Sosial şəbəkənin ağ xalatlı üzvləri - Təhlükəlidir, diqqətli olun - FOTO

Sosial şəbəkənin ağ xalatlı üzvləri - Təhlükəlidir, diqqətli olun - FOTO
15:03 21 Noyabr 2016
107 Digər
Ölkə mətbuatı
A- A+

“Bir il əvvəl suçiçəyi oldum və həftə sonu olduğu üçün xəstəxanalar işləmirdi. Gecə temperaturum yüksəldi və özümü çox pis hiss edirdim. Nə edəcəyimi bilmirdim. Həmin vaxt sosial şəbəkədə dostluğumda olan həkimlərdən birinə zəng etdim. Gecə saat 11-i keçsə də, həkim telefonda mənim bütün suallarıma cavab verdi, iynə vurdurmağı məsləhət gördü”.

Müsahibim Nərgiz Babayeva gecə saatlarında sosial şəbəkədən tanıdığı həkimin suallarını cavablandırmağından xeyli razı qalsa da, “virtual həkim”in iynə məsləhətinə əməl etməyib.

İlk iş günündə real tanıdığı həkimə müraciət edib.

Həkimin pisi-yaxşısı

Dostluq siyahınıza baxsanız, görərsiniz ki, hər birinizin həkim dostlarınız var. Həkimlə dost olmağın nəyi pisdir?

Müsahibimiz kimi gecənin bir saatında zəng edirsən, yazırsan, xəstəliklə bağlı suallarına cavab tapa bilirsən. Adi bir müayinə, məsləhət üçün özəl klinikalarda ayaq basan kimi azı 30, dövlət xəstəxanasında isə həkimin cibinə qoyduğunuz 5-10 manatı nəzərə alsaq, sosial şəbəkədəki həkimlər xəstə üçün göydəndüşmə olur. Bir qəpik də almadan dərdini dinləyir, lazım olan məsləhəti verir.

Amma gəlin görün ki, iş bununla bitmir. Publika.az-ın “Müfəttiş” layihəsi məsələnin qalan tərəflərini, medalyonun digər üzünü göstərəcək.

Əvvəlcə ondan başlayaq ki, sosial şəbəkədə həkimlər iki qrupa bölünür. Savadı olmadığı halda özünü reklam edənlər və məqsədi insanları məlumatlandırmaq olanlar. İkisini bir-birindən ayırmaq isə bir az diqqət tələb edir.

Birinci qrup daha çox xəstələrin və ya əməliyyat masasının yanında çəkdirdiyi şəkillərlə diqqət çəkir. Onların əsas məqsədi daha çox xəstə “tutmaq”dır.

İkinci qrup əsasən məlumatlandırıcı materialar və xəstəliklərin əlamətləri barədə paylaşımlar edirlər.

Hər ağ xalatlı profilə aldanma!

Hər iki həkim qrupu də suallarınıza cavab verə bilər, ən pis halda sizi tanış həkimə yönləndirər. Amma biləsiniz ki, profil şəkli ağ xalatlı olan hər istifadəçi həkim olmaya bilər. Onun yazdığı dərmanların narkotik, psixotrop tərkibli olmadığına, yaxud sizi yönləndirdiyi “həkim tanışının”mütəxəssis olduğuna kim zəmanət verir?

Əslində bu sualı qoymağımızda məqsəd sosial şəbəkədəki həkim dostlarınızın nə qədər təhlükəli ola biləcəyinə diqqət çəkməkdir. Çünki Mark məlumatlar bölməsinə “həkim” yazan birinin nə diplomuna baxır, nə də iş yerindən arayış tələb edir. Demək istənilən adam sosial şəbəkədə “həkim” ola bilər.

“Qəbahətli nəsə görmürəm…”

Mütəxəssislərdən sosial şəbəkədə həkim məsləhətlərinin təhlükəli məqamlarını və onlarla mübarizə üsullarını öyrəndik.

Sosial şəbəkədə aktiv olan həkimlərdən Vaqif Qarayev məsələyə iki istiqamətdən yanaşır. O, həkim kimi sosial şəbəkədə olmağı normal qəbul etsə də, özünü reklam edənləri qınayır:

“Həkimlərin sosial şəbəkədə olmasının əleyhinə deyiləm. Mən də həkim qruplarına üzvəm. Biz orada istifadədən çıxmış dərmanlar, xəstəliklər barədə məlumatlar paylaşırıq. Amma həkimin sosial şəbəkədə hansısa dərman firmasının məhsulunu reklam etməsinin əleyhinəyəm. Özüm də sosial şəbəkədə aktivəm və bildiklərimi insanlarla bölüşürəm. Amma “mən” sözünü işlətmirəm, ancaq təbabətin adından danışıram. Burada heç bir qəbahət görmürəm”.

Sosial şəbəkədəki həkim məsləhətinə gəldikdə V.Qarayev bu məsələdə diqqətli olmağı tövsiyə edir:

“Bütün dünyanın qəbul etdiyi temperatur salan dərmanlar var. Bəzən valideynlər sosial şəbəkədə reklamını gördükləri məhsulu alır. Bu dərmanı qəbul edib ölən uşaqlar barədə də eşidirik. Sosial şəbəkədən öyrənməyin, həkim, dərman tapmanın axırı belə olur. Dərmandan əks reaksiya qaçılmazdır. Ona görə də xəstəyə dərmanı həkim müayinə edəndən sonra yazmalı və onun əks göstərişlərini izah etməlidir. Analgin təhlükəli dərmandır, tərkibində analgin olan dərmanın reklam edilməsi də təhlükəlidir. Demək reklam idarə edilmir. Bu klinikalar üçün də keçərlidir. Reklamda səhiyyənin bütün xidmətlərini ucuz qiymətə təklif edirlər. Amma klinikadan içəri girəndə hər şeyin yalan olduğu məlum olur, bəzən geri dönüş də çətin olur, artıq içəri girmisən və pulu ödəməlisən”.

V.Qarayev özünü reklam edənlər anlamağa çalışdığını deyir:

“Nə etsinlər? Xəstə toplamalıdır də. Sərhədsiz sosial şəbəkə isə yalançı reklam quranlar üçün imkan yaradır. Bu məsələyə bir nəzarət olmalıdır. Hesab edirəm ki, icbari tibbi sığorta işə düşəndən sonar bu problem həllini tapacaq. Çünki onda həkim xəstə axtarmayacaq, özünü reklam etməsinə də ehtiyac duymayacaq”.

Dərman sabun deyil ki, reklam edilsin”

Tibbi ekspert Adil Qeybullanın isə sosial şəbəkədəki həkimlərə qarşı münasibəti birmənalıdır. O, bu cür reklamın çox pis göründüyünü deyir:

“Hər hansı ölkədə həkimin xəstə ilə əməliyyatdan şəkil çəkib sosial şəbəkəyə yerləşdirməsini görə bilməzsiniz. Düzdür, dünyada ilk dəfə həyata keçirilmiş əməliyyat barədə məlumat verilə bilər, amma şəkil paylaşılmaz. Bütün bunlar mədəniyyətdən uzaq, alverçi psixologiyasından yaranan məsələdir. Özünü reklam edənlər əsasən, Azərbaycan Tibb Universitetinin məzunu deyil. Ya keçmiş Azərbaycan Beynəlxalq Universitetinin məzunlarıdır, ya da heç diplomları təsdiq edilməyən, mütəxəssis kimi yetişməyənlərdir. Özünə hörmət edən mütəxəssis bu işə getmir. Bunlar hamısı utancverici haldır. Bizim falçıya aldanan insanlarımız da həmin mütəxəssislərə “kömək” edirlər”.

A.Qeybulla hesab edir ki, səhiyyədə peşəkarlıq mühiti olmadığına görə bu cür məsələlər çiçəklənir:

“Dünyanın hər yerində olduğu kimi bizdə də həkim etikası qəbul edilməlidir. Hippokrat andı Sovet dövründə ideologiyalaşdırılmış bir səhifəlik bir material idi. Onun heç bir hüquqi, mənəvi əsası yoxdur. Həkim etikası kodeksi həkimlə xəstə və tibb işçiləri arasında münasibətləri qanuniləşdirən, hüquqi məsuliyyət yaradan bir sənəddir. Bu qəbul ediləndən sonra problemlər normaya düşəcək”.

Ekspertin fikrincə, həkim nə özünü, nə də hər hansı dərmanı reklam etməməlidir:

“Dərman sabun deyil ki,reklam edilsin”.

“Ayıq-sayıq olun”

Dünya praktikasında həkimlərin, dərmanlar reklamın mövcud olduğunu deyən millət vəkili Musa Quliyev yerli qanunvericilikdə də bu məsələnin qadağan edilmədiyini bildirib:

“Sadəcə, vətəndaşlar özləri ayıq olmalı. Çünki sosial şəbəkədə onların aldadılması, uyğun olmayan müalicə metodları tətbiq edilməsi mümkündür. Həmçinin Azərbaycanda qeydiyyatdan keçməyən dərmanlar, dərman olmayan məhsulları bu adla sata bilərlər. Reklamla müalicə olunmağı normal saymıram və ciddi qəbul etmirəm. Hər bir ailədə tanıdıqları bir həkim olmalıdır ki, həkim seçimini də onunla məsləhətləşsinlər”.

Millət vəkili hazırkı durumda Səhiyyə Nazirliyinin məsələyə nəzarətinin mümkün olmadığını deyib. Lakin vətəndaşın şikayəti əsasında nazirliyin müvafiq addım ata biləcəyini də istisna etmir.

İcbari sığortanın tətbiqindən sonra bu problemlərin aradan qaldırılacağını düşünən millət vəkili hələ ki, vətəndaşlara ayıq-sayıq olmağı tövsiyə edir.

Qanunvericilikdə məhdudiyyət olmasa da, Həkimlərin Etik Davranış qaydalarında bu məsələ açıq göstərilib.

“…34. Tibbi xarakterli nəşrlər, həkimlərin elmi forum və cəmiyyətlərdə çıxışları, kütləvi informasiya vasitələri ilə maarifləndirici fəaliyyəti etik normalara uyğun olmalı, obyektiv elmi-praktik məlumatla məhdudlaşmalı və qeyri-sağlam rəqabət, reklam və özünü reklam elementlərini əks etdirməməlidir”.

İnsanlar ciddi yanaşmır

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Publika.az-a bildirib ki, insanlar sosial şəbəkədə həkimdən hara, necə müraciət etmək barədə məsləhət ala bilərlər:

“Xəstəliyi müayinə edilmədən, diaqnoz təsdiqlənmədən müalicə etmək olmaz. Biz də Səhiyyə Nazirliyi olaraq, insanlara bildiririk ki, səhhətinizdə problem yaşayanda ilk növbədə yerli poliklinikalara, sonradan aidiyyatı xəstəxanaya müraciət edin”.

S.Əhmədova bu məsələ ilə bağlı nazirliyə şikayətin olmadığını deyib:

“Nazirliyin “Qaynar Xətt” xidmətinə belə müraciət daxil olmayıb. Hesab edirəm ki, onlayn müraciət edənlər özləri də məsələyə ciddi yanaşmırlar. Həmin həkimlərə inanıb, hansısa addım atmırlar”.

“Müfəttiş”in gəldiyi nəticə belə oldu: Həkimlərin sosial şəbəkədə fəaliyyəti nəzarətsizdir. Səhiyyə Nazirliyinin də rəsmi olaraq, nəzarət etmək səlahiyyəti yoxdur.

İndi siz deyin, onlara inanmaq olarmı?

Gülxar Şərif


Xəbərin orijinal ünvanı: http://publika.az/projects/mufettish/176762.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR