26 rayonda müəllimlərin biliyinin qiymətləndirilməsinə başlanılıb

26 rayonda müəllimlərin biliyinin qiymətləndirilməsinə başlanılıb
08:54 21 Noyabr 2016
356 Digər
Ölkə mətbuatı
A- A+

 

Bu gündən Azərbaycanın 26 rayonunda çalışam müəllimlərin biliyinin diaqnostik qiymətləndirilməsinə başlanılıb. Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, ilk olaraq 21-23 noyabr tarixlərində Qubada Qusar, Quba, Şabran, Siyəzən, Xızı rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsi keçiriləcək. Qiymətləndirmədə 6000-ə yaxın müəllimin iştirakı nəzərdə tutulur. Hər bir müəllim dq.edu.az saytına daxil olaraq “Şəxsi səhifə” bölməsindən qiymətləndirmənin keçiriləcəyi tarix və saat barədə məlumat əldə edə bilər. Eyni zamanda müəllimlər həmin səhifəyə daxil olmaqla məlumatların dürüstlüyünü yoxlaya bilərlər. Uyğunsuzluq aşkar edildiyi təqdirdə yerli təhsili idarəetmə orqanlarına müraciət etmək mümkündür. Diaqnostik qiymətləndirmədə iştirak edəcək müəllimlərdən şəxsiyyət vəsiqəsinin əslini təqdim etmək tələb olunur.

 

Qobustan, İsmayıllı, Şamaxı rayonlarında çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsi  27-28 noyabr tarixlərində Şamaxıda, Şəmkir, Gədəbəy, Samux, Daşkəsən və Göygöl rayonları üzrə 2-4 dekabr tarixlərində Göygöldə, Ağsu, Kürdəmir, Ucar, Ağcabədi və Zərdab rayonları üzrə 8-10 dekabr tarixlərində Kürdəmirdə, Biləsuvar, Salyan və Neftçala rayonları üzrə 14-15 dekabr tarixlərində Salyanda, Lənkəran şəhəri, Astara, Yardımlı və Lerik rayonları üzrə 19-24 dekabr tarixlərində Lənkəranda keçiriləcək. Şuşa rayonunun ümumi təhsil müəssisələrinin müəllimləri dekabr ayının 25-dən sonra Bakı şəhərində imtahan verəcəklər. Şuşanın digər rayonlarda olan ümumi təhsil müəssisələrinin müəllimləri isə diaqnostik qiymətləndirmənin keçirildiyi yaxın rayonlarda imtahanlara cəlb ediləcəklər.

 

2015-ci ildə diaqnostik qiymətləndirmənin keçirildiyi rayon və şəhərlərdə çalışan, müxtəlif səbəblərdən qiymətləndirmədə iştirak edə bilməyən və ya işə yeni qəbul edilən müəllimlər üçün də qiymətləndirmədə iştirak etmək məqsədilə şərait yaradılacaq. Xaçmaz rayonu üzrə diaqnostik qiymətləndirmədə iştirak edə bilməyən müəllimlər Qubada, Gəncə şəhəri üzrə müəllimlər Göygöldə, İmişli rayonu üzrə müəllimlər Kürdəmirdə, Sabirabad, Saatlı, Hacıqabul rayonları və Şirvan şəhəri üzrə müəllimlər Salyanda, Masallı və Cəlilabad rayonları üzrə müəllimlər Lənkəranda, Abşeron, Qubadlı rayonları və Sumqayıt şəhəri üzrə müəllimlər Bakı şəhərində keçiriləcək imtahanlara cəlb ediləcəklər.

 

Diaqnostik qiymətləndirmədə qeyd olunan rayonların dövlət ümumi təhsil müəssisələrində müddətsiz və müddətli müqavilə ilə çalışan müəllimlərlə yanaşı, gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri iştirak edəcəklər.

 

Diaqnostik qiymətləndirmənin nəticələrinə əsasən müəllimlərin bilik və bacarıq səviyyələri müəyyənləşdiriləcək, onların dərs yükü norması və əməkhaqqı artırılmaqla maddi rifahı yaxşılaşdırılacaq. Həmçinin həmin müəllimlər inkişafyönümlü təlimlərə cəlb ediləcəklər.

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/260075

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR