Ya da əhatə dairəsi xaricindədir

Ya da əhatə dairəsi xaricindədir
23:17 20 Noyabr 2016
120 Ölkə
Ölkə mətbuatı
A- A+

Bəzən adi bir şey sizin bütün rahatlığınızı əlinizdən alır. Hər cür qara düşüncə, ehtimal əsəblərinizi tarıma çəkir. Bu narahatlıq davranışlarınıza hakim olur, ətrafdakıları acılayır, könül qırırsınız. Amma sonradan məlum olur ki, o narahatlıq üçün heç bir əsas yox imiş və siz ən bəsit bir səbəb üzündən həm özünüzü, həm də ətrafınızdakıları üzmüsünüz.
Milli.Az yeniavaz.az-a istinadən bildirir ki, bir tanışınızın mobil telefonuna zəng edirsiniz və tanış bir səs tanış sözləri təkrarlayır qulağınıza: "Bu nömrəyə zəng çatmır. Telefon ya söndürülüb, ya da əhatə dairəsi xaricindədir." Sizcə bu nə deməkdir? -O deməkdir ki, sizə ancaq iki ehtimal verir, deyir ki, ya söndürülüb, ya da əhatə dairəsindən kənara çıxıb. Başqa ehtimala yer qoymur. İnsanı şübhələndirir, "görəsən..." deyirsiniz istər-istəməz... Əgər bir qədər narahat adamsınızsa, ağlınızdan bir-birindən betər ssenarilər keçəcək, amma heç pozitiv səbəblər haqqında düşünməyəcəksiniz.
Bəlkə telefon sahibi istirahət edir və və zəng gəlib onu narahat etməsini istəmir, ya da telefonun dalğaları tutmadığı bir yerdə, bir dağ rayonundadır. Bizim milli mentalitetimizə uyğun gəldiyi üçün diqqətimi çəkdi və yazımı bu cür girişlə başladım. Halbuki, insan istəsə, ağlına çox ehtimallar gələr. Oturub usanmadan bu haqda düşündüm, telefonun və sahibinin başına nə kimi ehtimallar gələ biləcəyini ağlımdan keçirdim:
- Bəlkə telefonun batareyası boşalıb.
- Telefon oğurlanıb, oğru da nömrəsini deyişib.
- Bəlkə uşaq onu balkondan aşağı atıb, telefon da parça-parça olub.
- Bəlkə birisi davamlı zəng edib bezdirdiyi üçün sahibi o nömrəni başqa bir nömrəyə keçirib.
- Müddəti qurtarıb və sahibi kontur yükləməlidir ki, telefon açılsın.
- Ya telefon sahibinin başına bir iş gəlib.
- Elə bir xəstəliyuə tutulub ki, həkimlər ona telefon işlətməyi qadağan ediblər.
- Telefonunu satmağa məcbur olub.
- Sizin xəbəriniz yoxdur, bəlkə vəfat edib.
Bu saydıqlarımızdan başqa da çox şeylər baş verə bilər. Amma telefondakı səs israrla "ya söndürülüb, ya da əhatə dairəsi xaricində" deyir, başqa bir söz demir. Əslində bu sözdən sonra bizim mentalitetimiz ortaya çıxdığı üçün biz də yazımızın əsas mərhələsinə burdan sonra başlayırıq. Qarşılaşdığımız hər hadisəni öz dünyagörüşümüzə, təhsil səviyyəmizə, hansı yetkinlik mərhələsində olmağımıza uyğun olaraq izah etməyə çalışırıq. Ortaya qoyduğumuz hər fikir, hər şərh də bizim xarakterimizin, iç dünyamızın rəsmini göstərər. Məsələn, bir otaqda iki nəfər nəsə danışır, bir nəfər onlara rahat danışmaq imkanı vermək üçün otaqdan çıxar; bir başqası özünü onların söhbətinə əhəmiyyət vermirmiş kimi göstərsə də danışılan hər kəlməni ciddi-cəhdlə dinşəyər; bir başqası etika xatirinə otaqdan çıxsa da bütün fikri-zikri danışanların yanında qalar ki, görəsən ondan danışmırlar ki?.. Danışırlarsa, nə deyirlər? İlk fürsətdə də nə danışıldığını öyrənməyə çalışar. Beləcə mənsız ehtimallar, zərərli sui-zənlər keçirərik başımızdan. Narahat olarıq, özümüzü üzərik, yeyib bitirərik.
Məsələn, geyinib-kecinib toya gedərik, qayıdanda da üzərimizə çökən ağırlığı, başımızın ağrısını "mənə nəzər dəydi" ilə bağlayarıq. Yaxşı tutaq ki, sizə nəzər dəyib, bəs toyda doymaq bilmədən yeyib-içməyini, o yediklərinizin də nə qədər təmiz olub-olmadığını, səsgücləndiricilərdən qopan, qulaqlarınızı kar edən o gurultuları niyə hesaba qatmırsınız? Bunları düşünmədən mətbəxə qaçırıq, üzərlik yandırıb tüstüsünü uduruq. Üzərliyin çırtaçırtla yanan toxumlarına baxdıqca da "gör bir mənə nə qədər nəzər dəyib, filankəsin gözü məni götürmür" düşünərik. Əksər halda da "filankəs" dediyimiz o adam heç uzaqda deyil, bizə çox yaxındır və təbii ki, aramızdakı həll edilməz məlum problemlər davam etməkdədir. Əslində bu cür düşünməyin bizə heç bir faydası yoxdur, fayda bir tərəfə qalsın, bizə çox böyük zərər verir, insanlarla münasibətlərimizi pozur, qanımızı qaraldır.
Başqa bir misal: Kasıbın birini qızıl dükanında görürsünüz. Qarşınızda iki ehtimal var: ya düşünürsünüz ki, özünü kasıb kimi göstərib ondan-bundan topladıqlarını qızıla çevirib yığır, ya da ehtiyac üzündən qulağından sırğasını çıxarıb satır. Birinci düşüncə ilə əsəbiləşir, ikincisi ilə kövrəlirsiniz, ürəyinizdə mərhəmət hissi baş qaldırır. Əslində bu iki ehtimalın hər ikisi ola bilər, amma ən yaxşısı xeyir istiqamətində yaxşını düşünməkdir.
Bir tanışımıza on dəfə zəng edirik, telefonu açmır, "mənim telefonuma cavab vermək istəmir" düşünəcəksiniz, yoxsa narahat olacaqsınız, "görəsən başına bir iş gəlməyib ki?" əndişəsi ilə başqalarından onu soruşacaqsınız. Əgər qarşılaşdığınız hər işdə insanlardan şübhələnərsəniz, onları ittiham edərsəniz, nəticədə ətrafınızla ciddi problemlər yaşarsınız, siz başqalarını, başqaları da sizi təqsirkar həsab edər. Hər zaman kefiniz pozular, ağzınızın dadı qaçar, qanınınız qara olar. Hətta bu hal sizdə xəstəlkiyə belə dönə bilər. Bəlkə də sizin nə düşündüyünüz qarşı tərəfə bir zərər verməz, ancaq özünüz üçün əzaba çevrilər. Sui-zənn etmək insana bir şey qazandırmaz, ona görə də qarşılaşdığınız hər məsələdə xoş şeylər düşünməyə, gördüklərinizi yaxşıya, xeyirə yozmağa çalışın. Hər şeyə baxmayaraq, insanları sevin və onlara güvənin. Bu sevgiyə, bu duyğuya bizim çox ehtiyacımız var. O məşhur sözdə deyildiyi kimi, gözəl görən gözəl düşünər, gözəl düşünən həyatından ləzzət alar.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/490694.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR