8 oktyabr Azərbaycan Respublikasının ilk Baş Prokuroru, III dərəcəli dövlət ədliyyə müşaviri İsmət Qayıbovun anadan olduğu gündür.
Publika.az Femida.az-a istinadən unudulmaz baş
prokurorun xatirəsinə həsr edilmiş yazını təqdim edir.
Kimdir İsmət Qayıbov?
Qayıbov İsmət İsmayıl oğlu 8 oktyabr 1942-ci ildə Azərbaycanın Gəncə şəhərində müəllim ailəsində anadan olub. Onun valideynləri, atası İsmayıl və anası Füruzə Respublikanın əməkdar müəllimi olub. Bunun da gələcək prokurorun həyatında rolu böyükdür.
Orta təhsilini Gəncə şəhərindəki 1 saylı orta məktəbdə alan
gələcək prokuror, 1967-ci ildə Azərbaycan Dövlət Universitetinin
(indiki Bakı Dövlət Universitetinin) Hüquq fakültəsini bitirir.
1963-cü ildə əmək fəaliyyətinə başlamış, 1965-ci ildən Sovet
İttifaqı Kommunist Partiyasının üzvü olmuş, 1969-cu ildə
Əli-Bayramlı Şəhər ( indiki Şirvan) Komsomol Komitəsinin birinci
katibi seçilir.
1971-ci ilin mart ayında Azərbaycan SSR-in prokurorluq
orqanlarına qəbul olmuş – 26 Bakı komissarı rayonunun prokuror
köməkçisi vəzifəsinə təyin edilir.
1975-ci ilin iyun ayında Bakı Şəhər Prokurorluğunda cinayət
işlərinin baxılmasına nəzarət şöbəsinin prokuroru vəzifəsinə təyin
olunub. 1976-cı ilin fevral ayından isə Bakı Şəhər Prokurorluğunun
ümumi nəzarət şöbəsinin rəisi vəzifəsində çalışıb.1978-ci ildən
İsmayıllı rayonunun prokuroru, 1982-ci ildən Əli-Bayramlı şəhərinin
prokuroru, 1987-1990-cı illərdə isə Sumqayıt şəhərinin prokuroru
vəzifələrində çalışmışdır.
Ailəsi….
İsmət Qayıbov Leyla adlı bir xanımla ailə həyatı qurur. Onların bu
nikahdan iki övladı olur. Qızları Firuzə, oğlu isə İsmayıl Qayıbov.
Maraqlı məqamlardan biri də, onların övladlarına qoyduğu adların
ata-analarının adı ilə bağlıdır.
Jurnalistlər İttifaqının üzvü Aida Eyvazova mərhum
prokurorun oğlu İsmayıl Qayıbovla görüşünü belə
xatırlayır:
“ Həmin o müdhiş və ağır ayrılıq günlərini xatırlamaq üçün
Respublika Baş Prokurorluğunun Sosial və iqtisadi sahələrdə
qanunların icrasına nəzarət idarəsinin prokuroru İsmayıl Qayıbovla
görüşdüm. Və bu görüşdən ürəyimdə bir azca sevinc göyərdi desəm,
inanın mənə. İsmayılın səsi, ədaları da, danışıq tərzi də İsmət
Qayıbova çox bənzəyir. İsmayıl dedi ki, atası haqqında atası olduğu
üçün deyil, ədalətli orqan işçisi, gözəl bir insan olduğu üçün belə
ürəklə danışır:
- İndi məsləhətləşməyə bir kimsə tapmıram. İnsanın elə anları olur ki, məhz atasına çox ehtiyac duyur. Atamdan sonra çox şeylərə öyrəşirəm. Onun haqqında danışılanların artıq xatirə olmasına da, ondan sonra Azərbaycanda baş verən itkilərimizə də. Hətta yaxşını pisdən ayırd etməyi də, atamın yoxluğu öyrədib mənə. Dostlarını da saf-çürük etmişəm. Atamı unutmayanlar onu təkcə 20 noyabrda deyil, həm də 8 oktyabrda - doğulduğu gündə də yad edirlər. Atamın sağlığında “vəfalı” dost-tanışlarının bugünkü vəfasızlığını görəndə isə təəccüblənmirəm. Bü gün gördüyüm hər bir işə əvvəla atamın gözü ilə baxıb, sonra qərar qəbul edirəm. Əgər bundan sonra yaşadığım ömrümü atam kimi yaşamasam, onun adı ilə öyünməyə haqqım olmaz. İşimlə bağlı bir çox rayonlara gedirəm. Kimsə biləndə ki, İsmət Qayıbovun oğluyam, onu bir daha hörmətlə və məhəbbətlə yad edirlər, sevinc hiss keçirirəm, qürur duyuram.
İsmət Qayıbovun həyat yoldaşı Leyla xanım isə heç cürə bu
ayrılığa öyrəşə bilmir. 20 noyabr 1991-ci ildə əlində tikib qurtara
bilmədiyi yaşıl rəngli donluğu isə elə həmin gündən yarımçıq qaldı.
İstəyirdi ki, bu yaşıl paltarı nəvələrinin babası qayıdandan sonra,
göyərən, çiçək açan ümidi kimi tikib geyinsin əyninə.
Müstəqil Azərbaycanın ilk prokuroru….
Onu əbədiləşdirən xüsusiyyətlərdən biri də, müstəqil
Azərbaycanın ilk prokuroru olması məsələsidir. İsmət Qayıbov
1990-cı ilin avqustunda Azərbaycanın Baş prokuroru vəzifəsinə təyin
edilir.Daha sonra isə müstəqillik əldə edən Azərbaycan
Respublikasının ilk Baş prokuroru olur.Ancaq o bu vəzifədə cəmi bir
il işləyə bilir.Vəzifəyə gəldiyi ilk gündən Azərbaycanın mənafeyini
hər çeydən üstün tutan baş prokuror, erməni məsələsində də kifayət
qədər ciddi idi. Bu səbəbdən də düşmən onu qara siyahıya
salmışdı.
Prokurorun son müsahibəsi…
1991-ci ildə İsmət Qayıbovun verdiyi müsahibə mövzusu ilə xüsusi
maraq kəsb edir. İ.Qayıbov Dağlıq Qarabağda baş verənlər barədə
danışır. O, erməni hərbi dəstələrinin cinayətkar əməllərinin sovet
rəhbərliyi tərəfindən cəzasız qaldığına etiraz edir.
Baş prokuror həmçinin Sumqayıt hadisələri ilə bağlı şərh verir və
bildirir ki, o şəxsən 96 nəfər barəsində həbs-qəti imkan tədbiri
seçib. Amma erməni separatçılarının törətədiyi cinayət nəticəsində
asudə gəzmələrindən qəzəblə danışır.
Quqarkda azərbaycanlılara qarşı tördələn dəhşətli qırğına görə cəmi 4 erməninin saxlandığını deyən İ.Qayıbov “Bu dəhşətdi. Biabırçılqdı” deyir.
“Hər kəs öz günahına görə cavab verməlidir”-deyə İ.Qayıbov vurğulayır.
Mərhum baş prokuror 20 yanvar faciəsini “Azərbaycan xaqlnın öz
müstəqilliyi uğrunda apardığı mübarizə” adlandırır və bildirir ki,
“bu şəhidlər hərbi diktaturanın əleyhinə küçələrı çıxmışdılar”.
İsmət Qayıbov ermənilər tərəfindən “qara siyahıya” salınmışdı. Baş
prokurur Xankəndi və Dağlıq Qarabağın digər yerlərində ermənilər
tərəfindən aparılmış etnik təmizləməni araşdıran istintaqa
rəhbərlik etmiş, bu vəhşiliyin ermənilər tərəfindən törədildiyini
subut etmişdi. Bəlkə də elə bunlar onun faciəli şəkildə ölümünün
əsası oldu.
Müəmmalı ölümün açılmayan sirri….
Qısaca da olsa yaxın keçmişimizə, 20 noyabr 1991-ci ilə qayıdaq.
“20 noyabr 1991-ci il.... Həmin gün respublikamızı acı bir xəbər sarsıtdı. Hərbi vertolyot qəzaya uğrarıb, şəxsi heyətin və sərnişinlərin hamısı Dövlət katibi T. İsmayılov, Baş prokuror İ. Qayıbov, dövlət müşaviri M. Əsədov, baş nazirin müavini Z. Hacıyev, deputatlar V. Məmmədov və V. Cəfərov, nazir müavini Q. Namazəliyev , Prezident Aparatında şöbə müdiri O. Mirzəyev , dövlət katibinin köməkçisi R. Məmmədov , telejurnalist A. Mustafayev, operator F. Şahbazov, işıqçı A. Hüseynzadə, DQMV prokuroru İ. Plavski, generallar R. Jinkin və V. Kovalyov, Dağlıq Qarabağ üzrə milli təhlükəsizlik şöbəsinin rəisi S. İvanov, Rusiya və Qazaxıstan müşahidəciləri M. Lukaşov, V. Koçerov, S. Serikov və heyət üzvləri V. Kotov, G. Domov, D. Yarovenko həlak olublar. Hamı eşitdiyi acı xəbərin sarsıdıcı təsiri altında oldugu bir vaxtda, hər kəsin əsəblərini bir az da gərginləşdirən daha bir xəbər: “Hərbi vertolyot dumanda dağa dəyib.” Halbuki qəza baş verən yerdə nə dağ var, nə də qayalıq...
Noyabrın 20-də həmin ərazinin nə dağında, nə aranında duman-çən olmayıb. Ağdam təyyarə vağzalının rəisi M. Məmmədov o vaxt müxbirlərlə söhbətində deyib:
-Noyabrın 20-də iki təyyarə qəbul etmişik. Deməli, havanın uçuş üçün əlverişsiz olması fikri tamamilə əsassızdır.
Ağdamın Mərzilli kəndi, Martuni rayonundakı Qarakənd kəndi ilə qonşuluqda yerləşir. Həmin gün “Bir May ” kolxozunun çobanı Şəfa Babayev burada qoyun otarırmış. O, qəzanın necə baş verdiyini görən, bəlkə də yeganə şahiddir.
-Günorta üstüydü. Bir vertolyot Ağdamdan Martuni tərəfə uçurdu. Qəfildən güllə səsi eşitdim. İkinci güllədən sonra vertolyotun səsi dəyişdi, az sonra isə dəhşətli gurultu qopdu. Ara sıra güllə atılırdı.Çox keçmədən göyə qalxan alov dilləri göründü. Axırıncı güllə səsindən az sonra hadisə yerinin lap yaxınlığında bir maşın peyda oldu. O yerlərə yaxşı bələdəm. Vertolyot partlayan yerdən Qarakəndə torpaq yol uzanır. Yük maşını həmin yolla sürətlə kəndə tərəf gedirdi.
Hadisə olan yerdə nə hündür dağlar var, nə də sıldırım qayalar. Adicə təpəlikdir.
Daha bir cəhət: hadisə əvvəllər deyildiyi kimi 16-30-da deyil, günorta radələrində baş verib. Respublika prokurorluğu xüsusi istintaq qrupunun rəyi belədir.
Bir neçə gün idi ki, Martuni rayonunun Xocavənd kəndi erməni
quldurları tərəfindən dağıdılmış, əhali kənddən qaçmaga məcbur
olmuşdur. Azərbaycan Respublikasının dövlət katibi T. İsmayılov,
dövlət müşaviri M. Əsədov, Prezident Aparatının şöbə müdiri O.
Mirzəyev, jurnalist A. Mustafayev, deputatlar B. Məmmədov, B.
Cəfərov və başqa rəsmi şəxslər də elə həmin gün, yəni noyabrın
20-də Bakıdan Ağdama gəlib, qaçqınlarla görüşüb, vəziyyətlə daha
yaxından tanış olmaq məqsədilə Xocavəndə getməyi qərara alıblar.
Fövqəladə vəziyyət rayonunun komendantı N. Jinkin, vilayət
prokuroru İ. Plavski, DQMV Daxili İşlər İdarəsinin rəisi V.
Kovalyov, Dağlıq Qarabağ üzrə milli təhlükəsizlik şöbəsinin rəisi
S. İvanov da elə bu məqsədlə Stepanakertdən (Xankəndi) Ağdama
gəliblər. Baş prokuror İ. Qayıbov, nazir müavini Q. Namazəliyev isə
artıq bir necə gün idi ki, Ağdamda idilər. Beləliklə, “Necə olub
ki, bu qədər məsul adam eyni vaxtda, eyni vertolyotda olub?”
Respublikanın və fövqəladə vəziyyət rayonunun məsul işçiləri,
Rusiyanın və Qazaxıstanın müşahidəcilər qrupunun üzvləri Xocavəndə
getmək, dağılmış, yandırılmış evləri öz gözləriylə görmək, müvafiq
tədbirlər müəyyənləşdirmək istəyirdilər.
Ağdam rayonu icra hakimiyyətinin başçısı, hərbi vertolyotun
partlaması səbəblərini təhqiq edən dövlət komissiyasının üzvü S.
Verdiyevin dediklərindən:
-Qəzadan təxminən yarım saat əvvəl bir yerdə idik. Operativ
müşavirə keçirtdik. T. İsmayılov Qaradağlı, Umudlu, Sırxavənd
kəndlərinə də getmək istəyirdi. O, fövqəladə vəziyyət rayonunun
komendantlığından regionda tezliklə qayda-qanun yaradılmasını,
vilayətin quldur dəstələrindən təmizlənməsini tələb edirdi.
Respublika prokurorluğu istintaq idarəsi rəisinin müavini A.
Ağayevin rəhbərlik etdiyi xüsusi istintaq qrupu artıq bəzi
məsələləri aydınlaşdırmışdılar.
-Vertolyotda güllə yerlərinin olması şəksizdir, - deyə Ağayev
məlumat verir.- Hələlik istintaq gedir. Hər şey diqqətlə
araşdırılır. Xəbər verildiyi kimi, hərbi qulluqçuların və hüquq
mühafizə orqanları əməkdaşlarının üstündə 12 tapança olmuşdur.
Qəzadan iki gün sonra onlardan 4-ü tapılmışdır.
Müşahidələrimizə aydınlıq gətirə biləcək daha bir məsələ budur ki,
erməni quldurlarının vertolyota atəş açmaları birinci dəfə deyil.
Hərbi vertolyota isə, bəlkədə ilk hücumdur. Bəlkə də, onlar hərbi
vertolyotda kimlərin getdiyini bilirdilər? Araşdırılmalı,
aydınlaşdırılmalı çox məsələ var.
Müəmmalı “qara qutun”-nun qara taleyi….
Yeri gəlmişkən,deyək ki, “qara qutu”nun hansı əllərdə olması
hələ də naməlumdur.
SSRİ xalq deputatı Qalina Staravoytova həmişəki kimi yenə də
uydurdu: Vertolyot ağaca toxunub. Ermənistan Daxili İşlər naziri
Aşot Manuçaryan isə necə deyərlər, “kəndirini itirdi”:
Siz özünüz də dediniz ki, vertolyot dumana düşüb, dağa
dəyib.
Martuni rayonunun Qarakənd kəndi yaxınlığında partladılmış hərbi
vertolyotun “qara qutu”su əvvəlcə Gəncəyə, oradan da Moskvaya
aparılıb. Məsələ burasındadır ki, Gəncədə onu “danışdırmaq” mümkün
olmayıb. Mütəxəssislər bunu qara qutunun güclü deformasiyaya
uğraması ilə izah etdilər.
Ona görə də “qara qutu” Moskvaya aparıldı. Ancaq aparıldı.
Qəzanın baş verməsini araşdırmaq üçün Xankəndində yerləşən rus
hərbi qarnizonunun hərbi prokuroru, polkovniki İ.Lazukitin 248-ci
maddə ilə (RF CM) (Uçuşunun düzgün idarə olunması və insan
təlafatı") cinayyət işi açdı. Polkovnik İ.Lazutkin ilkin istintaq
materiallarını düzgün tərtib etmədiyindən heç nə anlamaq olmur.
1991-ci il noyabrın 24-də İrəvan televiziyasının xəbərlər
proqramına müsahibə verən prokuror İ.Lazutikin iddia edir ki, həlak
olan azərbaycanlılara ilkin yardımı guya "..ermənilər
göstərib..."
Polkovnik bu terror aktını adi bir qəza kimi soyuqqanlıqla şərh
edirdi. Helikopterin "qara qutusu"nu da əlinə keçirən polkovnik
oldu. Ona toxunmaq qadağan edildi bele bir məlumatda yaydı ki,
"qara qutu" "istidən" və yanğından", "partlayışdan" (onun
sozləridi)... sıradan çıxıb, əriyib. Azərbaycanlı mütəxəssislər
yaxına buraxılmadı. Halbuki, "qara qutu" Gəncədəki avia təmiri
zavodunda aşkarlana bilərdi. Lakin prokuror İ.Lazutkin öz
yalanlarına davam edirdi. Onun əzilməsi və sıradan çıxması üçün
3.800 dərəcə istilik lazım idi. Hadisədən bir neçə gün keçəndən
sonra həqiqəti bilmək üçün helikopterdəki qara qutunu Rusiyaya
göndərdilər. Ancaq sözügedən qara qutudan indinin özündə də heç bir
səs-soraq yoxdur. Bütün bunları əlində əsas tutan erməni tərəfi,
vertolyotun vurulduğunu yox, qəzaya uğradığını iddia
etməkdədir”.
Tarixin qaranlıq səhifələrində qərq olan bu hadisə ölkədə böyük
narazılığa və böyük hiddətə səbəb oldu. Bu faciəyə baxmayaraq,
Azərbaycan xalqı bu gün də İsmət Qaibovu böyük etiramla xatırlayır.
Mərhum baş prokurorun abidəsi Fəxri Xiyabanda yerləşir.