Azərbaycanda dolların məzənnəsi tədiyyə balansı profisitə keçənədək davam edəcək

Azərbaycanda dolların məzənnəsi tədiyyə balansı profisitə keçənədək davam edəcək
19:52 21 Noyabr 2016
905 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 21 noyabr. REPORT.AZ/ Azərbaycanda dolların məzənnəsinin sabitləşməsi ölkənin tədiyyə balansında hazırda mövcud olan kəsirin profisitə keçməsi ilə mümkün olacaq. 
"Report"un analitik qrupu bildirir ki, 2016-cı ilin 6 ayı ərzində Azərbaycanın tədiyyə balansı 1,253 mlrd. ABŞ dolları kəsirlə tamamlanıb. İlin sonuna qədər tədiyyə balansı kəsirinin 2-2,5 mlrd. dollar təşkil etməsi gözlənilir. Bu proqnoz neftin indiki qiyməti, yəni 45 dollar/barel həddi nəzərə alınaraq verilib. Bu vəziyyətdə dolların məzənnəsinin yumşaq devalvasiyasının 2017-ci ildə də davam etməsi və təqribən 2 AZN/USD-ə çatması ehtimal olunur. Belə bir məzənnə Azərbaycana imkan verəcək ki, tədiyyə balansında yaranmış kəsiri aradan qaldırsın. Buna həmçinin Azərbaycan Mərkəzi Bankının (AMB) sərt monetar siyasəti də dəstək verəcək. Belə ki, AMB-nin depozit hərracları, uçot dərəcəsinin 15%-ə qədər artırılması manat kütləsinin azalmasına, bu da öz növbəsində iqtisadi aktivliyin yavaşlamasına gətirib çıxaracaq. Nəticədə idxal azalaraq tədiyyə balansının profisitinə nail olmaq mümkün olacaq.
Lakin bu prosesin ciddi iqtisadi fəsadları var. Belə ki, Azərbaycan iqtisadiyyatının hazırda böyük ölçüdə idxaldan asılılığı davam edir. İlin 9 ayında idxalın həcmi keçən ilin analoji dövrü ilə müqayisədə cəmi 390 mln. ABŞ dolları və ya 5,8% azalıb. Manatın məzənnəsinin bu dövr ərzində 60% ucuzlaşmasına baxmayaraq, idxal bir o qədər də azalmayıb. İlin sonuna idxalın 8-8,5 mlrd. dollar olması proqnozlaşdırılır.
AMB-nin atdığı addımlar səmərəli olarsa, 2017-ci ildə idxalın azalması bir qədər də sürətlənəcək. Belə ki, 2016-cı ildə idxalın azalmaması əsasən əhalinin neftin baha olduğu son 10 ildə yığımları hesabına həyata keçib. Gələn ildə idxalın 2-2,5 mlrd. dollar azalması neftin indiki qiymətində tədiyyə balansının tarazlanmasına gətirib çıxarar. Amma bu, iqtisadi aktivliyi ciddi surətdə azaldacaq. Pərakəndə satış, daha sonra xidmətlər sektoru zəncirvari olaraq yavaşlama göstərəcək. Nəticədə iqtisadi artım daha çox düşəcək. Bu, ilk görünüşdə valyuta ehtiyatlarının qorunmasına gətirib çıxarsa da, daha sonra vergi və rüsumlardan yığımların azalması fonunda ARDNF-in büdcəyə transferlərini artırmağa məcbur edəcək. Yekunda yenə də valyuta ehtiyatları azalmağa başlayacaq. Neftin qiyməti ucuzlaşarsa, proses daha da sürətlənə bilər. 

Xəbərin orijinal ünvanı: https://report.az/analitika/azerbaycanda-dollarin-mezennesi-tediyye-balansi-profisite-kecenedek-davam-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR