Lilit Gevorkyan: "Ermənistan uduzub!"

Lilit Gevorkyan: "Ermənistan uduzub!"
20:27 21 Noyabr 2016
156 Ölkə
Ölkə mətbuatı
A- A+

"Ermənistan Dağlıq Qarabağa sahib olmaq, enerji daşıyıcılarına olan qiymətlərin endirilməsi də daxil olmaqla iqtisadi faydalar əldə etmək, iqtisadiyyata iri investisiyalar cəlb etmək məqsədilə Rusiyadan könüllü surətdə tam asılılığı qəbul edib. Və uduzub!

Musavat.com haqqin.az-a istinadən bildirir ki, Londonun Jane`s İntelligence mərkəzinin analitik mərkəzinin müdafiə və təhlükəsizlik məsələləri üzrə eksperti Lilit Gevorkyan belə hesab edir.

Gevorkyanın fikrincə, Rusiya və İranla münasibətləri inkişaf etdirərək özünü etibarlı partnyor kimi təsdiq edən Azərbaycandan fərqli olaraq Ermənistan Rusiyanın regionda yeganə siyasi strateji missiyası roluna iddia edə bilməz.

"Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesinin davam etdiyi müddətcə Azərbaycan müharibə təhdidindən effektiv şəkildə istifadə edəcək. Belə bir situasiyada İrəvan zəif və təcrid olunmuş dövlət olaraq qalacaq. Moskva Ermənistanın hesabına Azərbaycanla münasibətlərində öz mövqelərini gücləndirir", - Gevorkyan qeyd edib.

Ermənistan apardığı xarici siyasətlə, çətin ki, Qərbdən dəstək gözləyə bilsin. "Rusiyanın strateji müttəfiqi olan, bütün hakimiyyətin, dövlət sisteminin və müxalifətin Avrasiya inteqrasiyasına üstünlük verdiyi bir dövlətə Qərbin kömək göstərəcəyini təsəvvür etmək çətindir. Faktiki olaraq Ermənistanın dünyada heç bir müttəfiqi yoxdur", - politoloq bildirib.

Azərbaycanın indiki vəziyyətini təhlil edən Gevorkyan neft qiymətlərinin düşməsinə rəğmən onun hələ də Qərbin strateji partnyoru olaraq qaldığına diqqəti cəlb edib: "Azərbaycan dünya enerji bazarının konyunkturasından istifadə edərək öz mövqelərini gücləndirib. Bu təsadüf olmayıb, məhz Azərbaycan hakimiyyətinin davamlı və balanlaşdırılmış xarici siyasətinin nəticəsidir", - politoloq bildirib.

Erməni politoloqun fikrincə, öz dövlət siyasətini Rusiya ilə bağlayan, Rusiyanın satelliti olmağa razılıq verən Ermənistanın da artan təcridi təsadüf sayıla bilməz.

"Təbii ki, Ermənistanın bölgədəki belə mövqeyi onun digər ölkələr qarşısında iqtisadi cazibəsinin itməsinə səbəb olub. Azərbaycandan fərqli olaraq Ermənistan Rusiya biznesi üçün cəzbedici sayılmır. Rusiyanın yeganə məqsədi isə Ermənistanda öz strateji obyektlərini qoruyub saxlamaqdan ibarətdir. Bu faktorlardan istifadə edərək Bakı uduşlu xarici siyasət aparır", - politoloq qət edib.

"Rusiya Qarabağ münaqişəsinin nizamlanması məsələsində baş rol oynamağa, əsas "sülhpərvər" rolunu saxlamağa cəhd edəcək. Belə bir situasiyada müharibə riski olduqca yüksəkdir";

"Müharibənin yenidən başlanması təqdirində ermənilər uduzacaqlar. Rusiya ilə hərbi inteqrasiya isə gələcəkdə Dağlıq Qarabağ üzərində nəzarəti qoruyub saxlamağı təmin etmir";

"Prezident İlham Əliyev aprel döyüşlərindən sonra öz siyasi mövqelərini ciddi surətdə möhkəmləndirib. Çünki o, müəyyən əraziləri geri qaytaran ilk prezidentdir. O, Azərbaycan ordusunun son illərdə modernləşdirilməsi ilə bağlı aparılan siyasətin effektivliyini nümayiş etdirərək erməni ordusunun məğlubedilməz olmadığını sübut etdi", - Gevorkyan qeyd edib.

"Ermənistan tərəfi bu cür xarici siyasət yürütdüyü müddətcə müharibə və böyük itkilər təhlükəsi hər zaman qalacaq. Ermənistan iqtisadi və hərbi inteqrasiya prosesini bitirməyi planlaşdıran Rusiyanın strateji müttəfiqi olmaqda davam edir. Lakin Moskvanın planlarında Dağlıq Qarabağa yer yoxdur", - Lilit Gevorkyan yekun olaraq öz fikrini bildirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/491695.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR