Afaqın soyunmağı, vasifsayağı açıqlama, bakılı Türkan Şoray - HƏFTƏBECƏR

Afaqın soyunmağı, vasifsayağı açıqlama, bakılı Türkan Şoray - HƏFTƏBECƏR
09:22 21 Noyabr 2016
602 Şou
Ölkə mətbuatı
A- A+

Milli.Az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (101-ci say) təqdim edir.

Ötən yazıya gələn 37 şərhdən ikisini fərqləndirmək istərdim. Bunlar Əsgərxanov soyadlı oxucu və "Fanat" adıyla yazan şəxsdir. 100-cü sayımız münasibətilə yazdığınız təbriklərə görə isə hər birinizə təşəkkür edirəm. 
 
Xatirə İslam tez-tez tamaşaçılarla, xüsusən sosial şəbəkədəki izləyicilərlə konfliktə girən sənətçilərdəndir. Bəzən haqlı, bəzən də haqsız yerə lazımsız ifadələr işlədir. Amma bu dəfə türkiyəli müğənni Çelikin illər öncə dediklərinə verdiyi reaksiya, yəqin ki, sizin də ürəyinizcə olacaq:

"Türklər onların şou aləminə kənar adamın gəlməsini sevmir, bizi qəbul etmirlər. İki-üç il bundan əvvəl Çelik Azərbaycana gəldi. Dedi ki, "Azərbaycandakı şou-biznes mənlikdir". Bunu eşidəndə beynim çöndü ki, bu nə danışır? O, bizə qalib gələ, qarşımızda heç nə edə bilməz. Gəldiyi kimi də biletini alıb geri qayıtdı. Bizimkilər türk mahnılarını elə oxuyurlar ki, seçilmir. Onlar bizim mahnıları oxuya bilirlərmi?"

Türkiyə və Azərbaycan münasibətləri öz yerində. Ancaq Xatirənin də dediyi kimi nədənsə oralarda bizim sənətçiləri qəbul etmək istəmirlər. Biz isə həftədə bir dəfə Bakıya təşrif buyuran türk sənətçilərin cibini doldurmamış yola salmırıq. Məgər bizdən çoxmu artıqdırlar? Əsla. Məgər o konsertlərə camaatı zorla tutub aparırlar? Qətiyyən. Deməli, təqsiri özümüzdə və bir də öz sənətçilərimizdə axtarmalıyıq. Adam tanıyıram ki, Rafet El Romanın Bakıda verdiyi 32 konsertin 29-da iştirak edib, 67 dəfə onun oxuduğu toyda qonaq olub, amma bir dəfə hansısa məşhur sənətçimizin konsertinə getməyib. Təzadlı və maraqlı məqamdır.

Yeri gəlmişkən, Türkan Şoray Bakıdadır və bu gedişlə Rafetin rekordunu qıracaq. Axırıncı dəfə ötən həftənin üçüncü günü gəlmişdi, yenə gəlib. Çox güman ki, növbəti həftə bir də gələcək. Amma Safura İbrahimovamızdan, Zərnigar Ağakişiyevamızdan xəbəri olan yoxdur.

Əgər bu açıqlamanı başqa sənətçi versəydi, Vasif Məhərrəmli onu qınayar, milli-mənəvi dəyərləri xatırladar, bağdan, sonra isə bostandan danışardı. Amma açıqlama verib ki, kürəkənimi öz evimdə saxlayacam. Sizi bilmirəm, amma bu açıqlama məndə bir az başqa təəssürat oyatdı:

"Ruslarda belə bir şey var ki, oğlan evlənir, gedir, qız evlənir, qalır. Mən demirəm, belə edəcəm, amma çox gözəl fikirdir. Bizdə əksəriyyətin fikri fərqli məcradadır. Kürəkəni öz evinə gətirməyə pis baxırlar. Qızının öz yanında evlənib yaşamasının nəyi pisdir? Qınamasalar, el qınağı olmasa, edərəm. Allah imkan versə, qapı qonşuma verəcəm qızımı".

Bilmirəm, Vasif ruslarla bizi hansı ağılla və düşüncəylə müqayisə edib. Amma oralarda 16 yaşdan sonra qızların, eləcə də oğlanların hansı hoqqalardan çıxdığı məlumdur. Bu adam nəyi təbliğ edir, anlamaq olmur. Qızını qapı qonşuna vermək istəyirsən, ver, kürəkənini evində saxlamaq fikrin var, saxla. Ancaq bunu camaata sırıma, lütfən. 

Meyxanaçı Samirə Yusifqızı deyib ki, Manaf Ağayev botoks elətdirir, mezosu var, saçına rəng qoydurur. Manaf da deyib ki, düzdür, saçıma rəng qoydururam, amma o biri şeylərə görə Samirəyə ayıb olsun. Bu mezo nə həngamədirsə, başa rəng qoymaqdan da betərdir. Yoxsa Manaf deyərdi ki, elətdirmirəm, amma lazım olsa, onu da elətdirərəm.

Bir müğənni var idi - Aynur Dadaşova. Səkkiz ildi, görünmürdü, təzəlikcə efirə çıxıb. Rüfət Axundov da deyib ki, mənim sənətə gəlməyimdə Aynurun böyük rolu olub. Amma deməyib ki, hansı sənətə. Rüfət istedadlı oğlandır, aktyor kimi bacarığı var. Müğənniliklə isə heç bir əlaqəsi yoxdur. Hələ o səslə də Rəşid Behbudovun repertuarına müraciət edib.

Gənc müğənni Afaq Aslanın bu açıqlamasıyla "Həftəbecər"i yekunlaşdıraq:
"Ehtiyacı olanlar üçün soyunaram".

Əgər ətrafınızda ehtiyacı olan biri varsa, şərhə yazın, Afaq mərd qızdır, deyibsə, eləyəcək. Görərsiz, bu açıqlamadan sonra nə qədər "ehtiyacı olan" çıxacaq ortaya. Amma xatırladım ki, gənc müğənni bu açıqlamanı başqa mənada verib. Yəni kiminsə ehtiyacı olarsa, xeyriyyə aksiyası formasında soyuna bilər. Umsunmayın...

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/491261.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR