yumurtasından istifadə etdiklərimiz, etmədiklərimiz, belində yük daşıdığımız və ya mindiyimiz, yaradılış hikmətini bildiyimiz, bilmədiyimiz minlərlə növü var. Hər biri də öz içində bölünə-bölünə gedir.
9600-dən çox quş növü göy üzünü, 24000 mindən artıq balıq növü dənizləri, okeanları bəzəyir. Bu say çoxluğu nə qədər də gözəldir, elə deyilmi?
Təbii ki, bu fərqlililklər həyatımıza rəng qatır, gözəllik verir. Heç kimsə durub "Niyə bu qədər çox meyvə var, kartofun bu qədər növünə nə ehtiyac vardı ki?"- söyləmir... Fərqliliklər zənginlikdir. Hətta nəsli kəsilmək üzrə olan canlıları dövlətin əli ilə qorumağa başlayırıq. "Bu keçəl kərkəs quşlarının nəsli kəsilsə də bir şey olmaz, əti onsuz da yeyilmir, südü də yoxdur"- demirik. Çünki yaradılmış hər bir canlının bu kainat səhnəsində öz yeri, öz vəzifəsi var.
Bu kainatda hər şey bir-birinə gözlə görünməyən hikmətli bir zəncirlə bağlanıb. Zəncirin bütün qüvvəsi onun hər yerinə bərabər paylanıb, güclü görünənə tərəfinə də, zəif tərəfinə də. Ekoloji zəncir bir yerdən qırıldısa, hər şey ard-arda sökülərək gedəcək.
Mövzumuzdan uzaqlaşmadan sözü insan üzərinə gətirmək istəyirik. İnsanı neçə növə, neçə qrupa bölək? Qadınlar və kişilər deyə iki qrupa bölərək öyrənəkmi? Yoxsa yaşa görə təsnifləyək: qoca, cavan, uşaq... Ya görünüşünə görə qruplaşdıraq: arıq, kök, uzun, gödək... Heç biri olmur. Bəziləri də insanları rənglərinə, dillərinə, irqlərinə və ya düşüncə tərzlərinə görə dəyərləndirirlər. Amma nə qədər ayırırlar-ayırsınlar, qəbul edəcəklər ki, hər insan özünəməxsus, təkrarı olmayan bir varlıqdır. Bəli, insan insandır, olduğu və göründüyü kimi...
Amma hamımız bilirik ki, insanları haqsız yerə müxtəlif qruplara ayırırıq: İrqlərə, qitələrə, müxtəlif siyasi mənsubiyyətlərə, "çu"lara, "ist"lərə...
Qonşularımızı, tanışlarımızı müxtəlif kateqoriyalara ayırırıq. Öz düşüncəmizdə hər birini bir yerə qoyuruq. Bəzən yerlərini dəyişirik. Biz onları ayırarkən yaxşı bilirik ki, başqaları da bizi o cür qruplaşdırır, düşüncəsində bir yerdən götürüb başqa yerə qoyur. Beləcə səssiz, sözsüz bir ayrı-seçkilik mübarizəsi gedir insanlar arasında.
Əslində mən bu mövzunu Bəxtiyar Vahabzadənin "Birlə sıfır arasında nə qədər çox say var" fikrindən aldım. İnsanlar sanki bir rəqəminə doğru sıraya düzülmüşlər. Hər kəs də özünü bu sıranın ortasında görür. Sevdiklərimizi 1-ə yaxın, sevmədiklərimizi də 0-a yaxın sıralamışıq. Elə bilirik ki, sanki dünya bizim ətrafımızıda fırlanır. Halbuki, bu sıralamada yerimizin harada olduğunu ancaq Allah bilir.
Mənə yaxşılıq edən yaxşı, pislik edən pisdir, eləmi? O zaman bir qatilə görə, onu tutan polis pis, onun qaçmasına kömək göstərən isə yaxşı olmalıdır. Əgər qaydaları öz maraqlarımıza görə qoysaq, ortaya belə ziddiyyətli mənzərə çıxar. Bizə uyğun olmayanları, fikirlərini bəyənmədiklərimizi qaralamaq doğru deyil. İnsanlara öz kefimizə görə doğma, ögey ayrı-seçkiliyi qoymaq haqqımız yoxdur. Əgər insanlar arasında bir meyar üzrə sıralama aparacağıqsa, bu işdə yeganə ölçü əxlaqdır, insanları əxlaqına görə tanıya, seçə bilərik və bu sıralamada kimin harada yer aldığını da kimsə deyə bilməz. Bu yerdə Mövlananın o çağırışı nə qədər də gözəl səslənir: "Gəl, nə olursan-ol, yenə gəl!" Bu çağırışa doğru getməmək olarmı? "Hər kəsi çağırır, əgər filankəs ordadırsa, mən o qapıya getmərəm"- deyən birisi olarmı? Hamımız nə qədər də möhtacıq bizi olduğumuz kimi qəbul edən, ayrı-seçkilik qoymayan bir qapıya. Xətalarımızla, günahlarımızla, irqimizə, rəngimizə baxmadan, bizlər üçün taybatay açılmış o qapı nə gözəl, o qapıdan girə bilmək nə böyük səadətdir, elə deyilmi?
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/490698.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR