Payız hüznü: sol tərəfimdə bir daş var ki...

Payız hüznü: sol tərəfimdə bir daş var ki...
12:57 21 Noyabr 2016
57 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu nə ağrıdır bilmirəm, amma sol tərəfimdən, sanki, daş asılıb...

...Qəfildən hiss etdim ki, illər keçdikcə ilk oxuduğum kitabı və nənəmin danışdığı nağılları unuduram. Gözümü yumub düşünürəm :"Azərbaycan nağılları", "Azərbaycan dastanları" "Robinzon Kruzo"... Bəlkə "Vasyok Trubaçov və dostları"?  Yox, nə qədər yaddaşımı qurcalasam da, ilk oxuduğum kitabı xatırlamıram. Nənəmin danışdığı nağıllar da yadıma düşmür, qəhərlənirəm.

Amma düşüncələrimi, təsəvvürlərimi və həyatımı dəyişən kitablardan, nənəmin xatirələrindən isə saatlarla danışa bilərəm. Gözümü açandan evimizdə kitab olub və mənə kitab oxumağı ailəm sevdirib. Kənddəki evimizdə orijinal kitab rəfimiz, çoxlu kitablarımız vardı. Uşaqlıq illərim maraqlı, məzmunlu kitabların arasında keçib. Hələ qonşumuz Əfqan müəllimin kitabxanasından, məktəb və kənd kitabxanalarından daşıdığım kitablar...

Hə, o vaxt kəndimizdə kitabxanalar vardı...

İndi cəmi bir ortabab kitabxana var kəndimizdə....

Evə gətirdiyim kitabları hökmən anam kontrol edir, gözdən keçirir, bəzən başını bulayıb qətiyyətlə: "Bu kitabı oxumaq üçün tezdir, böyüyərsən sonra oxuyarsan" deyirdi. Hələ bir dəfə anamın dəfələrlə qadağan etməsinə baxmayaraq, oxumağa davam etdiyim "Min bir gecə" nağıllarının hansısa cildini atam alıb odun peçinə atmış, məni də bərk tənbeh etmişdi.

Hara getsəm, gözüm kitab axtarırdı. Uşaqlıqda ən böyük arzum kitabxanaçı olmaqdı. Kitab oxuduğum üçün işə-gücə çox da kömək etməzdim. Hətta həddindən artıq kitaba bağlılığım bəzən valideyinlərimi narahat edirdi. Rus dili müəllimi, mənə Dostoyevskini, Qorkini, Çexovu oxudan anamın danlaqları hələ də qulağımdadır: "Düş həyətə təmiz hava ud, həyət-bacada bir işə yara. Kitab oxumaqdan üz-gözün şişib". İdman müəllimi, şagirdlərinin sevimlisi atam isə bu gün verdiyi nəsihəti 25 il əvvəl də verirdi - "İdman elə, fiziki hərəkət elə, piylənmək ürəyinə ziyandır. Kitab oxumağa həmişə vaxt tapacaqsan, əsas sağlamlıqdır." 

Nağıllarını unutduğum nənəmi də unutmuram. Yalnız nənəm - imza yerinə latın əlifbası ilə adını yazan, bir cümlə belə kitab oxumamış nənəm başımı tumarlayıb, üz-gözümdən öpərdi: "Kitabını oxu qurban olum, sən böyük adam olacaqsan!" Uşaqlığı Böyük Vətən Müharibəsinin qanlı-qadalı illərinə düşmüş, üç yetim böyütmüş, ömrünü ehtiyac, yoxluq içində yaşamış nənəmin gözündə televizorda gördüyü bütün adamlar istisnasız "böyük adam"lardı. Sonradan, çox sonradan məni efirlərdə görəndə sevincindən gizli-gizli ağlayar, oxuya bilməsə də, yazılarım çap olunan qəzetləri səliqə ilə yastığının altında saxlayırdı. Anam danışır ki, kitablarımı yastığının altından çıxarıb gizlicə öpürmüş...

Görüşündə sadəlövhlüklə həmişə eyni sualı verirdi: "İndi hamı bilir ki, sən şairsən?" Deyə bilmirdim ki, ay nənə, kimə lazımdır sənin şair nəvən, kimdir şeir oxuyan, kimdir şairə dəyər verən? Onun üçün "böyük adam" idim. Xəyallarını qırmaq, sevincini gözündə qoymaq istəmirdim.

...Hə, uşaqlığımda nənəm mənim kitab oxumağıma sevinir, mane olanlara da təpinirdi: "Balama dəyməyin, oxuyub böyük adam olacaq..."

Bu gün nənəm dünyada olmasa da, xırda, kiçicik bir uğurum olanda onu düşünürəm.  Uğursuzluqlarıma da daha çox nənəm, sağ olsaydı, üzülərdi deyə, canım sıxılır. Məni oxumağa, "böyük adam" olmağa həvəsləndirən nənəmin mavi, işıqlı gözlərini unuda bilmirəm.

Dostlarımdan birinin fikridir, nənələr dünyadan köçəndə nəvələr böyüyür. Nənəmin ölüm xəbərini aldığım andan bütün ruhumla böyüdüyümü hiss elədim.

Bir də, nə olsun ki mən böyük adam olmadım, əsas odur ki, nənəmin "böyük adam"ı olmağı onun qəhrəmanı olmağı sağlığında bacardım...

Cəlil Cavanşir
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/491487.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR