Psixiatr: "Azərbaycanda müraciətlər daha çox isteriya nevrozu ilə bağlı olur"

Psixiatr: "Azərbaycanda müraciətlər daha çox isteriya nevrozu ilə bağlı olur"
13:37 21 Noyabr 2016
136 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 21 noyabr. REPORT.AZ/ "Hazırda insanları narahat edən, ən çox müraciət etdikləri psixi pozuntular arasında isteriya nevrozu və panik ataklar üstünlük təşkil edir".
Bunu "Report"a açıqlamasında psixiatr, psixoterapevt Mehriban Rzayeva deyib.
Onun sözlərinə görə, bu cür problemlə daha çox orta yaşlı insanlar müraciət edir: "Bu xəstəlikdən əziyyət çəkənlərin demək olar 60 faizini qadınlar, 40 faizini kişilər təşkil edir. Təşviş sindromu ilə müraciət hər zaman daha çox olur. Çünki təşviş insanı kömək axtarmağa, həkimə müraciət etməyə vadar edir. Psixi narahatlığı olanlar çoxdur. Amma təşviş sindrom olan insanlar daha çox müraciət edirlər. Əksər vaxtlarda insanlar problemlə bağlı psixiatra yox, müxtəlif həkimlərə (terapevt, kardioloq və s.) gedirlər. Digər orqanlarda problem çıxmayanda ən sonda psixiatrlara müraciət edirlər".
M.Rzayeva bildirib ki, əvvəlki illərlə müqayisədə müraciətlərin sayında artım var: "Hazırda yetkin yaşda olanların çoxu 1980-1990-cı illərdəki qeyri-stabil şəraitdə, həmçinin 20 Yanvar, Qarabağ hadisələrinin gərgin olduğu dövrün problemləri içərisində böyüyənlərdir. Bu gün həmin insanların psixoloji diskomfortları var. İsteriya nevrozu müalicə tələb edən problemdir. Stress insanda ürək döyünməsi, tərləmə, tənginəfəslik, boğulma, boğazında sanki tikə qalmaq hissi yaradır. Əksər vaxtlar bu problemlə qarşılaşan insanlar gedib zoblarını yoxladırlar. Boğulma hissi olanda ürək, ağciyərlə əlaqələndirirlər. Müayinələrdən sonra həkimlər heç bir problem tapmayanda xəstəliyin sinirlə əlaqəli olduğunu deyirlər".
Psixoterapevt qeyd edib ki, bu cür pozuntularla xəstə müraciət edərkən çox narahat olanda dərmansız keçinmək mümkün deyil: "Dərman onları bu vəziyyətdən çıxarmaq üçün istifadə olunur. Müalicə alan insan yenidən eyni vəziyyətə düşməmək üçün psixoterapevtik yardım almaq üçün müraciət etməlidir. Müalicədə söhbətlər aparmaq lazım olur. Müalicənin başlamasından iki həftə sonra müsbət dəyişiklik olur. 4-6 həftəyə xeyli yaxşılaşma, iki-üç aya isə vəziyyətdən çıxmaq mümkündür. Amma insanı həmin problemə sürükləyən sosial vəziyyət davam edirsə, xəstəlik yenidən baş qaldıracaq. Bu zaman isə artıq psixoterapiya metodları ilə kömək etmək olar".
M.Rzayeva vurğulayıb ki, ağır depressiya halında müraciət edən pasiyentlərin nəzarət altında müalicəsinin aparılması məsləhət görülür: "Depressiyanın ilkin müalicəsini dərmanlarla başlamaq lazımdır. Depressiya dərman müalicəsinə gözəl tabe olur. Problem depressiya deyil, sosial münaqişə halında yaranırsa, onda ailə psixoterapiyası aparılmalıdır. Bu zaman ailə üzvlərinin hər biri ilə danışıqlar aparmaq vacibdir".  

Xəbərin orijinal ünvanı: https://report.az/sehiyye/azerbaycanda-muracietler-daha-cox-isteriya-nevrozu-ile-bagli-olur

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR