SOCAR və “Total” şirkəti arasında çərçivə razılaşması imzalanıb

SOCAR və “Total” şirkəti arasında çərçivə razılaşması imzalanıb
17:27 21 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 21 noyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Fransanın “Total” şirkətinin baş icraçı direktoru Patrik Puyannenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
“Report”un SOCAR-a istinadən verdiyi xəbərə görə, qonaqları salamlayan R.Abdullayev “Total” şirkətinin Azərbaycanda fəaliyyətinin 20 illiyi münasibəti ilə şirkət rəhbərliyini təbrik edib, onlara gələcəkdə daha böyük uğurlar arzulayıb. O, SOCAR və “Total” arasında mövcud olan səmərəli əməkdaşlıq əlaqələrindən bəhs edib, hər iki şirkətin birgə işrirak etdiyi neft-qaz layihələrinin regional və beynəlxalq enerji təhlükəsizliyində oynadığı rolu xüsusi qeyd edib. Bu gün dünya neft-qaz sənayesində mühüm mövqeyə malik olan “Total”ın Azərbaycanda fəaliyyət göstərən ilk xarici enerji şirkətlərindən və ölkənin neft-qaz sənayesinə sərmayə yatırmış beynəlxalq investorlardan biri olduğu, SOCAR və “Total” arasında uğurlu və işgüzar əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə davam etdiyi vurğulanıb. “Abşeron” qaz-kondensat yatağında aparılan geoloji-kəşfiyyat və qazma işləri, yatağın texniki-iqtisadi göstəricilərinin qiymətləndirilməsi, hasilatın başlanması üçün işlənmə proqramının hazırlanması bu əməkdaşlığın bariz nümunəsidir.

Səmimi qəbul üçün təşəkkürünü bildirən “Total”ın baş icraçı direktoru Patrik Puyanne Azərbaycanda əlaqələrin davam etdirilməsində maraqlı olduqlarını söyləyib, əməkdaşlığın inkişafı üçün geniş perspektivlər gördüyünü bildirib.O, Azərbaycanda həyata keçirilən layihələrin gedişini diqqətlə izlədiklərini qeyd edib, yeni investisiya imkanlarını araşdırdıqlarını və Azərbaycanda neft-qaz əməliyyatlarına sərmayə qoyuluşunu davam etdirəcəklərini deyib. Görüşdə “Total” şirkətinin Azərbaycanın digər neft-qaz layihələrində, o cümlədən “Ümid” yatağı və “Babək” perspektiv sahələrinin işlənməsi layihələrində iştirak etmək üzrə öz imkanlarından maksimum istifadə istəyi ifadə olunub.

Görüşün sonunda SOCAR və “Total” arasında “Abşeron” layihəsinin işlənmə proqramını tənzimləyən prinsiplər haqqında çərçivə sazişi imzalanmıb. 





Xəbərin orijinal ünvanı: https://report.az/energetika/socar-ve-total-sirketi-arasinda-cercive-razilasmasi-imzalanmisdir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR