"Allah o cana qıymırsa, insanın buna ixtiyarı yoxdur"

"Allah o cana qıymırsa, insanın buna ixtiyarı yoxdur"
19:12 21 Noyabr 2016
83 Ölkə
Ölkə mətbuatı
A- A+

Son illər Azərbaycanda uşaq initharlarının sayı çoxalıb. Bəs uşaqlar niyə həyatlarına son qoymağı düşünürlər?

Milli.Az aznews.az-a açıqlamasında psixoloq Elnur Rüstəmov bildirib ki, intihar halları ailələrdə yaranan problemlərdən qaynaqlanır:

"İntihar heç bir vaxt çıxış yolu olmayıb. Azərbaycan xalqının böyük bir qismi islam dininə inanan və inanclı insanlardır. İntihar doğru bir əməl kimi qəbul olunmayıb. İslam bunu günah kimi dəyərləndirir. Günah olsa da, intihar edən insanların sayı artır. Həmin insanların sayına nəzər salsaq, görərik ki, onların bir qismi uzun sürən xəstəlikdən, bir qismi ikinci bir vərdişdən əziyyət çəkənlərdir. Bunların arasında yeniyetmə uşaqlar da var. Bəziləri isə sıxıntı içərisində yaşayanlardır. Hansı valideyn istəyər ki, uşağı intihar etsin? Hansı valideyn istəyər ki, onu barmaqla göstərib desinlər ki, "bu ata, ananın uşağı intihar edib"? Bəs, bu problemlər nədən yaranır? Ailələrdə uşaq sayı azdır, üstəlik ailədaxili münasibətlər, narahatlıqlar olur. Bəzən həmin insanlar cəmiyyətlə ayaqlaşa bilmirlər. Onlar vəziyyətləri özlərinə uyğun formalaşdırmaq istəyirlər. 
Valideynlər maariflənməlidir. Onlar uşaqla necə ünsiyyət qurmağı müəyyən etməlidirlər. Hərənin əlində bir telefon, heç kəs uşaqla ünsiyyətdə olmur. Valideynlər uşağının kimlə oturub-durmasına diqqət etməlidir. Bununla əlaqədar dövlətdə milli strategiya hazırlanmalıdır, məktəb və uşaq bağcalarında maarifləndirmə aparılmalıdır."

Sosioloq Əhməd Qəşəmoğlu intiharı uşaqların davranışında baş verən xoşagəlməz hadisə kimi qiymətləndirib: "Bu sahədə problem var. Cəmiyyətdə gedən proseslərə diqqət yetirmək lazımdır. Sosioloq uşaqları intihara sürükləyən üç başlıca amili sadalayıb:

1.Cəmiyyətin özü, gedən proseslər, uşaqların yaşadığı şərait intihar üçün güclü faktordur
2.Uşaqların aldığı informasiya
3.Uşaqların üstünlük verdiyi dəyərlər 

Sosioloq Əhməd Qəşəmoğlunun sözlərinə görə, intihar psixoloji pozulma halı kimi qiymətləndirilməlidir: "Məktəblərdə uşaqlara qarşı diqqətli olmalıyıq. Çünki uşaqlarda psixoloji gərginliyin baş verməsinə səbəb olan faktorların sayı əvvəlki illərlə müqayisədə günbəgün artıb. Yeni nəslin formalaşmasında ailə, məktəb rol oynayır. Əvvəllər gərginlik yox idi. Bu gün isə cəmiyyət gərginlikə əhatələnib. İntiharın qarşısının alınması birbaşa həm də məktəblərin, təhsil işçilərinin üzərinə düşür. Məktəblərdə şərait elə yaradılmalıdır ki, onları bu arzuolunmaz hadisələrdən uzaq edə bilək. Valideynlər uşaqları ilə necə rəftar edir, hansı problemləri var, bu uşaqlar hansı informasiyalar alır və s. mövzusunda maariflənmə aparılmalıdır. Əgər bir uşaqda sabaha inam yoxdursa, xoşagəlməz dəyərlər formalaşıbsa, onların qarşısı alınmalıdır".

Sumqayıt şəhər Cümə Məscidinin axundu hacı Rauf Sərdarovun sözlərinə görə, ilahiyyatçılarla psixoloqlar arasında körpü qurulsa, intihar hadisələrin qarşısı alınar: 
"İntihar ciddi problemdir. Bu həyacan təbili çoxdan çalınmalıdır. Məsələnin kökündə bununla bağlı maariflənmənin zəif olması, bəlkə də heç olmaması dayanır. Dünyada "intihara qarşı mübarizə günü" var və bu hər il qeyd edilir. Bu gün insanlarda ümidsizlik daha çoxdur. İnsanların işi alınmayanda, haradasa problemlə üzləşəndə həyata yalnış baxışları yaranır. Gərək daima fikirləşəsən ki, bu dünya kimi, o dünya da var. Dinimiz deyir ki, ən böyük günahlardan biri insanın ümidsizliyidir. Bəs buna səbəb nədir? İnsan deyir ki, mənim artıq bu dünya ilə vəzifəm bitdi. Allah Quranda buyurur ki, cana qəsd eləmək olmaz. O, Allahın insana əmanətidir. Əgər Allah o cana qıymırsa, insanın buna ixtiyarı yoxdur. Bu Allahın verdiyi cana xəyanətdir. Məktəblərdə bunun təbliğatı aparılmalıdır".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/491629.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR