Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Zənginlik, insan üçün qayə deyil, vasitədir

Zənginlik, insan üçün qayə deyil, vasitədir

Date: 20 November 2016 23:47

Gözəl bir söz var: Müsəlman heç zaman ölməyəcəkmiş kimi bu dünya üçün, bir an sonra öləcəkmiş kimi axirət üçün çalışmalıdır. "Bu dünya üçün çalışmaq" müsəlmanın aciz olmadığını göstərməklə yanaşı onu həm də zənginliyə sövq edir. Kim deyir axı, müsəlman kasıb olmalıdır? Müsəlman çalışmalı, halal yollarla sərvət qazanmalıdır. Amma zənginlik müsəlman üçün qayə deyil, vasitə hesab olunur. İnsan dünyanın əsiri olmamalı, könlünü ona verməməlidir. Bunu dinimiz buyurur. Bu dünyadan kişilər yaşayıb keçib ki, yaşadığı şəhərdə, məmləkətdə hər kəsdən zəngin olub, amma yeyib-içdiyi bir nökərin yeyib-içdiyindən artıq olmayıb. Axirət üçün çalışmaq isə halallıq prinsipini heç zaman unutmamaqdır, sərvətinin zəkatını verməkdir, ehtiyacından artığını paylamaqdır.
***
Ərzurumlu İbrahim Həqqi bir şeirində belə deyir:
Açılır bəxtimiz bir gün, həmən batdıqca batmaz ya,
Səbəblər xəlq edər Xaliq, kərəm babın qapatmaz ya.
Mənim Haqqa minacatım deyildir rizq üçün, haşa!
Xuda Rəzzaqi-Aləmdir, rızıqsız qul yaratmaz ya.
Hər kəsin bir qisməti var və dədə-babamızın dediyi kimi, Allah-Təala hər kəsin ruzisini onun özündən əvvəl yaradır. Bədgüman olanlar gəliş-gedişi anlamayanlardır. İnanmış, təslim olmuşlar heç vaxt Allah-Təalanın mərhəmətindən ümid kəsməz və "sabah nə olacaq?"la bağlı narahat olmazlar.
***
Milli.Az yeniavaz.az-a istinadən bildirir ki, hər şeyin Sahibi olan Allah-Təala özünə yer üzündə xəlifə olaraq yaratdığı insana lazım olan bütün nemətləri onun ətrafına düzüb. Qurani-Kərimdə bildirildiyi kimi, göylər və yerlər, Günəş, Ay, ulduzlar, heyvanat və nəbatat..., hamısı insan üçündür. Allah-Təala hətta insana lazım olanlardan da çox şeylər yaradıb bu yer üzündə. Hikmətini Özü bilir, amma bizə də nəyin halal, nəyin haram olmasını bildirərək, o bildirdikləri ilə bizi imtahana çəkir. Hər şey insan üçündür, insan isə Allaha itaət və ibadət üçün. İnsanlığın mahiyyəti budur. O ki, qaldı insana haram buyurulmuşlara, bu haqda bircə onu demək kifayətdir ki, halal qılınmışlar insana zövqlü bir həyat yaşaması üçün artıqlaması ilə yetər. Harama meyil etmək artıq o insanın fitrətində hansısa deformasiyaların başladığından xəbər verir.
***
Adam var, çox bədgümandır, ayağının altındakı çuxuru, düşüb öləcəyi quyunu görmür, uzaqlarda təhlükə axtarır. Yəni, gündəlik həyatında səhərdən axşama qədər alıb-aldatmaqla, başqalarının haqqını tapdamaqla məşğul olduğu halda, övladlarının 20 il sonra nə ilə yaşayacaqlarından narahatdır. Ümumiyyətlə, bu mövzu bizim üçün çox aktualdır və hər addımbaşı rastlaşdığımız mənzərədir. Bugününü doğru-düzgün yaşamadığı halda sabahından əndişələnmək Allaha güvənməməkdir. Çoxları elə bilir ki, oturduğu kreslo, yaşadığı ev, banklardakı pullar... hamısı onundur. Amma bu dünyada var-dövləti ilə ad çıxarıb sonradan aclıq içində ölən o qədər insan olub ki...
***
Var-dövlət yaxşı adamın əlində xeyirxahlıq imkanıdır, pis adamın əlində silahdır. Yaxşılar var-dövlətə sahib olsalar, dünyada problem qalmaz. Dünya neməti paylaşmaq, yaralara məlhəm çəkmək üçündür. Dinimiz müsəlmanları zəngin olmağa təşviq edir ki, dünya nemətləri yaxşıların əlindən keçib bərəkətlənsin.
Əslində biz bu dünyadan keçdiyimiz kimi, dünya da bizdən keçir. Adam var yediyini zəhərə çevirib dünyanı zəhərləyir, adam da var ətrafına pozitiv enerji yayaraq insanları doğru istiqamətə yönəldir.
***
Allah-Təala buyurur ki, sərvət və övlad insan üçün fitnədir, yəni çox çətin imtahandır. Bu gün nə qədər insanın öz övladının sabahı üçün axirətini satdığını çoxlarımız görürük. "Mənim uşağım yesin, başqalarından mənə nə?", "Mənim uşağım oxusun, başqalarından mənə nə?", "Mənim uşağım salamat olsun, başqalarından mənə nə"... Həqiqətən də, çox ağır sınaqdır.
***
İnsan bu dünyada Allah- Təalanın qonağıdır. Allah-Təalanın qonağı başqasına niyə əl açmalıdır ki? Dünya səbəblər aləmidir. Dünya mahiyyət deyil, təzahüratdır. Dünya gerçəyin özü deyil, kölgəsidir, rəngidir. Dövründə misli-bərabəri olmayan bir alim dünya haqqında belə deyir: "Dünyanın üç üzü var:
- Bir üzü Allah-Təalanın Gözəl Adlarına baxar. Onların naxışlarını göstərər, onlara ayna olar. Dünyanın bu üzü gözəldir, nifrətə, qəzəbə layiq deyil.
- Bir üzü axirətə baxar, axirətin tarlasıdır. Burada nə əksən, orada onu biçərsən. Bu üzü də gözəldir, təhqirə deyil, məhəbbətə layiqdir.
- Bir üzü də haramlara, günahlara, dünyanın göz aldadan ehtişamına baxar, nəfsin istəklərini qabardar. Bu üz çirkindir, aldadıcıdır, ötəridir. Müsəlman dünyanın bu üzündən qaçmalıdır. Dünyanın bu üzünü sevmək bütün xətaların başıdır.
***
Allah-Təala elmi istəyənə, sərvəti istədiyinə verər. Bu da bir imtahandır, hikmətini də Özü bilər. Amma bərəkətin harada olduğunu da Ondan başqa kimsə bilməz. Birisi əlində-ovcunda olan-qalan nəyi varsa, Allah yolunda sədəqə verir, birisi də onun verdiyinin min qatını. Allah-Təala verilənin azına-çoxuna deyil, verənin səmimiyyətinə baxar.
Bir zəngin adam məscid tikdirmək istəyir. Ustanı, fəhləni, memarı, hər kəsi yığır və tapşırır ki, hər ehtiyaclarını artığı ilə ödəyəcək, bu məscidin inşasına kənardan bir çöp də qarışdırmasınlar. Bunlar da söz verib işə başlayırlar. O ətrafda yaşı səksəni keçmiş bir qarı yaşayırmış. Ustaların, fəhlələrin hər gün səhərdən axşama qədər necə ürəkdən çalışdıqlarını görüb çox məmnun olur. İstəyir ki, bu işə o da nəsə bir dəstək versin, yardım eləsin. Amma necə? Yaş o yaş deyil ki, daş qaldırsın, su daşısın. Yemək-içmək adına gündəlik bir qab ayrandan başqa bir şeyi olmazmış. Elə o ayranı da götürüb inşaat yerinə gəlir və çalışanlara deyir:
- Övladlarım, siz məscid tikirsiniz. Çox istəsəm də, sizə kömək eləməyə nə gücüm, nə də maddi imkanım var. Amma bir bardaq ayranım var, onu gətirmişəm ki, siz içəsiniz. O ayran sizin dizinizdə təpər olsun.
Çalışanlar qarının qəlbini qırmamaq üçün ayranı alıb içirlər.
Günlər keçir və məscid hazır olur. Açılış günündən əvvəlki gecə məscidi tikdirən adam gecə yuxusunda böyük bir tərəzi görür. Görür ki, tərəzinin bir gözündə məscid, o biri gözündə isə bir bardaq ayran var və o ayran məsciddən ağır gəlir. Səhəri gün hər kəsi toplayıb yuxusunu danışır və səbəbini soruşur. Çalışanlar da qarının gətirdiyi ayranı alıb içdiklərini etiraf edirlər. Adam bir qədər baxır və deyir:
- O qarı o bir bardaq ayranı ilə Allah qatında məndən daha çox qazandı.
***
Bu dünya yoxuşu olmayan bir dağ kimidir, ya onun üstündə olacaqsan, ya da altında qalıb əziləcəksən. Bu alış-verişdə bərabərlik deyilən bir şey yoxdur. Seçim hər kəsin özünə verilib. Hər şeyi özümüz seçirik, cəzanı da, mükafatı da. Özümüz seçirik inanırsanmı, özümüz, sən, mən, o, hamımız...
Milli.Az


Tags:  Zənginlik insan qayə deyil vasitədir

RƏYLƏR


Top news