Sən onun nə istədiyinə baxma, ehtiyacına bax

Sən onun nə istədiyinə baxma, ehtiyacına bax
22:17 20 Noyabr 2016
85 Ölkə
Ölkə mətbuatı
A- A+

El arasında deyərlər ki, insan qocalanda uşaq kimi olur. Amma nə qədər də doğru deyilib, elə deyilmi? Uşaq qayğıya möhtac olduğı kimi, qoca da ətrafdakılardan qayğı umur, kimə ərk eləyir, kimdən nəsə umur, ən adi şeylərə görə ən yaxın adamlarından belə küsür. Bəzən elə şeylər tələb edir ki, yerinə yetirmək ya mümkün olmur, ya da onu yerinə yetirmək sizin imkanlarınızı aşır. Milli.Az yeniavaz.az-a istinadən bildirir ki, amma vəziyyət necə olur-olsun, hər şeydən ötrü sizin öz böyüyünizə qarşı sərt davranmağa, onun qəlbini qırmağa haqqınız çatmır.
Orta yaşlı bir şəxs dövrünün məşhur şeyxinin yanına gəlir və deyir:
- Ustad, Qurani-Kərimdə buyurulur ki, valideynləriniz qocalanda onlara "of" belə deməyin. Amma mənim qoca atam mənə elə işlər buyurur ki, bilmirəm nə edim, necə edim ki, onun qəlbi qırılmasın.
- Atan nə istəyir, övlad?
- Biz iyirmi ildən çoxdur ki, bu şəhərdə yaşayırıq. Çox şükür, evimiz-eşiyimiz, yaxşı şəraitimiz var. Amma atam son illərdə tez-tez bizi tərk edib kəndə gedir. Kişi elə bil uşaq olub. Dinib-tərpənib uşaqlığından, gəncliyindən danışır. O kənd ilbəil ona daha da doğmalaşır, onu daha çox özünə çəkir. Bir də gördün, qışın ortasında qar demədi, yağış demədi, səhər yerindən duran kimi torbasını yığışdırıb düşdü yola. Dil tökürəm, yalvarıram, olmur. İndi yenə kənddədir, iki gün öncə sifariş göndərib ki, anamı da onun yanına aparım.
- İmkanın varsa, niyə aparmırsan?
- Ustad, imkanım var, amma anamın səhhəti imkan vermir. Səksən üç yaşı var, iki ildən artıqdır ki, yazıq arvad yataqdan qalxa bilmir. Atam eyni şeyi ötən il də məndən tələb elədi, mən də anamı aparıb kənddə onun yanına qoyub qayıtdım. Heç bir həftə keçməmiş yenidən atamdan sifariş gəldi ki, gəl ananı götür apar, mənə baxmağı bir yana qalsın bunun özünü çölə-içəri aparıb gətirən lazımdır. Mən də gedib gətirdim. İndi eyni şey yenidən təkrarlanır, atam ötən ilki hadisələri unudub, çünki yaddaşı yoxdur, dünənini belə xatırlamır. İsrarla məndən tələb edir ki, anamı də kəndə aparım ki, ona baxsın. İstəyirəm xanımı aparıb atamın yanında qoyam, amma bilmirəm ki, o da razı olar, ya yox.
- Övladım, xanım mövzusunda sənin haqqın yoxdur ki, onu getməyə məcbur edəsən: istəsə, gedər, istəməsə, getməz. Bu, onun haqqıdır. Yəni sən ailə başçısı olsan da haqqın çatmır ki, həyat yoldaşından atana xidmət etməyi tələb edəsən. Üstəlik də ev-eşiyi, balalarını burada qoyub ucqar bir kəndə getməsini tələb etməyə heç haqqın yoxdur. Amma yoldaşın bu təklifi könüllü qəbul edərsə, yəni sənin valideynlərinə xidmət etməyi özünə bir borc, vəzifə bilərsə, bu onun başının ucalığıdır. Gərək belə xanımın dəyərini biləsən, xətrini hər zaman uca tutasan. Amma hazırkı vəziyyətdə sənin qarşındakı məsələ o qədər də asan deyil. Gərək yüz ölçüb-bir biçəsən. Elə edəsən ki, birinin istəyini yerinə yərirəndə başqasının haqqını tapdamayasan.
- Mənə nə məsləhət verirsiniz, necə edim? Necə edim ki, bu imtahandan zərərlə çıxmayım?
- Yaxşı olar ki, qocaların hər istəyini yerinə yetirmək mümkün ola. Amma daha yaxşısı odur ki, qoca da gərək nə istədiyini, niyə istədiyini, kimdən istədiyini yaxşı bilə. Əgər qocanın tələbi, istədiyi reallıqla üst-üstə düşmürsə, yəni yerinə yetirilməsi mümkün deyilsə, onda Böyüklərimizin buyruğunu əsas götürmək lazımdır: Qocanın istəyini deyil, ehtiyacını əsas götürün. Sən də məsələyə bu yöndən bax. Doğrusunu axtarsan, sənin atanın istədiyi xanımı deyil, onun qayğısını çəkəcək bir insana ehtiyacı var. Yaxşı olar ki, sən də məsələyə bu cür yanaşasan.
Gələn adam bir qədər düşünür və:
- Doğru buyurursunuz, ustadım- deyir və getmək üçün icazə istəyir.
Aradan on gün keçəndən sonra həmin şəxs yenidən şeyxin yanına gəlir və məsələni necə həll elədiyi haqda ona hesabat verir:
Sizin yanınızdan ayrılan günün sabahı kəndə yola düşdüm. Atamla görüşüb hal-əhval tutandan sonra kənddəki qohumlarımızdan birinin yanına gedib vəziyyəti açıqladım və dedim ki, atama baxmağa münasib bir adam axtarıram. Mən onun aylıq haqqını ödəyim, o da hər gün gəlib atama baxsın. Həmin qohumum mənə bir adamı isnaq verdi, mən də onunla danışıb razılaşdım. Adam da uzun müddətdən bəri işsiz olduğu üçün mənim təklifimi mənnunluqla qəbul elədi. Mən onun aylıq haqqını verdim, o da uzun müddətdən bəri maaş görmədiyindən çox əziyyət çəkibmiş və belə bir qapının üzünə açıldığı üçün dönə-dönə şükr edirdi. Həttə sizin üçün də dua elədi. Dedi ki, bu fikri sənin ağlına salandan Allah razı olsun!
Tərifdən xoşu gəlməyən ustadın çöhrəsinə ciddi bir görkəm gəldi və o belə dedi:
- Quranın əmrlərini, Peyğəmbərimizin buyruqlarını başının üstündə tutan insan heç zaman zərərə uğramaz. O dediklərim mənim fikrim deyildi, Peyğəmbərimizin buyruğuydu. Sən də o buyruğu səmimi duyğu ilə yerinə yetirdiyin üçün belə xoşhal olmusan.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/490693.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR