Ləziz ət mürəbbəsi, dadlı adamlar, şirin dil – İmişli haqqında bilmədikləriniz - FOTO

Ləziz ət mürəbbəsi, dadlı adamlar, şirin dil – İmişli haqqında bilmədikləriniz - FOTO
13:08 21 Noyabr 2016
165 Digər
Ölkə mətbuatı
A- A+

Bu dəfə sırada “HaralıSAN” layihəsində yolumuz İmişli rayonunadır.

Yayda göydən od ələnən, qışda qarı dizə çıxan İmişli.

İmişli torpağı zaman-zaman Manna, Urartu, Midiya, Atropatena, Qafqaz Albaniyası kimi qədim ölkələrin, xəzərlərin, farsların, ərəblərin, səlcuqların, monqolların, rusların, Makedoniyalı İsgəndərin, Əmir Teymurun, Nadir şahın, Qacarın və onlarla fateh sərkərdələrin hücum və hakimiyyətinin şahidi olub. Tarixi sənədlərə əsasən, 1220-1221-ci illərdə monqolların Azərbaycana birinci yürüşü zamanı onlar məhz Muğanda, indiki İmişli şəhəri ərazisində məskən salıblar. Muxor, Yeddi Kurqan və s. təpələr də o illərin yadigarıdır.

İmişli əvvəllər Qaradonlu rayonu adlandırılıb.

Fərziyələrə görə, İmişlidə çoxlu yemiş tipli meyvələr bitdiyindən el arasında buralara ”Yemişli” deyərmişlər. Bəzi fərziyələrə görə isə kənddə qalayçılıq sənətinin yüksək inkişaf etdiyi üçün bu kəndin adı məhz ”Gümüşlü” olub. Sonradan bu söz də deformasiyaya uğrayaraq İmişliyə çevrilib.

Mən tarixini incələdim, indi də İmişlini məşhurları vəsf edəcək:

“İmişlidə musiqiyə könül vermişəm”

Niyaməddin Musayev, xalq artisti:

“İmişli mənim Vətənim, torpağım, hər şeyimdir. İmişli Azərbaycan üçün ziyalılar yetişdirib. Bu gün onların səsi elm, mədəniyyət və müxtəlif sahələrindən gəlir. Doğulduğum torpaq haqqında ürəyimdə o qədər sözlər var ki, bilmirəm hansını danışım. Amma sizə bir söz deyim, mən danışmaqdan çox oxumağı sevirəm. Elə oxuduqlarımın hamısına görə doğma torpağıma borcluyam. Mən İmişlidə musiqiyə könül vermişəm”.

“Dur gedək dənə”-, deyən kimi bilirlər ki…”

Cabbar Musayev, bəstəkar:

“Mən Azərbaycanın bütün bölgələrini qarış-qarış gəzmişəm, inanın səmimiyyətimə, İmişli camaatı qədər qonaqpərvər camaat görməmişəm. Qonaq üçün canlarını da verərlər. İmişlidə həm tərəkəmə camaatı yaşayır, həm də yerli camaat. Yerlilərə “arazqırağlılar” deyirlər. Mən özüm “arazqırağlı”yam. Amma bizdə yerli-tərəkəmə söhbəti yoxdur, bir-birlərinə qaynayıb-qarışıblar, qız alıb, qız veriblər. İmişli əmim Niyaməddin Musayev kimi sənətkar yetişdirib. Niyaməddin Musayev Azərbaycanda yeganə sənətkardır ki, musiqidə öz yolu, öz cığırı var. Xalq musiqisi ilə estrada musiqisinin vəhdətini məhz o yaradıb. Bu gün Azərbaycanın bütün bölgələrində onun yolu ilə gedən musiqiçilər yetişib. Hamısı əmimi özlərinə ustad sayır. Elə mən də onun açdığı cığırla gedirəm. Niyaməddin Musayevin 1978-ci ildə yaratdığı “Röya” ansanblı bu gün də məşhurdur.

Mən İmişlinin təbiəti barədə ayrıca danışmaq istəyirəm. İmişlidə bütün fəsillərin dadını çıxarmaq olar. Aran yeri olduğundan burda yay isti, qış çox sərt olur. Eləcə də payızı, yazında əsil payız-yaz havası duyulur. Qış o qədər sərt keçir ki, evlərdən buz sırsıraları sallanır. Yayda da qora bişir.

Fərqli mətbəximiz də var. Məsələn, bizdə “Qaysava” deyilən yemək var, mən onu İmişlidən başqa heç yerdə görməmişəm. Əncir mürəbbəsi, yaxud da ərik qurusu bişirilir və üstünə yumurta vurulur.

Yaxud da ət qovurmamız çox məşhurdur. Bir dəfə Könül Kərimova İmişliyə qonaq getmişdi, orda ət qovurması yeyəndən sonra, o qədər xoşuna gəlmişdi ki, reseptini öyrənib, Bakıda bişirmişdi.

Sonra bizlərdə bişirilən “aş qarası”ndan mən heç yerdə görməmişəm. Ət, şabalıd, turşu, kişmiş, ərik qurusu və digər xuruşlardan ibarət həmin “qara” plovun üstündə verilir. Əmim Niyaməddin zarafatla aş qarasına “ət mürbbəsi” də deyir.

Bizim rayonda bitən nar, heyva başqa rayonların narından, heyvasından fərqlənir. İmişlinin meyvələri də dadlıdır, insanları da.

İnsanlarından da danışım. Bizim camaat Kür, Arazın suyunu içdiyindən, havasını udduğundandır yəqin çox saf, istiqanlı olurlar. Sözsüz ki, meşə çaqqalsız olmaz, amma İmişlidə çaqqallar çox azdır.

Ləhcəmizdən də danışım. İmişlilərin çox şirin ləhcəsi var. “Dur gedək dənə” deyən kimi bilirlər ki, imişlidənsən. Yaxud da, biz tərəflər “niyə, nə işə gəlmisən” əvəzinə “nəşə gəlmisən” deyirik.

Mən illərdir ki, Bakıda yaşayıram, amma ləhcəmi qoruyub saxlamışam”.

Azan səsi, gecə qızla görüş və…

Şəhriyar Del Gerani, şair:

“Uşaqlığım İmişlidə keçib. Orta məktəbi də orda oxumuşam. Coğrafi ərazi olaraq nə qədər quru təsir bağışlasa da, deyim ki, çox maraqlı, kaloritli rayondur. Xeyli maraqlı xatirələrim var bu rayonla bağlı. Birini deyim, siz də tanış olun. Deməli, 8, ya 9-cu sinifdə oxuyurdum. Məktəbin məzun siniflərindən bir qızı sevirdim. Deyəsən, onun da mənə könlü vardı. Ara-sıra məktəbin xəlvəti guşələrində görüşürdük. Qəribədir, bütün məktəblərdə belə yerlər olur. Bu da Tanrının bir lütfü olsa gərək. Xülasə, sevgimiz böyüdükcə keçdik məşhur xalq mahnısında deyildiyi kimi “yar bizə qonaq gələcək” mərhələsinə. Evlərinin beşmetrliyində bir məscid də vardı. Xanımın da ailəsi ellikcə dindar. Gecə görüşlərinə “mane” olan azan səsi bütün ailəni oyadırdı. Əl-əlbət, məcbur olub sübh azanı verilincəyə qədər bitirirdik ol məşum, məsud görüşləri. Günlərin bir günü görüşə gedərkən yolumu məsciddən saldım, qalxıb minarəyə səsucaldıcıya gedən elektrik xəttini sezilməz ustalıqla qırdım. Vəssalam. Bununla da gecə görüşlərini təxminən iki saata qədər uzatmağa müvəffəq olduq. O qız məktəbi qurtarıncaya qədər, universitetə qəbul olub Bakıya köçüncəyə qədər səsucaldıcının susqunluq müəmması heç kəsə bəlli olmadı. Sonralar altşüurumdakı bu günah hissi şeirlərimin birində belə ifadə olundu:

...Və sənsiz günəş gecikər
aydınlanmaz sabahlar.
Azan səsinə diksinər
bu şəhərdə günahlar.


“İnadkarın ram edilməsi” filmindəki absurd dioloq necə idi?

- Üç yüzü üç yüzə vuranda neçə edir?

- Doxsan min!

- Niyə?

- Ona görə ki, həyat belədir, əzizim...

“Brejnevi söydüyüm üçün, dədəmi türməyə…”

Qəşəm Nəcəfzadə, şair:

“İmişli xatirələrimin məskənidir. Mən ilk dəfə o torpağa ayaq basmışam, orda məktəbə getmişəm, orda ilk şeirlərim doğulub. Heç vaxt məktəbə getmək istəməmişəm, məni zorla nənəmə qoşub məktəbə yollayıblar. Nənəm mənimlə eyni partada otururdu, çünki məni məktəbdə saxlamaq mümkün deyildi. Bir gün məktəbin direktoru dedi ki, ay uşaq burda sən oxuyursan e, nənən yox. Nənəmi sinfidən çıxaran kimi səsimi atdım başıma. Doqquz il məktəbə düz-əməlli gedib gəlməmişəm. Amma adım jurnalda yazılıb.

Bir gün sinif rəhbərim Əhliman müəllim dalımca evimizə gəldi ki, atamgillə danışsın, məni məktəbə gətirsinlər. Qaçıb təndirdə gizləndim. Məni orda tapdılar, çıxaranda ayaqyalın qaçdım ki, məni tuta bilməsinlər. Sirrimi açım sizə, bilin ki, niyə məktəbə getmək istəmirdim. Bir dəfə bir qız məni məktəbdə basıb döymüşdü. Xəcalətimdən bunu heç kimin yanında deyə bildirmirdim ki, o qızla üz-üzə gəlməmək üçün məktəbə getmirəm.

Xatirələrimin çoxu uşaqlıq illəriylə bağlıdır. Uşaq vaxtı söyüşcül idim, Brejnevi söyürdüm. Amma telefonun yanında söyüş söymürdüm. Elə bilirdim Brejnevi söydüyüm üçün, dədəmi tutub türməyə basacaqlar”.

Kəndimizdə ikimərtəbəli evlər yox idi, bir gün ikimərtəbəli bina tikdilər. Hər gün qaçıb o binaya çıxırdım, ikinci mərtəbədə forslanırdım, elə bilirdim göylərdə uçuram”.

… Cabbar Musayevin sözünə qüvvət, İmişli həm də şirin ləhcəsiylə başqa bölgələrdən fərqlənib. Bu yazını oxuyannan sora özüz də görəssüz ki, İmişdi qəşəy rayondu. Adamnan ötrü cannarın verəllər. Sözzərinin bı başı da “başua dönüm, azaruy çəkim”di, o başı da. Mən özüm də ordanam axı, mə dellər ki, nə şirin ləhsööz var, derəm saallah, düz dersüz? Elə biz özümüz də şirinüy dənə.

İmişdini bəyənməyənnərə də derük ki, nəşə helə dersüz a? Çörəy haqqı yalan demerəm. Bizzən var a, yanı? Arazın “lıkka” suyunnan içməynən dör e, bizim camaat sudan da safdı.

Cəvahir


Xəbərin orijinal ünvanı: http://publika.az/projects/haralisan/176745.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR