Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Körpələrdə gizli təhlükə: “Bu əlamətlərə fikir vermək lazımdır”

Körpələrdə gizli təhlükə: “Bu əlamətlərə fikir vermək lazımdır”

Date: 21 November 2016 13:32

Bakı. 21 noyabr. REPORT.AZ/ Körpələrdə tiroid xəstəlikləri və onların əqli fiziki inkişafa təsirləri ilə bağlı Azərbaycan Tibb Universitetinin II uşaq xəstəlikləri kafedrasının həkimi Günay Cəbrayılova müsahibə verib. “Report” ATU-nun mətbuat xidmətinə istinadən müsahibəni təqdim edir:
- Günay xanım, tiroid vəzi nədir?
-Tiroid vəzi (qalxanabənzər vəzi) boynun ön-aşağı hissəsində yerləşən daxili sekresiya vəzlərindəndir. Əsas funksiyası tiroid hormonları əmələ gətirməkdir. Tiroid hormonları orqanizmimiz üçün ən vacib funksiyaları yerinə yetirən və hüceyrələrdə (beyində, əzələlərdə) metabolizmi sürətləndirən və tənzimləyən hormonlardandır. Vəzin normadan az fəaliyyət göstərməsi hipotireoz, normadan çox fəaliyyət göstərməsi isə hipertireoz adlanır. Cəmiyyətdə hipotireoz daha tez-tez rast gəlinməkdədir. Qalxanabənzər vəzi patologiyaları doğumdan ehtibarən hər yaşda ortaya çıxa bilir. Ən çox yod çatışmazlığının və qohum evliliyinin geniş yayılması səbəbi ilə hipotireoz və endemik urun yayılma tezliyi olduqca yüksəkdir (1/3000 - 1/4000 ).
- Yeni doğulmuşlarda tiroid xəstəliklərinə rast gəlinirmi?
- Bəli. Xüsusilə də, yenidoğulmuşlarda anadangəlmə hipotireoz yəni, tiroid hormonunun çatışmazlığı körpənin beyninin inkişafına mənfi istiqamətdə təsir edəcəyi üçün erkən diaqnozun qoyulması və müalicəsi həyati əhəmiyyətə malikdir. Bu səbəblə bir çox ölkələrdə bütün yeni doğulmuşlara hipotireozun olub-olmamasını istisna etmək məqsədilə skrininq testi tətbiq olunur. Bu proqram vasitəsilə xəstəlik şübhəsi olan körpələr daha dəqiq diaqnozs qoymaq və müalicə etmək üçün Uşaq Endokrinoloqlarına istiqamətləndirilir. Skininq testi olunmayan körpələrdə bu xəstəlik nəzərdən qaça bilməklə birlikdə, həm də əqli geriliyin inkişafına da səbəb ola bilər.
- Anadangəlmə hipotireozun səbəbləri nələrdir?
- Anadangəlmə hipotireozlu körpələrin bir qismində tiroid vəzi ana bətnindəykən heç inkişaf etməmiş və ya normal ölçüsündən kiçik qalmış ola bilir. Bunun xaricində anada yod çatışmazlığı, anadakı haşimoto xəstəliyi səbəbiylə körpəyə keçə bilən anticisimlər kimi səbəblərlə də hipotireoza rast gəlinməsi mümkündür.
- Anadangəlmə hipotireoz nə üçün əqli geriliyə yol açırmı?
- Uşaqlarda beynin inkişafı üçün ilk üç il, xüsusilə də ilk 6 ay çox əhəmiyyətlidir. Bu dövrdə beyindəki sinir hüceyrələrinin sağlam inkişafı üçün tiroid hormonlarının kafi səviyyədə olması şərtdir. Əgər uşaqda hipotireoz varsa, beyin hüceyrələrinin inkişafı pozular və dönməz əqli gerilik ortaya çıxar. Bu xəstələr sonradan müalicəyə cəlb edilsə də, əqli gerilik aradan qalxmayacaq.
- Hipotireozlu uşaqlarda əqli geriliyin meydana gəlməsinin qarşısı alına bilərmi?
- Əlbəttə. Hipotireozun müalicəsi çox sadə və ucuzdur. Əgər hipotireoz diaqnozu uşaq anadan olduğu ilk həftələr ərzində qoyulub, dərhal müalicəsinə başlanarsa, belə uşaqların zəka səviyyəsi normal olacaqdır. Ancaq diaqnoz və müalicədəki hər 1 aylıq gecikmə xəstə uşaqlarda problemlərə yol açar.
- Yenidoğulanlarda tiroid xəstəliyi hansı əlamətlərlə özünü göstərir?
- Ən əhəmiyyətli əlaməti uzun müddət davam edən sarılıqdır. Yenidoğulmuşlarda müşahidə edilən və bir həftədən sonra azalan fizioloji sarılıq bu körpələrdə uzun müddət davam edir. Ayrıca körpədə əmmədə çətinlik, kobud səslə ağlama, bədən istiliyini qoruya bilməmə, gücsüzlük, qəbizlik kimi əlamətlər ortaya çıxır. Yenidoğulmuş dövründən sonra uşaqlıq çağında ortaya çıxan hipotireoz isə inkişaf geriliyi, çəki artmasına meyl, qəbizlik, dəri quruluğu, halsızlıq, həddindən artıq yuxululuq, zehni yavaşlama, üşütmə kimi əlamətlərlə özünü göstərə bilər. Müalicəyə başladıqdan sonra bu əlamətlər sürətlə aradan qalxar. Müalicəsinə erkən başlanan xəstələrdə isə zəka tamamilə normal olaraq inkişaf edir.
- Xəstəliyin müalicəsi necədir?
- Bədənin başqa nahiyyələrinin istehsal edə bilmədiyi tiroid hormonu dərman vasitəsi şəklində təyin edilir. Ölkəmizdə tez-tez rast gəlinən “tranzitor və ya keçici hipotireoz” həkim nəzarəti altında dərman müalicəsi azaldılaraq kəsilə bilər. Ancaq qalıcı hipotireozdursa müalicə ömür boyu davam etdirilməldir. Bununla da vaxtında müalicəsi başlayan uşaqlarda eutireoz vəziyyətə gətirilir və onlar öz yaşıdlarından heç də geri qalmırlar.



Tags:  Körpələrdə gizli təhlükə Bu əlamətlərə fikir vermək lazımdır

RƏYLƏR


Top news