"Hüseynağa müəllimdən ayrılanda on gün ağladım..." - Sənubər İskəndərli - FOTO

"Hüseynağa müəllimdən ayrılanda on gün ağladım..." -  Sənubər İskəndərli - FOTO
13:57 21 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Akademik Milli Dram Teatrının tanınmış aktrisası, əməkdar artist Sənubər İskəndərli Nərgiz Cəlilovanın aparıcısı olduğu "Sevilənlər" verilişində maraqlı açıqlamalar verib.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, aktrisa sənətə təsadüf nəticəsində gəldiyini etiraf edib:

"Aktrisa olmaq istəmirdim, təsadüf nəticəsində bu sənətə gəlmişəm. Ali məktəbə daxil olmaq xatirinə sənəd vermişəm. Çünki o vaxt ailəm, qızım var idi. İki gün idi dərsə gəldiyim, Lütfi Məmmədbəyov mənə dedi ki, sənə rol verəcəyəm. Mədəni Maarif fakültəsində oxuyurdum. Allah ona qəni-qəni rəhmət eləsin. Həmişə də deyirəm, sənət məni seçib, mən sənəti yox. Anam həyatda olsaydı, məni heç vaxt səhnəyə buraxmazdı. Onun çox sərt qanunları vardı. Qız çox qənd yeməz, pəncərədən baxmaz, çox gülməz... (gülür) Köhnə bakılılarda elə şeylər olur. Atam ilk dəfə efirdən sonra bizə gəldi, yoldaşıma dedi ki, məndən çıxdı, özün bilərsən".

Aktrisa anasının ondan incikliyi barədə də danışıb:

"Anamı uzun müddət yuxuda görmürdüm, məndən incik idi. Çünki onun ürəyincə olmayan bir ailəni qurmuşdum. Ona görə uzun müddət yuxularıma da gəlmirdi. Amma sənətə gələndən sonra bir dəfə yuxuda gördüm. Gözlərini yumdu, başını tərpətdi, düşündüm ki, razıdır. Anam dünyasını dəyişəndə 13 yaşım olmamışdı... Uşaqlıdqa düşünürdüm ki, heç vaxt heç kimi incitmərəm. Amma mən tez böyüdüm. Anam dünyasını dəyişən gecə yatdım, səhər böyüdüm. Anamın yeganə övladıydım. Anladım ki, ana, ata, var-dövlət varsa, səndən yoxdur. Əgər bunlar yoxdursa, sənə başqa cür baxacaqlar. Həmişə belə gördüm".

S.İsgəndərli ailə həyatından da söz açıb və 17 yaşında dəlicəsinə sevərək ailə qurduğunu dilə gətirib:

"17 yaşımda dəlicəsinə sevdim, ailə qurdum. Sevgi adamı yenidən uşaqlığına qaytarır. Yenidən istəyirsən nazını çəksinlər. Sevgi çox qəribədir. İstəyirsən hər şey onunla bağlı olsun, onda əriyəsən. Deyirlər, sevgidən doğulan övladlar xoşbəxt olur. O sarıdan xoşbəxt anayam".

Əməkdar artist ustadı Hüseynağa Atakişiyevlə bağlı xatirələrini paylaşıb:

"Hüseynağa müəllim tərifləməyi sevmirdi, gülümsəyirdi ki, işini gör. Şekspirin "Yay gecəsində yuxu" tamaşasından sonra proqramı verdim ona ki, bəlkə bir söz yaza. Yazdı ki, bax sən indi gözəlləşməyə başladın. O vaxta qədər ona yaxın rolum vardı. Həmin gün elə bildim ki, xalq artisti fəxri adını aldım. Məni sənətə Lütfi müəllim gətirib, amma ustadım Hüseynağa Atakişiyevdir... Qadın gözəlliyi nisbidir. Kiməsə gözəl, kiməsə çirkin ola bilərsən. Mənimçün onun elə də önəmi yoxdur. İlk önəm verdiyim sənət gözəlliyidir. Sanki bu həyata sənətə görə gəlmişəm. Hərdən düşünürəm ki, sənətim olmasa neynəyərdim. Tez qocalardım (gülür)".

Teatrda ilk addımlarından danışan əməkdar artist qeyd edib ki, ilk addımlarını atdığı Akademik Milli Dram Teatrından öz istəyilə ayrılıb və Gənclər Teatrına üz tutub:

"İlk addımımı "Azdrama"da atdım. "Şeyx Xiyabani" tamaşasında baş rol oynadım. O tamaşada kimlər yox idi-Amaliya Pənahova, Fuad Poladov, Həsənağa Turabov. Kulisdə yarpaq kimi əsirdim ki, onlarla bir yerdə səhnəyə çıxacam. Özümə qarşı pis heç nə hiss etmədim. Nəcibə Məlikova, Məlik Dadaşov da teatrda işləyirdi. Məni çox isti qarşıladılar. O ərəfədə Hüseynağa müəllim Gənclər Teatrını açdı. Düşündüm ki, hələ bu sənətkarlarla səhnəyə çıxmağa hazır deyiləm və mütləq bir az təcrübə toplamalıyam. Hüseynağa müəllimdən xahiş etdim ki, məni teatrınıza götürərsiniz və götürdü. İndi düşünürəm ki, düzgün addım atmışam. Müdrik qərar verdiyimdən indi də şokdayam (gülür)".

Aktrisa Gənclər Teatrından gedişini isə belə xatırlayıb:

"Teatrın kulisində bəzi şeylər baş verdi, ərizəmi yazdım, getdim. Teatrdan gedən gün Həsənağa Turabov zəng vurdu ki, qayıt evinə".

S.İskəndərlinin sözlərinə görə, həyat yoldaşı qısqanc olduğundan filmlərə çox çəkilə bilməyib:

"Dəfələrlə filmə təsdiq olunmuşam. Yoldaşım ssenarini məndən əvvəl oxuyurdu. Burada əldən tutdu, burada beldən tutdu və icazə vermirdi. Nə biləydim ki, 90-cı illərdə durğunluq yaranacaq, kinostudiyanın qaynar dəhlizləri boşalacaq. İndi filmlər çəkilir, amma sənətimiz asılı sənətdir. Biz də təklif gözləyirik. İmtina etdiyim rolları oynasaydım, ən azı 30-40 filmim olardı, 6-7 yox. İndi peşəkar kadr qıtlığı var. Əvvəlki teletamaşalar ona görə uğurlu alınırdı ki, orada işıqçıdan rejissora kimi hamı peşəkar idi. Evində bir video çəkən gəlib kamera arxasına keçir, serial çəkir. Bir şeyə yanıram ki, mənim ömrümdən gedir. Qorxuram ki, nəyəsə çatmaram, nəyisə görmərəm. Küpəgirən qarını da oynayaram. Hətta bomj adlandırdığımız insanı da. Fərqi yoxdur necə görünürəm. Qrim otağında nə qrimləndim, bitdi. Tez-tez güzgüyə baxmaq mənlik deyil. Deməli, mən aktrisa deyiləm. Səhnədəki görünüşümü düşünsən, olursan maneken. Əsas obrazı necə oynamağımdır. 29 yaşımda Hüseynağa müəllim mənə qoca qarı rolu vermişdi. İstəməzdim ki, səhnəyə çıxanda məni tanıyıb alqışlasınlar. İstərdim ki, tanınmaz halda səhnəyə çıxım və o alqışları sonra qazanım. Kim deyib qocalıq gözəllikdir, inanmayın, bəhanədir. Vaxtında səhnədən getmək lazımdır. Əgər səhnədə maraqlısansa, qal. Maraqlı deyilsənsə, iyirmi yaşında da çıx get. Gözəl qadın o kompleksə tez düşür. Həmişə gözəllərə həsrət dolu baxışlara baxırlar və bir gün o baxışlar "bu nə günə düşdü" acımasına çevrilir. Mən onu hiss edən gün səhnədən gedəcəm. Aktyoru təqaüdə çıxartmaq düzgün deyil. Qoqoleva var idi. 93 yaşında onu arabada səhnəyə çıxardırdılar, iki kəlmə sözü olurdu, amma hamı alqışlayırdı. Xoş olan bu sənətdə alnıaçıq olmağımdır. Gözləmədiyim anda əlini mən uzadan insanlar olub. Düşünmüşəm ki, Allah məni çox istəyir. Anlarım olub düşünmüşəm ki, hər şey bitdi. Hüseynağa müəllimdən ayrılanda on gün depressiyada idim, ağır depressiya keçirdim. Oturub ağladığım anda Turabov zəng etdi ki, dur gəl evinə. Mənim xoşbəxtliyim də həmişə bunda olub".

Milli.Az










Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/491492.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR