Beynəlxalq sənədin qəbulunda Azərbaycanın təcrübəsi nəzərə alınıb

Beynəlxalq sənədin qəbulunda Azərbaycanın təcrübəsi nəzərə alınıb
19:22 21 Noyabr 2016
30 Ölkə
Ölkə mətbuatı
A- A+

Noyabrın 17-18-də Fransanın Strasburq şəhərində Avropa Şurası nəzdində fəaliyyət göstərən Avropa Prokurorlarının Məşvərətçi Şurasının 11-ci plenar iclası keçirilib.

Milli.Az bildirir ki, Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iclasda 2015-ci ilin noyabr ayından ötən bir il ərzində müxtəlif beynəlxalq tədbirlərdə qurumun fəaliyyətinin işıqlandırılmasına nəzər yetirilib.

2006-cı ildən bu günədək Məşvərət Şurasının qəbul etdiyi 10 rəyinin Avropa Şurasına üzv dövlətlərin rəsmi dillərinə tərcümə edilməsi məsələsi müzakirə edilib.

Plenar iclasda Şuranın sayca 11-ci Rəyi müzakirə olunaraq bəzi müddəalar üzrə ölkəmizin müsbət təcrübəsi nəzərə alınmaqla qəbul edilib.

"Xüsusilə terrorizm və mütəşəkkil cinayətkarlıqla mübarizə çağırışlarında prokurorların işinin keyfiyyəti və səmərəliliyi" adlanan sənəddə prokurorların ümumi fəaliyyəti, hüquqi çərçivə və milli təcrübə, insan qaynaqlarının idarəolunması, o cümlədən prokurorların işə qəbulu, vəzifədə irəli çəkilmə və ixtisasartırma məsələləri, prokurorluq orqanlarında işin təşkili, vəzifə bölgüsü, prokurorların fəaliyyətinin qiymətləndirilməsi, etik qaydalar, obyektivlik və qərəzsizlik, məlumat mübadiləsi və əməkdaşlıq, terrorizm və mütəşəkkil cinayətkarlıqla mübarizədə prokurorların fəaliyyətinin keyfiyyəti və səmərəliliyi və sair məsələlər öz əksini tapıb.

Baş Prokurorluğun Beynəlxalq əlaqələr idarəsinin rəisi, ölkəmizin Məşvərətçi Şuradakı nümayəndəsi Erkin Əlixanov sənədin müzakirəsi zamanı Azərbaycanın prokurorluq orqanlarında aparılmış geniş institusional islahatlar, o cümlədən beynəlxalq əməkdaşlıq, kadr siyasəti, qəbul edilmiş normativ hüquqi aktlar, Baş Prokurorluq üzrə müxtəlif sahəvi əmrlər, prokurorluq işçilərinin etik davranış kodeksi barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.

Şuranın prezidenti Sedrik de Bokarmenin səlahiyyət müddəti bitdiyindən Piter MakKormik (İrlandiya) növbəti 1 il müddətinə Məşvərətçi Şuranın prezidenti, Xose Manuel Santos Pais (Portuqaliya) isə vitse-prezidenti seçilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/491684.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR